Könül oyan dünyadı bu - Şeirlər
İttifaq MİRZƏBƏYLİ
...Vəssalam
Gəldi çatdı altmış ilin hesabı -
Qazanc nədir? Xoşəhvalam, vəssalam.
Xoş əhval da aşan dağı dikəltmir,
Çökür qəsrim, uçur qalam, vəssalam.
Ulduz yanında hilalam, haləli
Möminə əl uzatdım, piyaləli.
Dərdsiz üçün ney səsiyəm, naləli,
Dərdli üçün tar-qavalam, vəssalam.
Ətrafımda görən yoxdu tüstümü,
Hər baharda xəzan örtdü üstümü.
Duzlu kabab məst edəndə dostumu
Mən gəzirdim duzlu kəlam, vəssalam.
Əl atıram, dərya olur bir qaşıq,
Qollarımda qandalımdır sarmaşıq.
Yollarımda kimsə yandırır işıq,
Qoymayır ki, darda qalam. Vəssalam!
Fevral, 2013-cü il.
Bağışla İlahi...
Bulaq aradım, İlahi,
Neynirəm seli?.. Bağışla.
Yarı məndən gizlədirsə,
Sevmirəm teli, bağışla.
Qan yaradan söz özüməm,
Suçlu dərə, düz özüməm.
Ocaq çatdım, köz özüməm -
Söndümsə, külü bağışla.
Yazma dövlət-varı mənə,
Bəsdi bircə darı mənə.
Kim yazdı ah-zarı mənə?
Tanrım, o əli bağışla.
1987-ci il, Qutqaşen.
Kim oxudu Hisarı?
Hardan doğdu həsrət dolu bu nəğmə?
Hardan gəldi qulağıma sızıltı?
Kim dağıtdı sinəmdəki baharı,
Kim qəsd etdi çiçəklərə,
Kim oxudu Hisarı?
Dərdli kaman niyə mağmın, fağırdı?
Tar inləyib kimi dada çağırdı?
Yanan gördüm nə kamanı, nə tarı,
Özüm yandım!
Kim oxudu Hisarı?
Yazıq ana qız böyütdü - aypara,
Demədi ki, Arpaçayı apara.
Üzün tutub daşqın sarı, sel sarı,
Kim ağladı, kim qarğadı,
Kim oxudu Hisarı?
Yanıq Kərəm yandı getdi ahıyla,
Xan Əsli cəng etmədi Allahıyla .
Belə yanıq sayalanmaz, sağalmaz,
Ha məlhəm qoy, ha dərman et, ha sarı,
Kim düşündü, kim yaratdı,
Kim oxudu Hisarı?
Kim kəsdirdi qollarını Babəkin?
Nəsimini soyduranın babası.
Qaranlığı kim gətirdi yurduma -
"Ocaq" yazan ocaqsızın "sobası".
Dur Babəkim, qalx Koroğlum,
Viran oldu elin bəndi, hasarı,
Kim oxudu, kim oxudu, kim oxudu Hisarı?
Bakı, 1988-ci il
Dünya bazar meydanıdır
Dünya bazar meydanıdır,
Mən də itmiş bir uşaq.
Gözümdə dünya boydadır,
Səksəndiyim künc-bucaq.
Soruşurlar, adım nədir,
Haralıyam?
Danışmıram.
Heyrət yüklü gözlərimdən
Yaş da çıxmır bircə qram.
Danışmıram.
Adamlardan -
məni dəli biləni var.
Geyindiyim təlaşımı
Qorxu bilib güləni var.
Danışmıram.
Danışmasam -
Kim biləcək səsim nədir?
Kim biləcək marağım nə,
Bazarda həvəsim nədir?
Danışmıram.
Bu bazarda -
Yoxdu bir nəfər tanışım.
Haray çəkir alverçilər,
Mən necə dinim, danışım?
1996-cı il.
Dəhlizdə əkilmiş bir ağaca
Köhnə iş yerimizdə tavana qədər uzanmış limon ağacı var idi. Hər bahar çiçəkləsə də, səkkiz ildə ondan bar görən olmadı.
Sənin kimi yaşamağa nə varmış,
Sinən külək, üzün çovğun görməyib.
Su həsrəti çəkməmisən bircə yol,
Aclıq dərdi başağrısı verməyib.
Arxayınsan, ərköyünsən, əzizsən,
Dayanmısan dəhlizdə qorxubilməz.
Mənim cavan budağımı kəsirlər,
Sənin bircə yarpağın da üzülməz.
Barın yoxdu, barı kölgən olaydı -
Bu dəhlizdə kölgə kimə gərəkdi?
Qayğısızlar daş-qayada bitirlər,
"Qayğı" səni "taxta yeşikdə" əkdi.
Sənin kimi yaşamağa nə varmış,
Sinən külək, başın çovğun görməyib.
Sənin kimi yaşamaq kimə lazım?
Hələ səndən heç kəs nübar dərməyib.
1996-cı il.
***
Getmirəm...
Aparmayın məni.
Davalı kinolara baxa bilmirəm.
O kinolar mənlik deyil -
Hər pərdədə bir atəşə, oda düşüb
Yanmadan çıxa bilmirəm.
Göstərməyin, tanıtmayın mənə
Reyxstaqa girmiş,
Berlini dağıtmış oğulları.
Dünyaya gəldiyim gündən
Gözlərimin önündədir
Atamın müharibə yazılmış
Yanıq qolları.
1976.
O yan, bu yan dünyadı bu
Səxavət Məmmədovun könül oyan
"Segah"ından sonra
Çox da oyma könlümüzü,
Könül oyan dünyadı bu.
Namərdləri bəzəndirib,
mərdi soyan dünyadı bu.
İl tozudur, ay qalığı,
Həftələr də ustalığı.
Dəryadan çıxan balığı
Arxda yuyan dünyadı bu.
Çox da uyma daş-divara,
Xidmət eylə dosta-yara.
Gör nə qədər sənətkara
ölüm qıyan dünyadı bu.
İttifaqam, gözüm dolub,
Ürəyimdə sözüm dolub.
Qardaşına hiylə olub
Dosta uyan dünyadı bu,
O yan, bu yan dünyadı bu.
1988-ci il.
Mən də sevdim o gözəli...
Qırğızıstanlı jurnalist,
səfər yoldaşımız
Şirin xanıma
Sanki Manas nəğməsidi,
Sözdü, görünür qız kimi.
Gözlərim oğruluq etdi,
Arsız kimi, xırsız kimi.
Sözlərini avaz edir,
Xəzan ömrümü yaz edir.
Hər teli bir cür naz edir,
Ətrafında qırx qız kimi.
Dumduru bir türk soyudur,
Danışdırsan, dərd soyudur.
Boyu qərənfil boyudur,
Barmaqları yarpız kimi.
Belə güllər sola bilməz,
Xara, sara qala bilməz.
Pamir dağı ola bilməz
Bizim Murov, Qırxqız kimi.
Gözlər andırır qəzəli,
Baxanda ruhlar təzəli.
Mən də sevdim o gözəli,
Qız kimi yox, qırğız kimi.
Dekabr, 2013-cü il, Ər- Riyad.
MANERA.AZ