Eşqin sonu zalım zamanın zülmünə tabe - Qəzəllər
![]()
MANERA.AZ "Azərbaycan qəzəli" layihəsində "Müasir Əruz Klubu"nun üzvü Vəlixan Abdullayevin qəzəllərini təqdim edir:
***
Kuyində ölməsəm aça bilsəm əgər səhər
Qurban edərdim ol səhərə bəs qədər səhər.
Cananı zikr edib gecələr yatmayan fəqir
Mütləqdi müjdəsin ala bir mötəbər səhər.
Yüz dəfə söylərəm gecəyə dərdim anlamaz
Duymaz çifaidə açılar müxtəsər səhər.
Dərd oldu dərdimi gecənin anlamazlığı
Anlar məni məgər gecədən bixəbər səhər.
Nurunda fərq olurmu gecə yığsa zülfünü
Yaxud dağıtsa zülfün üzə yar səhər-səhər.
Hər sübh gün çıxınca cəmalın şəkillənər
Nurunmudur Günəş günəşim parlar hər səhər?
Bica deyilməyib gecənin umma xeyrini
Çün yaxşıdır Vəli o xeyirdən zərər səhər.
***
Yayıldı etdiyi cənnətdə Adəmin gizlin
Bilindi sirri nə imiş cəhənnəmin gizlin.
Qəm idi Adəmə bir danə sirri kaş yeməsə
O danə saxlar imiş adəmin qəmin gizlin.
O gün ki dadına baxdı o gizlinin babamız
Bu gün də qəm yedirir bizlərə həmin gizlin.
Qovulduğundan o əcdadımız fəna mülkə
Bizimçün heç nəyi qalmıb bu aləmin gizlin.
Kim iffətin qoruyar ismətin Xuda qoruyar
Nə idi təqsiri güya ki Məryəmin gizlin?
Gözündən axdığı yaş ilə pak olur aşiq
Bu imiş illəti mahi-Məhərrəmin gizlin.
Vəli Xudanı ürək həmdəmi bilir, ürəyin
Döyüntüsüylə duyar həmdəm həmdəmin gizlin.
***
Mənə dilbərimdən hər nə gələ möhtərəm olandır,
Nə gəlirsə ondan aşiqlər üçün kərəm olandır.
O gülün ayağın öpməkdir ümüdüm ol səbəbdən
Bu başım fəda olan yer, o qədəm qədəm olandır.
Cana qəsd imiş məhəbbət, ona çatmağaysa tək yol
Başıdaşlı mən nə etsin bu həm olmaz həm olandır.
Kim həqiqi aşiq olsa ona Tanrı alqış eylər
Nəzəri-Xudada aşiq işi möhtəşəm olandır.
Ona xatir aşsa aşiqliyim əqlidə hüdudu
Nə ürəkdə qəm olandır nə gözümdə nəm olandır
Gözümün yaşı üzümdə sözümün həlak olanı
Sözümün canı qəmimdir ürəyimdə cəm olandır.
Vəli eyləmə şikayətləri müntəzəm qəmindən
Mətin aşiqin əzəldən qəmi müntəzəm olandır.
***
Naz eyləmə nazəndə gözəl nazə, nə lazım?
Nazəndə gözəl nazına əndazə nə lazım?
Çox naz elə, sözgəzdirənə mövzu gərəkdir
Az naz ilə vermək sözü sözbazə nə lazım?
Eşqin sonu zalım zamanın zülmünə tabe
Ümmid eləmək möcüzə, ecazə nə lazım?
Biz köhnələrik bizdə qalıb hər nə qalıbsa
Qədrin bilənə köhnələrin tazə nə lazım?
Hardan girə bilsən gir ədəb bağına gül dər,
Məqsədlə gələn oğruya dərvazə nə lazım?
Qış bükmüş idi boynumu ey laləüzarım
Can almağıvı saxlamağın yazə nə lazım?
Bu incə qəzəldə Vəlinin ruhu göründü
Bihudə təxəllüsdə hələ yazə nə lazım?
***
Xəyanət etməsə hərgah mənə gözüm kimisi,
Yanımda gördüyümü bilmərəm özüm kimisi.
Utanmaz üzləri görcək utanmamaq olmaz
Nə gündəyəm ki utanmaz olub üzüm kimisi.
Deyilsə niyyəti pak, səcdəgahidə nə xeyir
Sürünsə hər dəfə alnım, əlim, dizim kimisi.
Verər canın kimisi növbədənkənar yarə
Tutar saatlar ilə növbədə düzüm kimisi.
Əgər yolumda düz isəm gərək səbrli olum
Öpər əlim kimisi, daşlayar izim kimisi.
Nə çoxmuş ey ürəyi daş cahanda sizlərdən
Nə azmış ey ürəyim incələr bizim kimisi.
Həyat mübarizəsində Vəli nə etdimsə
Yanımda həmdəm olan olmadı sözüm kimisi.
MANERA.AZ