manera.az
manera.az

Əsən xəzan yelləri pıçıldayır adını - Şeirlər

Əsən xəzan yelləri pıçıldayır adını - Şeirlər
...Tapdıq Yolçu yazmağı peşəyə çevirməyib, yalnız könlünə SÖZ düşəndə yazır. . “Şeir məndə qəfil yaranır. Təsirləndiyim hər hansı bir nədəndən sonra bulud kimi dolub-boşalıram. Həmin “dolub-boşalma” əməliyyatı hər dəfə fərqli də ola bilir, belə ki, eyni sürəc gah bir neçə dəqiqə, gah bir neçə saat, gah da bir neçə gün sürə bilir…” – deyir.
Belə olmasaydı, az qala, qırx illik yaradıcılıq müddətində cəmi iki kitabla kifayətlənməzdi…
Amma poeziyada iddiasını da gizlətmək fikrində deyil...
İddiasısa SÖZə layiq olamaq, insanın könlünü tərpədən şeirlər yazmaqdı…
Tapdıq Yolçu yəqin ki, bundan sonra da taleyinə düşən ömrü yaşayacaq, yaşam qayğıları və SÖZ arasında vurnuxa-vurnuxa qalacaq…

Nəriman Əbdülrəhmanlı

VƏTƏN

Meydanlarda
bəzək üçün,
Yol-yolaqda
düzək üçün,
Dirəklərə
bərkidilmiş
parça deyil;
Kafalarda,
ürəklərdə
Ucalan Bayraqdı -
Vətən!

BÖYÜYÜNDÜ YOL, – DEDİLƏR

Bir vaxt yola almadılar,
Alıb, yola salmadılar.
Yolumu yol saymadılar,
Böyüyündü yol, - dedilər.

Yay gözlədim, oxa qaldım,
“Dayan, gözlə, bax”a qaldım.
Yola çıxa-çıxa qaldım,
Böyüyündü yol, - dedilər.

Haqq-sayını itirmədim,
Yoldan yola ötürmədim,
Yolda qoydum, götürmədim,
Böyüyündü yol, - dedilər.

...Böyüdüm, yol vermədilər...

BU SÖZLƏR YENƏ DƏ TƏNTİDİB MƏNİ...

Bu sözlər yenə də təntidib məni,
Dolub ürəyimə bu sözlər yenə.
Gərək hulqumumu boşaldam bir az,
Məni düzdə qoya bu “düzlər” yenə.

Atın at haqqını alıb əlindən,
Atıblar yenə də it qabağına.
O haqq yeyənləri, inadım deyir, –
Al dişin altına, qat qabağına.

Susur bu düz yeri düz yerə Qoyan,
Buludlar tutubdu gün üzünü də.
Qılınc həsrətimi çəkir sağ başım,
Kimdi məndən uman – dur, sözünü de?!

BAHAR GƏLDİ...

Bahar gəldi, deyirlər,
Görən, bizə gəldimi?
Gəldi çölə-çəmənə,
Dağa-düzə gəldimi?

Tək mənəmmi izləyən,
Şəninə xoş söz deyən.
İllərdi yol gözləyən,
Həsrət gözə gəldimi?

Bəxt üzümə gülməyib,
Günümü güldürməyib.
Baxdım – bizə gəlməyib,
Gözəl, sizə gəldimi?

NİYƏ ÖLDÜN...

Yenə yağışılar tutub,
Yerin altı-üstünü.
İslanarsan, ay ana,
Gəlim, örtüm üstünü?!

Qaçıb daldalanmağa,
Bizim yerimiz çoxdu.
De, orda sən getməyə,
Bir quru yermi yoxdu?!

Neynim, yağış baxmayır,
Ah-vayıma, yaşıma.
Ana, niyə öldün ki,
Nəydi, açdın başıma?!

GETDİ

Mən də uça biləydim,
Durnalar gedən yerə.
T. YOLÇU

Bu gün də mənsiz ora,
Durnalar uçdu, getdi.
Adam deyil, inciyəm,
Durnalar – quşdu, getdi.

Yola çıxdım, gözlədim,
Yeri-göyü izlədim.
Nəyə ümid bəslədim, –
Nahaqdı, puçdu, getdi.

Yolçunu yol almadı,
Alıb, yola salmadı.
Bu da oyun, qurmadı,
Karvandı, köçdü, getdi...

GƏLƏ UZAQLAR

Yaxın gəlmir yaxınlar,
Barı gələ uzaqlar.
Gəlməsə də hamısı,
Yarı gələ uzaqlar.

Sabah, ya axşam ola,
Oxşaya, oxşam ola,
Ağ başım ağ şam olar,
Bəri gələ uzaqlar.

Yolçudan küsüb gedən,
Yolda yol ölçüb gedən,
Bu yerdən köçüb gedən,
Geri gələ uzaqlar.

BAĞIŞLA MƏNI

Gəlib səni görmədim
Dağda, bağışla məni.
Sözümü xatirində,
Saxla, bağışla məni.

Üz qara, başım ağdı,
Ölmürəm də - nə çağdı!
Dağın bir sinə dağdı,
Dağla, bağışla məni.

Gəlmədim... yol daralıb,
Həsrət gülür - sar olub!
Mənim gözüm kor olub,
Ağla, bağışla məni.

BAĞIŞLA

Səni də islatdımı,
Bura yağan yağışlar?
Sənə çətir olmadım,
Olammadım...
Bağışla.

Səni yordu, üzdümü,
Qurdlu, quduz baxışlar?
Sənə sipər olmadım,
Olammadım...
Bağışla.

Dağladımı dağ səni,
Yordumu yal-yoxuşlar?
Sənə dayaq olmadım,
Olammadım...
Bağışla.

Əl-qolumu bağladı,
Gülüm, oğul-uşaqlar.
Mək tək sənin olmadım,
Olammadım...
Bağışla.

SƏN GƏLMİRSƏN YANIMA...

Sən gəlmirsən yanıma,
Sənin həsrətin gəlir.
Tanışların dilində,
Sözün-söhbətin gəlir.

Gözüm düşüb yollara,
Gəzir doğma, yadını.
Əsən xəzan yelləri,
Pıçıldayır adını.

Sən gedən bir ömürdə,
Neçə gün axşam olub.
İşıq salıb izinə,
Bu başım ağ şam olub.

Səbir yerim quruyur,
İl ildən çətin gəlir.
Sən gəlmirsən yanıma,
Sənin həsrətin gəlir...

SİZƏ

Neçə xəbər yolladım,
Gəldimi, gülüm, sizə?
Səndən cavab gəlmədi,
Gəlmədi, gəlim sizə.

Yollarımı açmadın,
Qanadlanıb uçmadım.
Hayım hara çatmadı...
Çatmadı halım sizə?

Yolçu nə günlər çəkir,
Günü gün-gündən çökür.
Gözüm gözündən tökür,
Dil deyir dilim sizə.

ANAMA DEDİM...

Anama dedim: -
Getmə!
Getdi...
Anasının,
bir də
Anası ölən gündən
Onu öz körpəsi tək
böyütmüş,
Anası qədər sevdiyi
Bacısının yanına.

Anama dedim: -
Getmə!
Getdi...
Tərk etdi
mən uşağı.
Heç dönüb baxmadı da,
Qaldım harda,
qaldım necə,
qaldım başı aşağı...

Anama dedim: -
Getmə!
Getdi...
Anamsız qalmış
O torpağın yanına,
O torpaqda uyuyan
Anaların yanına...

MƏNDƏN OLSA...

Məndən olsa,
Çoxdan, lap çoxdan
Çıxıb gedərdim
bu dünyadan.

Asan bir iş deyil,
Bəsit və
hər şeydən kasad
Bir uzun, lap uzun
Ömür yaşamaq.

Məndən olsa,
Çoxdan, lap çoxdan
ayrılıb gedərdim
bu boz insan axınından.

Gedərdim...
Mələklərin hər addımda
İnsanın ağlını
Başdan almayan
Şərab payladığı
Söylənən və sevilən
O bir cənnət məkana!

Məndən olsa,
Gedərdim...
Burda qoyub,
Gedəmmirəm,
həsrət, hicran, dərdini!
Söylə, gülüm,
Bu dünyaya mənim kimi,
Sənə bir qul gəldimi?!

Məndən olsa,
Çoxdan, lap çoxdan
Çıxıb gedərdim.
Di gəl ki, bilmirəm -
Hara gedim,
necə gedim?!
Axı, mən şərab içmək
kef-əyyam çəkmək
üçün yaranmadım ki!

Getsəm,
Gərək orda da mən,
dərd çəkəm, qəm götürəm.

Məndən olsa...
Sorğum didir içimi.
...Sən də orda olsaydın,
Bilərdim öz işimi...

BU YAY...

Yay yanımı yandırır,
Üşüdür əllərimi.
Yer-yemə can verən gün,
Soldurur güllərimi.

Eh, mən qışdan qaçırdım,
Axtarırdım bu yayı;
Yenə buzu ərimir,
Donur başımın qarı.

Bu yay məni tanımır,
Desəm də ad-sanımı.
Yanımı yandıran gün,
Qızdırmayır canımı...

QƏRİB ŞƏHƏR

Sən bəyənib gəlmədin,
Gəlmədi qərib şəhər.
Mən hardayam - bilmədin,
Bilmədi qərib şəhər.

Səni görüb uçmadı,
Qolum qanad açmadı.
Sinəmdə od, saçmadı,
Güllədi qərib şəhər.

Mən bir dərya, düz, çöldüm,
Yandım, dondum, güz gördüm.
Sənli günlərsiz öldüm,
Ölmədi qərib şəhər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31