manera.az
manera.az

"Ədəbiyyat həyat tərzimdir" - Aytən Cavanşir | MANERA.AZ

"Ədəbiyyat həyat tərzimdir" - Aytən Cavanşir | MANERA.AZ
MANERA.AZ
Bu dəfəki müsahibim gənc yazar Aytən Cavanşirdir.
___________________________________________

– Salam Aytən xanım, necəsiniz?

– Təşəkkür edirəm, yaxşı olasınız.

– Aytən xanım, ilk yazınız kimə həsr olunub? Ədəbiyyata qarşı marağınız necə yaranıb?

– Doğrusu, ilk yazımı xatırlamıram. Özümü tanıyandan azərbaycanca, rusca yazılar yazmışam. İncəsənət – ədəbiyyat həyatımdır, bu maraq deyil, bu həyat tərzimdir, ruhumdur.

– Bildiyimə görə ədəbiyyata şeirlə başlayıb romanla davam etmisiniz. Niyə daha şeir yazmırsınız?

– Uşaqlıqda hekayələrlə yanaşı, əsasən rusca şeirlər yazmışam, lakin poeziya elə uşaqlığımda qalıb. Ədəbiyyata nasir kimi gəlmişəm, bundan sonra da belə olacaq.

– Gənc yazarlarda hansı xüsusiyyətləri bəyənmirsiniz?

– “Bəyənməmək” sözünü sevmirəm. Gənc yazarların hamısına uğurlar arzu edirəm.

– İndiki dövrdə kitabları əsasən adına və üz qabığına görə alırlar. Sizcə, bunun səbəbi nədir?

– Məncə, ciddi oxucu kitabı adına və üz qabığına görə seçmir. Vulqarizmi qəbul etmirəm, amma buna olan meyli təbii qəbul edirəm. “Bozun əlli çaları” əsəri “bestseller”dir, amma o kitabın ədəbiyyata aidiyyati yoxdur, heç vaxt da olmayacaq.

Bununla belə, üz qabığının gözəl olmasını təqdirəlayiq hesab edirəm. Oxucuya hər bir mənada zövqlü məhsul təqdim etmək lazımdır.

– Bəzi oxucular hekayələrinizi Gi de Mopassanın hekayələrinə bənzədir. Bu barədə nə düşünürsünüz?

– Bəziləri romanımda Drayzer ruhunun olduğunu da deyir. Yazanda başqa bir insan oluram, beynim, qələmim yox, ruhum yazır. Nəticəni oxucu görür, mən yazarkən xoşbəxt oluram, çünki həmin an özüm oluram, bütün hisslərim, düşüncələrim yazıya köçürülür. Bu, gözəl hissdir!

– Ədəbiyyatda yeni cərəyan yaranır. “Yumruq” və “Fırtına yazarları” - yeni yaranmış ədəbi birliklər sizcə, nə qədər fəaliyyət göstərəcək, uğur qazanma şansları varmı?

– Ədəbi birliklərin yaranmasına sevinirəm. Uğur qazanmalarını ürəkdən arzulayıram.

– Gənc yazıçılardan kimləri oxuyursuz?

– İmkan düşdükcə hamısını oxumağa çalışıram.

– “Vəkil” romanı və “Ayaqlarım üşüyürdü” kitabınızdan sonra “Pərdələri çəkin” adlı üçüncü kitabınız nəşr olunub. Kitabda nədən bəhs olunur? Kitab haqda bir az məlumat verin, zəhmət olmasa.

– “Pərdələri çəkin” əsl kino və musiqi qaymaqları barədədir. Bu kitabda mənim dilimdən Ennio Morrikone, Marçello Mastroyanni, Federiko Fellini, Odri Hepbern, Anna Manyani, Plasido Dominqo, Müslüm Maqomayev, Alen Delon, Adriano Çelentano, Frenk Sinatra, Mişel Mersye və daha onlarla dahi insanın sevgi və məşəqqət dolu həyat yolları, yaradıcılıqları qələmə alınıb. Bu kitabda əksər Azərbaycan oxucusunun tanımadığı, ancaq tanımalı olduğu adlar da var.
“Pərdələri çəkin” incəsənəti sevən hər bir insanın kitab rəfində olmalıdır. Bu, dilimizdə nəşr edilmiş bu səpgidə olan yeganə kitabdır.
Əsl kino, musiqi, gözəl həyat hekayətləri barədə olan bu kitabı əldə edən oxucu onu təkrar-təkrar vərəqləmək istəyəcək.
Yaxın günlərdə “Pərdələri çəkin”in imza gününü də təşkil edəcəyik.

– Bir çox yazarlar “niyə yazırsınız?” sualına ya “hisslərimi gizlətməmək üçün” ya da “məşhur olmaq üçün” cavablarını verirlər. Bəs siz bu sualı necə cavablandırarsınız?

– Mənim üçün yazmaq yaşamaq, sevmək, min kərə ölüb, min kərə dirilmək deməkdir. Qəribə səslənə bilər, lakin bu bir tələbatdır, bunsuz mümkün deyil.

– Gənc yazıçılara məsləhətiniz nədir?

– Ümumiyyətlə, incəsənətin hər sahəsinə qədəm qoyanlara qalmaqaldan, söz-söhbətdən uzaq durmağı və əsl ədəbiyyatla – incəsənətlə məşğul olmağı tövsiyə edirəm. Kimisə tənqid etməyə vaxt sərf etməsinlər, digərlərinin uğurlarına sevinsinlər. Öz üzərlərində çalışsınlar, öz arzularına doğru getsinlər, bu, ən doğru yoldur. Qalmaqal, atmaca və bu tip şeylərlə əsl ədəbiyyatın bir parçası olmaq mümkün deyil. Bunu tarix də sübut edir.

– Vaxtınızı ayırdığınız üçün təşəkkür edirəm. Yeni uğurlarınızı görmək diləyi ilə.. Sağ olun.

– Mən də təşəkkür edirəm.



KAMAL AKEN
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031