manera.az
manera.az

Taleyə düşən 5-lər - Üzeyir Əlizadə

Taleyə düşən 5-lər - Üzeyir Əlizadə
55 nömrəli iş otağının qapısı üzərində yazılmış iki qoşa beş rəqəminin sifətimin fasad landşaftında yaratdığı xəfif gülüşü ifadə edən seqmentlərin aktiv vəziyyəti onun diqqətindən qaçmadı.

Diplomatlara məxsus təbəssümlə otağa daxil oluram...

Sağ əlinin beş barmağını adəti üzrə hansısa musiqinin ritmin tuturmuş kimi stola döyəcləyərək:

- Mənalı təbəssümün nəyi ifadə edir yenə, qardaş? - dedi. - Səni yaxşı tanıyıram, hər jestin, mimikan nəyəsə hesablanır. Yenə nədir müşahidənin obyekti?

- Düzünü de, orta məktəbdə inşadan neçə qiyməti alırdın?

- Ədəbiyyat müəllimim Mehdi Həsənov Allah şahididir, həmişə beşdə beş almışam. İstəyirsən, telefon nömrəsini verim, zəng vurub soruş.

Onun haqqında bilgilərimdən müəyyən detalları xatırlayıb yenə gülümsədim:

- Qapının üzərindəki əlli beş rəqəmi diqqətimi çəkdi. Maşallah, beş bolluğuna düşmüsən. Mən bilən, orta məktəbdə oxuyanda da jurnalda adın beşinci olub, beşdə beş almısan, beşinci sinifdəykən "Azərbaycan pioneri" və rayon qəzetində ilk dəfə çap olunmusan, otuz il Sumqayıtın beşinci mikrorayonunda beşmərtəbəli evin beşinci mərtəbəsində yaşamısan, əhli-kefliyinin ucbatından camaatın dörd ilə oxuyub qurtardığı institutu beş ilə bitirmisən. Ailənizdə on bir uşaq doğulsa da, sənin mistikan yenə öz hökmünü verib: beş uşaq qalıb. Ən böyük arzun da Bakıda beşotaqlı mənzilinin olmasıdır. Öz aramızdır, hər dəfəsində də vədələşdiyimiz yerə beş dəqiqə gecikirsən.

Sonuncu fikrimin doğurduğu gülüşün dadı hələ damağımızdan getməmiş özünəməxsus intonasiya ilə davam edir:

- Bir halda ki belə dürüst müşahidə və analiz etmisən, onda ardını mən deyim, sən eşit. Özümə də maraqlı gəldi, bayaqdan sən danışdıqca həyatımda beş rəqəmiylə bağlı daha nələrin baş verdiyini düşünürdüm. Uşaqlıqda aldığım fiziki travmadan beş ay gözlərim tutulub, həkimlər məndən əllərini üzsələr də, beş aydan sonra ayağa durmuşam. Hər gün səhər saat beşdə namaz üçün yuxudan oyanıram. İlk dəfə beş yaşımda qohumlarla birgə şəkil şəkdirən zaman bədii məntiqimi ifadə etmişəm. Belə ki, şəkil şəkdirən zaman təzə ayaqqabılarımı çıxarıb sıraya keçdim. Qohumların təbəssümünə belə cavab verdim: "Şəkil evdə, rəfdə, albomda saxlanılır, ya da divardan asılır. Evdə ayaqqabılı gəzmək olmaz!" Hə, biri də yadıma düşdü - hərçənd, mənim üçün adiləşib - daxili orqanlarımın (ürək, qaraciyər, dalaq, mədəaltı vəz, öd) beşi inversiya vəziyyətində yerləşir. Yəni sağ sola, sol sağa keçib. Buna tibdə dekstrakardiya da deyirlər. İndiyədək aldığım bütün saatlar beş dəqiqə plyus-minus intervalında ya geriyə qalır, ya da qabağa qaçır.

Bunları danışdıqca öz-özümə fikirləşirəm: bu nə mistikadır, işə bax, mən də onun yaradıcılığından cəmi beş hekayəsini oxumuşam. Ssenari müəllifi olduğu beş sənədli filmə baxmışam. Öz adı da beş hərfdən ibarətdir...

Hafiz Eynullayevi oxucular İmamnəzərli imzasıyla tanıyırlar. "Başsağlığı və doğum haqqında şəhadətnamə" kitabında özü tərəfindən yazılmış ön söz əsl ədəbiyyat hadisəsidir - boşboğaz qələmçilərə ustad şilləsidir. Özlərini təhlilçi, tənqidçi, araşdırmaçı, ssenarist kimi təqdim etməyə cəhddə bulunan istedadsızların "hərşeyşünas"lıq xisləti ona yaddır.

Hafiz İmamnəzərlinin ekranlaşdırılmış ssenariləri vətənə, millətə, dövlətçiliyimizə xidmət hadisəsidir. O, digərləri kimi, hamının oxuduğu, bildiyi, eşitdiyi hadisələri vərəqə köçürüb, elmi ada iddialılıq nümayiş etdirmir. Korlanmış imiclərini təmizə çıxarmağa cəhd edənlərdən fərqli olaraq əxlaq, namus, abır-həya onun həyat kredosudur.

Söhbətimiz Hafizin ssenarisi əsasında çəkilib İctimai Televiziyada yayımlanmış erməni terrorundan bəhs edən "Cinayət və cəzasızlıq" sənədli-bədii filminə yönəlir. İxtilatımız müddətində diqqətim bu mövzuda olsa da, həm də qeyri-ixtiyari olaraq düşüncələrim Hafizin yaradıcılığına ekskurs edir.

Bu ekskursiya barədə yadımda qalan bəzi təəssüratlarımı sizinlə bölüşmək istərdim.

Hafiz İmamnəzərlinin yazı dili Azərbaycan ədəbi dilinin şəhdi-şirəsini oxucusuna daddıran ifadə tərzində pərvəriş tapır, qulağı yormur. Qəliz terminlər belə onun qələmində həlim tələffüzlə lirikalaşır.

Onun əsərlərində fəlsəfi yükün "N" kəsiyə düşən ağırlığı cümlələrin sıxılma və dartılma hərəkətilə yazıya bərabər şəkildə paylaşaraq, gərginlik müqavimətə davamlı bədii konstruksiyaya tabe olma həllini tapır. Müraciət etdiyi mövzularda ifadənin qrammatika hesabatı fikrin gərilməməsinə uyğun tərtib olunur.

Hadisələri situasiya planında relyefə uyğun dəqiq oturtmaqla, bədiiliyi "asılı gətirmələr axımı" qanunauyğunluğunun filoloji deqredasiyasından sığortalamağı da bacarır.

Əsərlərində yalançı, uydurulmuş qəhrəmanlara yer vermir, onun qəhrəmanları təbəddülatlar döngəsində tıncıxsa da, içindəki işıqdan əl çəkməyən və ölüm qabağında belə sabahı düşünən personajlardır. Qəhrəmanları bütün xəyalpərvərlikləri ilə yanaşı, gerçəyin özüdür - əl yandıran həqiqət. Didaktikası formula şəklində deyil, hadisələrin mükəmməl vizuallığında ehtiva olunur.

Qəhrəmanlarının ölüm və kosmik kodlarla bağlı anlaşılmaz ruhi vəziyətinə bələd olmaq üçün qələminin naviqatorluq xidmətinindən asanlıqla yararlanmaq mümkündür...

- Saat beşdə İctimai Televiziyada olmalıyam, beşə beş dəqiqə qalıb...

"Beş" sözü məni xəyallarımdan oyadır, fikirlərimi gerı çağırıb evə - beynimə toplayıram.

Həyətə düşüb sağollaşırıq... O, İctimai Televiziya istiqamətində, mən isə maşına tərəf gedirəm... Arxadan gələn səsə geriyə qanrılıram. Aralıdan uca səslə soruşur:

- Bu gün bir az tələsik oldu, nə vaxt görüşüb çay süfrəsində dərdləşək?

Mən:

- Şəhərdə olmayacam beş gün, qayıdanda görüşərik.

Bir anlıq fikrə getdi, nəyisə hesablayırdı elə bil... Yanılmamışdım.

- Beş gündən sonra aprelin iyirmi ikisi - doğum günümdür.

Uca səslə - kənardan keçənlərin eşidə biləcəyi intonasiyayla:

- Təbrik edirəm! ... Neçə yaşın tamam olur?

- 55!

- Yenə 55 - qoşa beş!

Şərikli gülüşümüz kənardakıların diqqətini bizə yönəldir.

Aqoniya halında olan gülüşümlə maşına əyləşib düşünürəm: Beşlər necə də kurşun kimi qələmə dolub, mövzunu nişan almaq üçün... Əla!

Üzeyir ƏLİZADƏБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31