manera.az
manera.az

"Saf Əli"nin qayıdışı- Hekayə

"Saf Əli"nin qayıdışı- Hekayə


Tural İsmayılov
(hekayə)

Uşaqların axşam yeməyini qoyduqdan sonra Gülnarə süfrəni yığdı. Qızı Rüxsarə və oğlu Altun iki yaş fərqlərinə baxmayaraq, bir-birini çox yaxşı başa düşürdülər. Dördüncü sinifdəki Altuna bacısı Rüxsarə böyük bacı kimi həmişə dəstək olurdu, ikisi də dərslərini yaxşı oxuyurdu. Uşaqlar yuxuya getməmişdən öncə analarının üzündən öpdülər. Gecə saat iki idi. Uşaqlar çoxdan yatmışdılar. Gülnarə evin ikinci mərtəbəsinə qalxıb uşaqların mışıl-mışıl yuxulayan portretlərinə baxdı. Onları yatarkən, sakit formada on-on beş dəqiqə izləmək Gülanrəyə güc verirdi. Adətən gecələr gec yatdığına görə həmişə yatandan sonra uşaqlarına baxmağı sevirdi.

Birinci mərtəbəyə düşüb özünə çay dəmlədi. Bir xeyli olanlar gözünün qabağına gəldi. Kənanı beş yaşından tanıyrdı. Orta məktəbdə bir oxudular, hər ikisi universitetin eyni fakültəsində oxudular, Gülnarə də, Kənan da politologiya oxumuşdu. Ailələri onlar beşinci sinifdə oxuyana qədər qapıbir qonşular idi. Qonşudan çox uzağa gedərək, bir-birinə həmdəm, yaxın sirdaş və doğma olmuşdular. Hər şeylərini bir-biriləriylə bölüşər, ən çətin günlərində yanlarında olardılar. Gülnarə və Kənanın sevgilərinə də ailələr şahidlik etmiş, onların özləri ilə birlikdə böyüyən uşaqlıq sevgilərinə mane olmamışdılar.

İndi nə Kənanın, nə də onun ailəsi yoxdur həyatda. Kənanın Rusiyada, Ulyanovskda yaşayan varlı əmisi öldükdən sonra bütün mal-mülkünü onlara vəsiyyət etmişdi. Kənan bunun sayəsində yaxşı bir işə düzələrək, tez-tez xarici ölkələrə səfərlər edirdi. Kənanın əmisi varı-yoxu, nəyi vardısa- həm iki mərtəbəli, Mərdəkandakı böyük bağ villasını, həm də şəhərdəki evlərini miras qoymuşdu. Gülnarə Kənan xarici ölkələrə gedəndə evdə tək qalmaqdan qorxduğu üçün, bacısının Sumqayıtdakı evinə gedirdi. Amma yay olduğundan onlar da rayona getmişidilər, Gülnarə məcbur bağ evində tək, uşaqlarla qalırdı.

O, dəfələrlə Kənana burda tək qorxduğunu, evə kameralar lazım olduğunu, heç olmasa o olmayan günlərdə evin həyətinə bir mühafizəçi lazım olduğunu dəfələrlə söyləmişdi. Kənan da bütün gəlirlərini, pullarını bankda saxladığı üçün Gülnarənin bu qorxusunu boşuna uşaq narahatlığına bənzədir, nəsə pis bir şey olacağı təqdirdə polisə zəng etməyini və qonşu bağdakı mühafizəçiyə onların da evinə nəzarət etməsi üçün pul verdiyini bildirirdi. Amma bu gün nəsə digər günlərdən fərqli idi. İndi Gülnarə yalnız qorxmurdu, həm də ürəyi tir-tir ttitrəyirdi. Kənan iki gün öncə evə dönməli idi, amma ondan xəbər yox idi. Nə internetə girir, nə zənglərə cavab verir, nə də səs-soraq çıxmırdı. Gülnarə Kənanın dəqiqliyini sevirdi, elə dəqiqlik faktoruna görə də Kənana aşiq idi. Kənan mütləq dediyi vaxtda evə dönürdü, lakin bu dəfə evə dediyi vaxtda gəlməmişdi.

Gülnarə Kənanın bütün iş yoldaşlarını tanıdığından onlarla əlaqə saxladı ki, bəlkə nəsə fövqəladə yaxud fors-major situasiya yaranib deyə Kənan geri dönə bilməyib. Amma yoldaşları artıq iki gün öncə dönmüşdülər, üstəlik, Kənanın da Bakıya döndüyünü deyirdilər. Güınarə narahat idi, amma polisə də xəbər verə bilmirdi, düşünürdü ki, Kənan bəlkə də yenə hansısa onun bilmədiyi dostu ilə dincəlir. Dünən isə bağın arxasındakı balaca köşklərindən səslər eşidirdi, qorxduğundan baxmamışdı, ümumiyyətlə, Gülnarə Kənana israrla bu lazımsız əlavə tikilinin sökülməsi ilə bağlı dəfələrlə basqılar etsə də, Kənan oranı gələcəkdə rəsm kolleksiyasının “qərargahı”na çevirəcəyini deyirdi.

Axşam uşaqları Mərdəkanda gəzdirəndə köhnə tanışlarından biri Kənanı iki gün əvvəl belində çanta ilə Mərdəkanda gördüyünü dedi. Gülnarə bu dəfə yəqin etdi ki, Kənan onun qorxduğunu bilə-bilə,işləri bitsə də, evə dönməyərək gəzməyə gedib yəqin. Hətta qəlbində onu məzəmmətlədi də.
Axşama doğru yenə səs-küy eşitdi köşkdən, bu gün günorta uşaqlar Kənanın dayısı uşaqlarıgilə qonaq getdiyi üçün evdə tək idi. Lap qorxdu. Axşam 12 idi, aşağıdakı otaqdan bağırtılar və çığırtılar eşidilirdi. Əvvəl elə bildi ki, qorxudan get-gedə ağlını itirir, sonra qərar verdi ki, qonşu boş evdəki həmin mühafizəçini çağırsın, köşkə birlikdə baxsınlar. Utana-utana masadakı telefon nömrələri qeyd olunan dəftərdəki vərəqləri qarışdırdı. Nömrəni tapdı, birinci zəngə cavab verilmədi. Beş dəqiqə sonra ikinci dəfə zəng edəndə mühafizəçi yarı yuxulu vəziyyətdə zəngə cavab verdi:

- Alo, eşidirəm, buyurun.

- Salam, Kamran qardaşdır?

- Bəli, xanım. Siz kimsiz?

- Mən Kənanın yoldaşıyam. Kənan dedi ki, o, sizlə danışıb, problem hiss etsəm, sizə zəng etməliyəm.

- Aha, xanım, buyurun. Nəsə olubmu?

- Bilmirəm, bağın tinindəki köşkdən səslər gəlir. Bəlkə pişik girib, xəbər etmədim dünən, amma indi bağırtılar gəlir.

- Narahat olmayın, indi gəlirəm.

Bir neçə dəqiqədən sonra qapının zəngi çalındı. Kamran əlində fənər, başında şlyapa bir də dəyənəyi ilə qapının önündə durmuşdu.
Gülnarə onu görməyinə sevinirdi, o qədər qorxmuşdu ki, elə bil, illərdir görmədiyi hansısa əzizini qarşılayırdı. Tələsik dilləndi:

- Bağışlayın vallah... Amma istədim ki, bir baxasız.

- Narahat olmayın, mən sizin bağa da arada baxmalıyam, buna görə mənə yoldaşınız ödəniş edir.

- Xahiş edirəm baxın, görün ora girən filan yoxdur ki. Belə heç nə saxlamırıq o köşkdə. Amma yenə də oğruya nə izah edəsən ki?

- Mən indi baxıb gəlirəm, siz narahat olmayın, ən gec on dəqiqəyə sizə bildirəcəyəm.

Gülnarənin təskinliyi on beş dəqiqə çəkdi. Mühafizəçi hələ də gəlmir, ondan bir xəbər çıxmırdı. Bir az da gözlədi, sonra mühafizəçiyə bir neçə dəfə zəng elədi. Xəbər yox idi. İndi Gülnarə yüz faiz qərarsız qalmışdı. Görəsən, polisə xəbər eləsə doğru olardımı? Sonra Kənan gələndə vəsvəsə və bu qorxularına görə ona lağ edəcəkdi. Bəlkə də mühafizəçi təcili yandakı köşkə qayıtmalı idi. Qərarsız qaldı. Bir tərəfdən də içində özünü söyürdü. Axı o, niyə uşaqları ilə birgə Kənanın dayısı uşaqlarının evinə getmədi? Düzdür, evi tək qoya bilməzdi, amma Allah kəssin belə evdə qalmağı. Qərara gəldi ki, gedib köşkə baxsın. Həm özünü danlayırdı ki, ay axmaq, səni yeyəsi deyillər ha, əl çək bu qorxaqlığından, həm də qorxusu ilə bacarmırdı. Gülnarə savadlı qız olsa da, metafizik varlıqlara inanırdı. Hətta bir ara gözünə ruhlar göründüyünü deyəndə Kənan demişdi ki, yaxşı bir psixoloq tanışı var, mütləq onunla görüşsün, bir az əsəblərini müalicə etdirsin. Axırda qərar verdi ki, özü gedib köşkə baxsın, çünki belə qorxmaqla da bir şey düzələsi deyildi. Mühafizəçidən də səs-soraq gəlmirdi. Nəhayət paltosunu geydi, yavaş və qorxaq addımlarla bağın içində addımlamağa başladı. Az qala ürəyi yerindən çıxacaqdı.

Qapını açıb köşkə girməyi ilə gözünün qaralmağı bir oldu. Başının arxasında küt bir alətlə vurulduğu hiss olundu.

Üstündən saatlar keçmişdi. Başı ağrıdan çatlayırdı. Birdən baxdı ki, mühafizəçi Kamran qanlar içində yerdə uzanıb. Sol tərəfində Kənan baş-ayaq vəziyyətdə tavandan asılı idi. İndi əmin idi ki, bu, yuxu deyildi, çığırmaq istəyirdi, bacarmırdı, ağzı bantlı idi.
Anidən qaranlıqdan bir nəfərin ona yaxınlaşdığını gördü. Bu, 1.60 boylarında, keçəl, idmançı cüssəli tülkü kimi gözləri olan bir adam idi. Adam əlindəki odunu ovcuna vuraraq soruşdu:

- Ooo, can Gülnarə, sən yəqin ki, mənə tanımadın, hə?

Gülnarə ağzı bantlı olduğu üçün danışa bilmirdi. Başındakı qan alnına dağılmışdı, amma sarğı ilə yara yerinə müdaxilə edildiyi hiss olunurdu. Dillənmək istədi, bacarmadı. Keçəl adam cibindən bir şəkil çıxarıb ona uzatdı.

- Yaxşı bax bu şəkilə. Məni tanımalısan...

Gülnarə 13-14 yaşları ərəfəsində çəkilən şəkilə baxdı. Tanıdı. Aman Allah! Bu ki Əlidir! Əli Gülnarə və Kənanın sinif yoldaşı olmuşdu. Onlar iki məhlə onlardan aşağıda qalırdılar. Əlinin atası yox idi, anasının gözəllik salonu vardı. Bacısı doqquzuncu sinifdən məktəbdən çıxmış, anasının gözəllik salonunda işləyirdi. Əli çox saf uşaq idi. O, hər şey inanırdı. Gülnarəni sevirdi, buna görə, Kənan onu dəfələrlə döymüşdü. Gülnarə də Əlinin saflığından əylənir, ona birdəfəlik yox demir, qızlarla onu məsxərəyə qoyur, saflığını özləri üçün əyləncə predmeti edirdilər.

Əlinin anasının haqqında pis şayiələr yayıldı, sonra bu şayiələr bacısına da sıçradı. Və saf Əli hər yerdə saflığına görə gülüş hədəfi olurdusa, sonralar həm də namusuna söz deyilən, sıxışdırılan, həyat eşqi əlindən alınan bir gəncə çevrildi. Həmin ərəfədə heç kim bilmədi ki, onun ana və bacısı nə edib? Ya da Əıinin günahı nədir? Kənan və dostları onu bir dəfə ağzından qan gələnə qədər döydülər, Gülnarə ona pis sözlər deyərək bütün məktəbdə biabır etdi, Əligil çıxıb getdilər və bir də onlardan heç bir xəbər almadılar.

İndi gözlərindən yaş süzülən Gülnarə Əliyə baxdı. Əli ona danışmaq üçün bir şans belə vermirdi. Yoxsa ona yalavarar, Kənanı və onu buraxması üçün ayaqlarına qapanardı. Birdən sərt odun düz üzünə çırpıldı... gözləri və hissləri keyləşməyə başladı.
***

Hadisədən üç il sonra məlum oldu ki, Kənan, Gülnarə, mühafizəçi Kamranı öldürən “Saf Əli”ni elə öz bacısı polisə şikayət edib. Anasının, müxtəlif dövrlərdə yoxa çıxan bir neçə sinif yoldaşların da qatili Əli imiş. Əlinin bacısı Saratovda yaşayırdı, təsadüfən Əli tərəfindən ona yazılan e-maili oxumuş və anlamışdı ki, qardaşı qatil bir cinayətkardır.

Əli tutulduqdan sonra polisə bir cümlə izahat vermişdi: “Onlar dedi-qodulara, onlar kimi olmadığıma görə mənim saflığımı öldürmüşdülər”.
Əli tutulduqdan beş il sonra serrozdan öldü.

Gülnarə və Kənanın uşaqlarını, malını Kənanın dayısı oğlu öz himayəsinə götürdü.

MANERA.AZ






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31