Xalq rəssamının Aşıq Ələsgərə həsr olunan sərgisi açılacaq
Noyabrın 24-də Bakı Xətai Sənət Mərkəzində Xalq rəssamı Arif Hüseynovun aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illiyinə həsr edilmiş “Azərbaycan aşıq sənəti” adlı bədii sərgisi açılacaq.
Manera.az xəbər verir ki, Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq açılacaq sərgi Milli Məclisin Mədəniyyət komitəsi, Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı və Bakı Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşacaq.
Sərgi ilə bağlı hazırlanmış kataloqda Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev “Aşıq sənətimiz rənglərin işığında” sərlövhəli yazısında qeyd edib ki, Xalq rəssamı, professor Arif Hüseynovun “Azərbaycan aşıq sənəti” silsiləsini həm də onun bu vaxta qədər incəsənət tariximizdə “ağ ləkə” kimi görünən saz-söz sənəti tarixinə vətəndaş mövqeyinin ifadəsi saymaq olar. “Əvvəllər də rəssam aşıq sənətinin bədiiləşdirilməsinə maraq göstərib, amma bu epizodik xarakter daşıyıb. Azərbaycan Prezidenti İlham Əliyevin “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamından sonra Arif Hüseynovun xalqımızın qopuzlu dünyasına müraciəti davamlı və daha əhatəli olmuşdur. Elə onun ictimailəşdirməyə qərar verdiyi otuza qədər əsər də bunun ifadəsidir...Özündə ənənə ilə müasirliyin qovşağını yaşadan bu lövhələrin hər birində müşahidə olunan vətənpərvərlik ruhunda rəssamın Azərbaycanımıza - onun əvəzolunmaz mənəvi dəyəri olan saza - aşıq sənətinə nəhayətsiz sevgi və ehtiramı duyulmaqdadır”.