Yollar da bağlandı, ömür yolları - Şeirlər

Elmir Həsən - BDU Qazax filialında Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə təhsil alır. İsmayıl Şıxlı adına “Dəli Kür” ədəbi məclisinin üzvüdür.
MANERA.AZ gənc şairin şeirlərini oxuculara təqdim edir:
Bu ilki yayımız
Bu yay da gəlmədi qonaqlarımız,
Yenə səssiz keçdi, səssiz yayımız.
Əvvəlki istilər də olmadı heç,
Keçdi ömrümüzdən izsiz yayımız.
Tökdü yarpaqları erkən budaqdan,
Küləkdi, yağışdı, seldi bu yayda.
fikrimiz, zikrimiz darıxmaq oldu,
ömürdən bir ömür sildi bu yayda.
Yollar da bağlandı, ömür yolları,
göylər gurultusuz ,yağdı yağışı.
Günəş olsa da göy üzü, sanki
Düşdü qaranlığın yerə naxışı.
Hər kəs bir günlük də qocaldı bu yay,
hər kəs bir cür xəstə düşdü küləkdən,
Soldu kimlərinsə, saraldı ömrü,
Çıxdı qarlı bir yay bu yay köynəkdən
Şəhidlər əyilməz vətəndir
Şəhidlər doğma vətəndə əyilməz vətəndir
Şəhidlər qanları ilə torpağa qarışar.
Şəhidlər doğma vətəndə əyilməz vətəndir
Onlar göylərin qatında Tanrıya qovuşar.
Torpaq şəhid qanı ilə yuyulmazsa əgər,
O, torpaq ki, var demək ki, deyildir vətən,
Əgər ki, şəhid qanıyla yuyulubsa səngər
Dağlartək uca, möhkəmdir demək ki, vətən.
Şəhidlər yaşlanmaz, onlar əbədiyyən yaşar,
şəhidlərdən əmanətdir bizlərə bu torpaq,
şəhid ruhu dağlarımızda bizim dolaşar,
bizlərə şəhidlərdəndir yadigar bu torpaq
Anaların göz yaşları sel olub və yuyar
şəhid övladının qanla boyanmış sifətin.
Anaların ahı qalxar göylərə və tutar
Tutar gözünü düşmənin, tutar xiffətin.
Şəhidlərimiz bənizdə təbəssüm köçdülər.
Hər bir qarış torpaq sizin adınızdır əlbətt
ki, onlar müqəddəs torpaq uğrunda köçdülər,
gecələrin mələyisiz sizlər sözsüz əlbətt.
Bir ovuc torpağımız da al-qanla yoğrulub,
bizim torpaqda Mübariz, Əbubəkr uyuyur,
onlar müqəddəs torpağın suyundan yoğrulub,
onların ruhu bizlədir bizləri qoruyur.
Səngərdən görərsən ki, sən işğalda inləyən,
buludların da hər daim qan-yaş ağladığı,
günəşin də doğmadığı incik olduğu vətən.
Bax, ancaq o, vaxt, o zaman anlayarsan,
nə deməkdir şəhidlik, nə demək doğma Vətən.
Bir səhər açıla...
Bir səhər açıla, yağışlar yağa,
Günahları yuya, nifrəti yuya,
Bir səhər açıla, yağışlar yağa,
Torpağa tökülmüş qanları yuya.
Bir səhər açıla, nifrət soyuya,
Keçmiş bu gün ola, dünən də bu gün.
Hər keçən keçmişlər unudulmaya,
Sevənlər sevilə, həm sevə hər gün.
Bir səhər açıla evdəkiləri
Saçı ağarmamış uşaq görəsən,
Uşaqlıqdan qonaq dolu evləri
bir də qayıdıb səs-küylü görəsən
Bir səhər açıla yalan dil aça
Həqiqəti deyə, deyə doğrunu
Düşmənlər dilindən o gün asıla
Əlləri dil açıb deyə doğrunu
Salam, Əsgər
Salam, əsgər, vətən sənə ümidli,
bu yurdun havası sənə ümidli,
Həyətlərdə yanan hər yanar ocaq
yuxusuz keçən hər gecənə ümidli.
Analarımızın halal qanından
yoğurulan uca əyilməzliksən,
qorxunu gözündə belə dəfn edən,
Əbədi alovsan, yanar məşəlsən.
Babək, Xətayinin əmanətidir
Bu yam-yaşıl, yaşlı ruzili torpaq.
vətən ağuşunda can fəda vermək
Şəhidlikdir - yüksək, uca zirvədir
Ey mərd əsgər, vətən sənə ümidli
Bu yurdun qışının yağışı, qarı,
Toy-bayramların hər şirin şənliyi,
yuxusuz keçən hər gecənə ümidli.