manera.az
manera.az

“Ədəbiyyat lotuluq yeri deyil” – Azad Qaradərəli | MANERA.AZ

“Ədəbiyyat lotuluq yeri deyil” – Azad Qaradərəli | MANERA.AZ
MANERA.AZ-ın bu dəfəki müsahibi yazıçı Azad Qaradərəlidir.

- Azad müəllim, ədəbiyyatda özündən əvvəlki nəsilləri bəyənməmək tendesiyasına qarşı fikirləriniz necədir?

-Bu normal bir şeydir. Amma mexaniki inkar deyil, ağıllı inkardan söhbət gedə bilər. Yəni, hər bir gənc yazar ilk mərhələdə özündən əvvəlkiləri oxumalı, dərk etməli və onların fövqündə yüksəlməyi bacarmalıdır. (Burda söhbət təkcə milli ədəbiyyatlardan getmir, dünya miqyasında danışıram.) Vaxt ötdükcə gənc yazar oxuduğu həmin yazarların yazılarındakı zəif, yaxud bayağı yerləri görür, münasibətini bildirir. Dünya ədəbiyyatında, eləcə də bizim ədəbiyyatda da belə nümunələr var. İki nümunə gətirim: Tolstoy Şekspirin dramlarındakı bəzi mistik səhnələri oxuyub qəzəblə “çepuxa!” yazmışdı. Yaxud Füzuliyə Axundovun münasibəti... Bu elmi münasibətdir, ağıllı münasibətdir. Bir də var Məşədi İbad münasibəti, lotu münasibəti. Ədəbiyyat lotuluq yeri deyil, burda elmi düşüncə ilə bədii düşüncə vəhdətdə olmalıdır.

- Sizcə gənc yazarların özlərindən əvvəlki yazarlarla bağlı sərt tənqidi fikirləri gündəmə gəlməkdən ötrüdü, yoxsa həqiqətən indiki gənc yazarlar daha yaxşı yazır?

-Məncə, hər ikisi var. Birinci sualda bunun cavabını vermişdim. Təəssüf ki, birinci səbəb daha çoxdur. Amma mən istərdim ki, onlar həmin bəyənmədikləri yazıçıların əsərlərini oxuyaydılar, saf-çürük edəydilər və niyə bəyənmədiklərini əsaslandıraydılar. Məsələn, mən bu düşüncədəyəm ki, 60-cılar nəsli Sovet vaxtı maraqlı və nisbətən cəsarətli yazılar yazsalar da, müstəqillik dövründə bunu edə bilmədilər. Sanki gözəgörünməz qüvvə onların gücünü, qüdrətini əllərindən aldı. Qorxaq və müti yazara çevrildilər... O ki qaldı gənc yazarların daha yaxşı yazıb yazmamağına, onların bir çoxu həqiqətən yaxşı yazırlar və ya yazmağa cəhd edirlər. Mən onların bir çoxunu “Yazı” dərgisində çap etmişəm və bu proses davam edəcək.

- Niyə ədəbiyyatımızda müharibə mövzusunda yazılar yox dərəcəsindədir? Baxmayaraq ki, Azərbaycanın ən böyük problemi Qarabağ münaqişəsidir...

-Fikir verdinizmi, siz “Qarabağ müharibəsi” deməmisiniz, “Qarabağ münaqişəsi” demisiniz. İş ondadır ki, o döyüşlərdə şəhid olan, sağlamlığını itirən qəhrəman oğullarımızın hünərini azaltmadan deməliyəm ki, bizim bir dövlət kimi MÜHARİBƏMİZ hələ olmayıb, ermənilər rus ordusunun köməyi ilə bizim torpaqlarımıza hücum edib, təzə yaranan ordumuzun könüllülərini və yerli əhalini silahdan keçirib və torpaqlarımızın yeddidə biri işğal edib. Yazıçı müharibə tərəfdarı olmaz və təbii ki, mən də müharibə istəmirəm. Amma bunu demək zorundayam: bizim MÜQƏDDƏS MÜHARİBƏMİZ hələ qabaqdadır. Biz o torpaqları haçansa müharibə yoluyla azad etməliyik və onda bu müharibə haqda bədii əsərlər də yazılacaq. O ki qaldı sualınızın başqa tərəfinə, bunu iki səbəbdən izah edərdim: bəziləri yazmırlar, ona görə ki, Rusiyanın çörəyini yeyiblər və o çörəyə kəm baxa bilmirlər, hətta düşünürlər ki, biz müstəqil-filan ola bilmərik, haçansa yenə Rusiyanın qoltuğuna girəcəyik. Hətta onların bir çoxu o qanlı işğal illərində ölkəni tərk edib başqa ölkələrə getmişdilər... Amma deyim ki, müəyyən qədər də olsa bu mövzuda yazılar yazılıb. Şəxsən mənim son vaxtlarda qələmə aldığım silsilə hekayələr var ki, “Müharibə uşaqları” adıyla Alatoran yayınlarında çap olunub, “Kuma-Manıç çökəkliyi” adlı romanım çıxıb “Yazı”da, Rasim Qaraca bir nəsr kitabı yazıb, Əlabbas yazıb, Cavidanın “Apsara” adlı gözəl bir hekayəsi var... Bir də bizim ədəbiyyatın müharibə təcrübəsi də yoxdur axı. Adamın gərək öz ölkəsi, torpağı və bəlli bir düşməni olsun ki, qarşısındakı düşmənlə döyüşsün, müharibə aparsın və bunun ədəbiyyatı da yaransın. Yoxsa Əbülhəsənin alman-rus müharibəsindən bəhs edən romanı kimi uğursuz bir şey yazmalı olarsan...

-Ədəbiyyatda erotik yazılara qarşı münasibətiniz necədir?

-Dünya təcrübəsində sırf erotikaya aid edilən yazılar və yazarlar var təbii ki. Məsələn məşhur “Dekameron”. Amma biləndə ki, bu əsər hansı ehtiyacdan yaranıb, yazarın və mətnin erotikliyindən çox bəşəri bir səciyyə daşıdığının şahidi olursan. İş ondadır ki, kilsə orta əsrlərdə nikahı, ailəni, cinsi aktın özünü belə lənətləyən qərarlar çıxartmışdı. Guya İsa peyğəmbər ailə qurmadığı üçün xristianların cinsi istəkləri İsa təliminə küfrdür. Buna inanan bir çox gənclər aliə qurmur, özlərinə fiziki və mənəvi işgəncə verir, tez ölüb cənnətə qovuşacaqlarını xəyal edirdilər. Nəticədə bəşəriyyətin məhv olma təhlükəsi yaranmışdı. Bokkaçonun “Dekameron”u, əslində Avropanı xilas etmiş əsərdir. Deməli, erotikdir deyib daşlamağa tələsmək lazım deyilmiş...
Və sizin sualınıza bir az geniş cavab verəcəyəm. Mən bu barədə baş redaktoru olduğum “Yazı” dərisinin 13-cü sayında “Baş redaktordan” səhifəsində ətraflı bəhs etmişəm. Oradakı fikirlərimi bir qədər yığcam ifadə edirəm: son illərdə, bəlkə də lap əvvəldən bədii yazılarımda - hekayə və romanlarımda bir xətt olub: ədəbi naturalizm. Yəni həm təbiətdə, həm cəmiyyətdə və eləcə də onların hər ikisinin güzgüsü olan ədəbiyyatda naturalizmin tərəfdarı olmuşam. Nədir bu?
a)Təbiətin get-gedə saxtalaşdırılması: nanatexnologiyaların tətbiqi ilə saxta ərzaq və qeyri ərzaq məhsullarının – QDO-ların yaranması və onların insanlığa mənfi təsirləri;
b)Cəmiyyətin özəyi olan insanın özünün özünü saxtalaşdırılması: kluonlaşdırma, süni mayalanma, süni insan və bunların sonucu kimi süni düşüncə, süni dünyabaxış;
c)Ən nəhayət, bunların ədəbiyyatda təcəssümü: süni və saxta ədəbiyyat!
ç)Mən bütün bunlara qarşıyam və 19-cu əsrdə meydana gəlmiş naturalizm cərəyanının dəyişən forması – YENİ NATURALİZM əsasında yeni ədəbi baxışlar sistemini özümə daha yaxın hesab edirəm. (Baxmayaraq ki, yazılarımda, xüsusən "Şəhərcik" romanımda bu geniş verilib, mən bu konsepsiyanın elmi tərəfini də hazırlamaq fikrindəyəm.) Bu barədə ayrıca məqaləm olacaq... Elə bilirəm ki, söhbətin nədən getdiyini arif oxucu anlayacaq. Təbii ki, bu dediklərim əxlaqsızlığın təbliği anlamına gəlməməlidir.
Hə, bir də var sarı ədəbiyyat, yəni sizin dediyiniz anlamda erotika, bu yəqin ki, həmişə olub və yenə də olacaq. Onun da öz oxucuları var və mən bunu təbii ki, ciddi ədəbiyyat hesab etmirəm.

- Azərbaycanda yeni ədəbi cərəyanlar yaranır: “Fırtına Yazarları” və “Yumruq” ədəbi birliyi. Onların yaranmasına qarşı fikirləriniz necədir? Sizcə bu qurumların uğur qazanmaq şansları nə qədərdir?

-Çox normal baxıram. Gənclik yenilik deməkdir, etiraz deməkdir, yaradıcılıq deməkdir. Yeni yaranmasa, köhnə qınlar, saraylar çürüyər, laxlayar, uçub köhnəni də, təzəni də dağıntılar altında qoyar. Əlbəttə, köhnələr vaxtı gələndə üzüsulu geri çəkilməli, öz yerlərini gəncliyə verməlidir ki, bu əvəzetmə ağrısız baş versin. Təəssüf ki, bizdə bu mədəni yerdəyişmə formalaşmayıb. Ona görə gənclər “Yumruq” göstərməli olurlar. Hər mənada yumruğun əleyhinə olsam da, bu yerdə gəncləri müdafiə etmək məcburiyyətindəyəm.

- Azərbaycan Ədəbiyyatının ən böyük problemi nədir? Sizcə gənclərdə kitablara qarşı maraq oyatmaq üçün nə etmək lazımdır? Axı dövləti ayaqda saxlayan onun düşünən beyinləridi. Kitab ən böyük savad mənbəyi olmasını nəzərə alsaq, dövlətin gələcəyi üçün mənfi hal deyilmi bu?

-Çox ağrılı sualdır. Ən böyük bəlamız bilirsiniz nədir? Kitabsızlıq. “Renessans həsrəti” adlı esselər kitabım var. Orda yazmışam ki, biz müstəqil dövlət quranda kitabları ayağımızın altına yığdıq. Üstünə qalxıb bayrağımızı parlament binasına sancdıq. Amma aşağı düşəndə o kitabları ordaca unutduq. İndi o kitablara qayıtmaq vaxtıdır. Yoxsa başdan-başa alverçilər, idmançılar, polislər məmləkətinə çevriləcəyik. Elm, ədəbiyyat, incəsənət inkişaf etməyən ölkənin gələcəyi təhlükə altında olar. Mən bu yaxınlarda Şimon Peresin bir çıxışını oxuyub sarsıldım. Orada bilirsənmi nə vardı? Olmayana, verilməyənə sahib olmağa çalışmaq:” Mən hələ də gənc qız və oğlanlara deyirəm: dostlar, sizdə sizin düşündüyünüzdən daha çox şey var. Sizdə torpağın sizə verəcəyindən daha çox şey var. Siz sizə verilməyən nəsnələri istehsal edə bilərsiniz. Bu hər kəs üçün bir dərsdir.” Çox istərdim ki, bizim gənclər özlərində olmayan keyfiyyətləri özlərinə aşılaya bilsinlər.

- Yeni kitab üzərində işləyirsiniz?

Mən bildiyiniz kimi, həm də “Yazı” ədəbiyyat dərgisinin baş redaktoruyam. Əksər yazılarım əvvəlcə burada çap olunur. İndi bir zamanlar həmin dərgidə hissə-hissə çap olunan “Kuma-Manıç çökəkliyi” romanımı çapa hazırlayıram. Heç bir kitabıma düşməyən 20-dən artıq hekayəm var, yəqin ki, onları da yaxın zamanlarda ayrıca kitab kimi buraxdıraram. Bir də hekayələr toplum ingiliscəyə çevrilib, onun da Avropa ölkələrindən birində, yaxud ABŞ-da nəşrinə çalışacağam. Əslində bir nəşriyyat çap etmək istəyirdi. Sonradan öyrəndim ki, bu quş qoymaq xətrinə olan çapdır, yəni mənim ABŞ-da kitabım çıxdı!.. Mənsə buna təbii ki, razı olmadım. Tanınmış bir nəşriyyatda, bazara çıxası kitab buraxmaq daha vacibdir, nəinki beləsi.

-Gənc yazarlarda hansı xüsusiyyətləri bəyənmirsiniz? Ümumiyyətlə gənc yazarlardan kimlərisə oxuyursuz?

-Hə, gəncləri nəinki oxuyuram, “Yazı”da çap da edirəm. Ad çəkməyəcəyəm, yazidergisi.com saytına girin, jurnalımızın 15 nömrəsinin hamısını vərəqləyin, görəcəksiniz ki, çap olunanların əksəriyyəti gənclərdir. O ki qaldı gənclərin hansı cəhətlərini bəyənməməyimə, hə, bu var təəssüf ki. Teztov deyilən bir söz var dilimizdə. Yəni çox tələsən, özünü ora-bura çırpan. Hara, qardaşım, sənin önündə 50-60 illik bir ömür var, noolub? Bu gün yazdığını bu gün də sayta, internetə soxuşdurmaqla yazıçı olmaq olmaz axı! Yazı bişməlidir, bir az “köhnəlməlidir”, maya tutmalıdır. Südə maya atandan sonar onu azı 5-6 saat gözləməlisən ki, qatıq, yaxud pendir gəlsin. Hələ sonra da üstünü açmalısan ki, soyuyub bərkisin. Hələ bir az da gözləməlisən ki, dada gəlsin və sair. Bu bədii yazıdır, bunun 800 il yaşama ehtimalı var! Amma sən onu mal təzəyi kimi divara vurursan, qiymətdən salırsan. Yazınıza qarşı bir az tələbkar olun. Bir-birinizi az tərifləyin. Öz içinizdən tənqidçinizi yetişdirin və sair.

- Ədəbiyyatımız yeni fərdlərinə, gənc yazarlarımıza tövsiyyələriniz nədir?

Bu suala bir az əvvəl cavab verdim. Bir onu əlavə edərdim: oxuyun, oxuyun, dayanmadan oxuyun. Folkner demişkən, hətta maklaturanı da oxuyun. İçinizdə sizi tərpədən şey yoxdursa, yazmağa tələsməyin. Təbii doğuş olmasa, yazdığınız şikəst uşaq kimi yararsız olacaq. Ədəbi məclislərə gedin, lap için də, siqaret də çəkin. Amma bunların aludıçisi olmayın. Bir şeyin aludəçisi olun: öyrənməyin!

KAMAL AZƏR
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31