manera.az
manera.az

Aydın Canıyev - Güllə yerindən öpən qatil

Aydın Canıyev - Güllə yerindən öpən qatil
Sakitləş. Toxta. Üzmə özünü. Narahat da olma. Heç kim səni sorğu-suala tutmayacaq. Heç kim bilməyəcək məni sən güllələmisən.

Sən yaxşısan sadəcə, bunlar sənə dediyim, sənin eşitdiyin son sözlərim idi. Gerçəkdən mən səndən razıyam. Sən məni çox rahat öldürə bildin. Hədəfi dəqiq seçdin. İncitmədən, bir dəfəyə bir gülləylə. Özü də sərrast və qəşəng. Sənə anlatmaq istəyirdim, bəzən yox, həmişə və hər zaman belə olub, belə də olacaq.

İnsan yalnız sevərkən güclü olur. Fərq etməz, sevdiyi qadınmı, əyləncəmi, işmi, yaradıcılıqmı, ixtiramı? Yetər ki, düşüncəsini məşğul edən nəsnə adammı, sənətmi, əyşamı, hər nə isə sevgi qrafasına düşsün. Onda həyat rejimə düşür, sevginin rejiminə.

O rejimi pozmağa Allah da qıymır, bəndə də. Xəyanət olana, yalan üzə çıxana qədər. Fərq etməz ki canlımı, cansızmı, texnikamı. Fəlsəfə açmadan deyirdim sənə ki təkcə insanlara aid deyil xəyanət, heyvanın da, əşyanın da xəyanətkarı, yalançısı var. Pələş qulaqlarını sallayıb ağıllı-ağıllı qulaq asırdın.

Guya ki ədəb-ərkanlıydın. Təki sən yalançı olma. Xəyanət etmə deyirdim sadəlövhcəsinə yox, inanaraq. Bilirsən, bir az ağırdı bu yaşda, bu başla və bu zamanda bunu söz konusu etməyimiz. Hər şeyi bilən Allah da peyğəmbərinə deyərdi ki, sən de qalanıyla işin yoxdu. Mən də deyirdim və inanırdım.

İnanırdım ki, sənə aşılamaq istədiyim təkcə bir nəsnə var, onun üçün yaşamağa dəyər. Amma və lakin sən bacarmadın. Və bacarmadığın üçün də güllələdin. Doğrudan sən yaxşısan, elə yaxşı etdin. Elə yaxşı getdin ki, həyatımda yoxluğun belə minnətdarlıq yaradır. Həyatımda varlığın mümkün olmadı, amma etiraf elə ki, gözəl sevgi idi. Həyata, ailəyə, uşağa, işə, yaradıcılığa, Allaha və ibadətə. Gündə neçə yüz dəfə Allaha şükranlıq səslənirdi dilimizdə. Gündə neçə dəfə səcdə də minnətdarlıqla alqış vardı ibadətimizdə. Saniyələr belə gözəl idi.

İşsizlik dərd deyildi, çünki qazanmaq ayıb sayıla bilməzdi. Haramdan uzaq, halallıq çörəyə, pula çevrilən zəhmətimizin bəhrəsi idi. Belə deyək, iş tapmaq mümkün olmayan bu ölkədə əgər yazmaq bəs eləmirdisə, gecə yatmayıb çörək bişirib səhər tezdən aparıb satmaq da əziyyət deyildi misal üçün. Bizim üçün işsizlik problem deyildi, adam sevəndə, cavabdehlik məsuliyyətini anlayanda olmayan iş yerlərindən iş yeri düzəldir. Səninlə ikimiz bunu yaxşı bacarırdıq. Xəyallar xəyal deyildi. Axşam söylənən hər əlçatmaz arzu artıq səhərin özündə ard-arda gerçək olan həqiqətin üzü idi.

Bilirsən, sənə nələrsə anlatmaq cəhdimə qarşı özünü elə aparırdın guya ki anlayırsan. Əslində hamısına göz yummaq olardı. Fəqət yalana yox. Yalan xəyanətin həm atasıdır, həm də onun üçəm, dördəm doğan anası. Orda həyat məhv oldu. Sən yalan danışmamağa bacarmadın, hamıdan biri oldun və güllələdin. Düz qürurumdan. Axı sən bilirdin ki, mənim qürurumla oynamaq olmaz. Qürurumla oynayanın həyatıyla dans edərəm. Sənə bunu eşitdirəndə gülmüşdün.

Bilirsən, mənə xoş idi güllələdiyin yerdən öpməyin. Buna görə də səni bağışladım. Heç kim səni mühakimə etməz. Utanmadan yalan danışan dilin susub, utancdan qızarmayan yanaqların boyunca süzülən göz yaşların qürurunun məlhəmi idi. Bu həyatda kim bilməsə də, sən hamıya gözəl izah edə bilirsən ki, bir insana deyilən yalana görə yüz insanın tənəsi altında əzilmə əzabı necə dəhşətlidir. Hələ üstəlik rüsvayçılıq və məhrumiyyət də adamı necə məhv edir.

Bax, mənim missiyam bu idi həyatımda. Sənə qürurumu güllələməyə imkan verim və cəzanı çəkəsən. Bir qadının qəlbinə dəyilərsə, o qadın hər damla göz yaşlarına görə o şəxsin hər addımı lənətlənər. Sən gözəl nümunəsən, həm də bir kişinin qüruruna toxunarsan, sənin göz yaşların o qürurun məlhəmi olar. Ta ki o qürur yiyəsi səni bağışlayınca. Sən bağışlanmadıqca gözünün yaşı qurumaz. Mən səni bağışladım, sən mərd olmağı bacardın.

Güllələdiyin qürurumu göz yaşlarınla öpə-öpə qaysaq bağlatdıra bildin. Getdin, mərd-mərdanə. Getdim, gözündə yaş qalmadan. Getdin, ürəyimdə və ürəyində kin saxlamadan. Əmin ol, sən xoşbəxt olacaqsan. Bu dünyadan yalandan imtina etməyi bacaran, yalana tövbə edən hər bir kəs xoşbəxt olmağı haqq edir.

Getdin və bitdi. Sənə rubrikası da, səninlə xoşbəxtlik üçün açdığım, icarəyə götürdüyüm bu sığınacaq da missiyasını bitirdi. Sənə minnətdaram. Əminəm ki, bir daha və yenidən heç kim mənim ən sadə istəyimlə oynamaz. O istəyin adı yalansız münasibətdir.

Münasibətin formasından, məzmunundan və adamın kimliyindən asılı olmayaraq istər dost, istər iş yoldaşı, istərsə də doğma övlad olsun, ya da bir yad qızı. Qürurumla oynayıb mənə yalan danışanın həyatıyla dans edərəm. Şahidim isə sənsən. Qürurumu güllələyib sonra öpən qatilim.

"Sözün sağlığına" kitabından

Tural Adışirinin təqdimatındaБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031