Pünhan Azim - Səndən gələn cəfaləri könlüm səfa bilər
![]()
MANERA.AZ "Azərbaycan qəzəli" layihəsində "Müasir Əruz Klubu"nun üzvü Pünhan Azimin qəzəllərini təqdim edir:
***
Qoca yaşda bir qəriban yatağında can verirdi
Günəşin də son şüası otağında can verirdi
Bu bəzəkli kainatın pozulub gedirdi sehri
Ona can verən gözəllik qabağında can verirdi
O xəyal ki, körpəlikdən böyüdürdü gözlərində
Düşüb ehtiraslı ömrün qucağında can verirdi
Dilə yatmayan həyatın danışırdı, sanki hər söz
Boğulurdu sinəsində dodağında can verirdi
Bəbəyində kirlənirdi üzü bir müqəddəs eşqin
Səsi batmış əlvidalar qulağında can verirdi
Son ümidi gözlərindən süzülürdü yorğun-arğın
Quruyurdu damla-damla yanağında can verirdi
Mən ölüb gedəndə Pünhan desə bir nəfər bəsimdi
Bu ki ölməmiş həqiqət sorağında can verirdi
***
Ümidlənir duaya əllərim əsəndə hər külək
Nola məkani-yardan gətirsə bir xəbər külək
Oyatmaq istəyir məni həzin ilahi nəğmətək
Qapımda, pəncərəmdə səs salır səhər-səhər külək
Bu gün içində bir dəcəl uşaq sevinci var, yəqin
Əsib gəlib səfalı guşələrdə bəxtəvər külək
Əcəb ətirli saçların dağıtmısan nigarımın
Xeyirli iş də gördün axır, ey ziyanəvər külək
Əgər doyunca ağlasam, susar fəğanı könlümün
Kəsər yağış yağıb bitəndə bildiyim qədər külək
Əsər həqiqi sevgidən yazılsa, hər səhifədə
Heca-heca yağar yağış, sətir-sətir əsər külək
Vüsalə yetmək istəyən gərək məsafə qət edə
Yetincə Badu-Kubəyə gəzib şəhər-şəhər külək
Pıçıldayıb bu şeiri Pünhana çəkildi göylərə
Səmada sübh azanına qarışdı mötəbər külək
***
Səndən gələn cəfaləri könlüm səfa bilər
Sənsiz səfalı günləri, amma cəfa bilər
Görsə hüzünlü bir kəsi can yandırar həmən
Könlüm bəlalı kimsələri aşina bilər
Mövcud olan bu fani cahan içrə fanidir
İnsan bu bivəfadə özün bivəfa bilər
Məşuqə imtahanə çəkər əvvəl aşiqi
Hicrində möhkəm olsa vüsalin rəva bilər
Didari-həqqə talib olan mən deməz, özün
Sevda düşərgəsində dəyərsiz gəda bilər
Etməz səxavət əhli təmənnalı yaxşılıq
Onsuz balıq da bilməsə, mütləq Xuda bilər
Bilmiş bəla inayəti-Xaliqdir adəmə
Pünhan bəlasız olmağı bir növ bəla bilər
***
Gün görməyənlər ömrümü gün gün bitirdilər
Hərdən təsəlli etmək üçün vaxt itirdilər
Hətta əlimdən aldılar ölmüş ümidimi
Hətta cənazəsin də içimdən götürdülər
Divlər dağıtdı aləmi, əl boyda sərçələr
Dimdiklərində qurmağa çör-çöp gətirdilər
Yalnız düşüncə sahibi kəslər bu vadidə
Ətrafı qəmli-qəmli süzüb köks ötürdülər
Gözlər yağışlı günlərə düşdükcə nəm çəkib
Kipriklərin nə xeyri süzülmüş çətirdilər
Pünhan, uzaqda bəzi əziz kimsələr qalıb
Bəlkə gedəndə tabutumuz əl yetirdilər
MANERA.AZ