manera.az
manera.az

Necə sevim ki, unudasan məni... - Yeni şeirlər

📅 04.03.2022 07:59

Necə sevim ki, unudasan məni... - Yeni şeirlər
Eldar İsmayıloğlu

***
Bu yaz da qonmadı qaranquşlar,
həmişə payız adamların yorulmuş kirpiklərinə.
Ovunmadı su çilənən ləpirlərimiz.
Eh... Buludların qəmli çağında sevdalar çökər çiyninə.

Dualar yanırsa dodaqlar arasında
demək,
minarələrin üstündən göyərçin öpüşləri tökülür
ayaqların xəyanətinə...
İçinizin qanını yuyun adamlar,
bir azdan qurban kəsdiklərinizin
donmuş gözlərini gəmirəcək unutduğunuz fəsillər.

Çünki Hər ağac torpaqçün bir ah,
hər dua əkilən bir ağac,
hər yuva duadan qopub düşən ah...
öp gözünün üstünə qoy bütün öpüşləri,
Qoy, əsmər bir gecənin qanını yusun şam işığı.


***
Durnalar köçür köhnə kitablardan,
Eşqlər könülsüz yarpaqlardan.
Bu sabah günəş də gecikir təbəssümü oğurlanan pəncərələrə...
...bu zəhrimar havada
Allahın evində dualar soyuq,
sulu qar təkidi baxışlar.
Açılan ovuclar
köhnə vaxtı daşıyan çiyinlər təki əyilir.
Yarımçıq talelər, ümidlərini qızdırır payızın yuxulu təbəssümündə...
ovcumdakı balıqlara pıçıltıyla yol göstərir kəpənəklər.
Yarımçıq tablolar, asılı qalıb ayağımın altındakı sabahlardan...
Sevdalım, daha sular da yorulub bulandı akvariumda.
Aç pəncərəni, çatmaq olmur qayıqların kölgəsinə...


***
Ağaclar çiçək-çiçək sevişər,
Çiçəklər kəpənək-kəpənək öpüşər.
Adamlarsa,
göz-göz ötüşdükcə, tüpürcək təki qopur təbiətin içindən...
Hamı xəbər tutunca, ölər sevgilər.
Ayrılıq təbiətsizlikdi çünki...
Quşlar da, böcəklər də, balıqlar da, danışmazlar ki ayrılıqları...
Ağaclar bir-biriylə çiçək-çiçək sevişəndə Tanrı sevindi.
Adamlarsa sevişəndə fahişə adlandı...
Biz hamı olanda təbiət olmadıq,
Mənsə, sənin təbiətini sevmişdim.
Demə, bütün yuvalar sevdaları yandırmaqmış.
Bütün sevgilərsə ölümləri ovutmaq.
Quşlar da, böcəklər də, balıqlar da atasız böyüyər, pərvazlanar...
Atalı böyüyən vətən olur, güzgülərin ayıblarını örtməyə...
Sevdalım, necə ovudarsan məni.
Necə sevim ki, unudasan məni...
Daha yoruldum göy üzünə su çiləməkdən.

MANERA.AZ


Baxış sayı - 760 | Yüklənmə tarixi: 04.03.2022 07:59
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031