manera.az
manera.az

Ramil Əhməd - Şuşaya məktub

Ramil Əhməd - Şuşaya məktub
(Esse)

Salam, Şuşa!

Səni anamın xatirələri, atamın fotoşəkilləri və videolentlərin yaddaşında qaldığın qədəriylə tanıdım. Sənli görüntülərdən bir şəhər saldım zehnimin xəyali xəritəsində. Hər şey yerli yerindədir. Ağacların həmişəyaşıl, məscidinin səmaya uzanan minarələri əzəmətini qoruyur, yollarından keçən maşınlar dəyişmir, atamın gülüşü, anamın önündə şəkil çəkdirdiyi bina, hər şey eynidir, bircə təqvimlər dəyişir... Lentlərdə düşməyən, şəkillərdə olmayan, xatirələrdə danışılmayan yerlərindən yıxılıram, Şuşa!

Sən biraz “Uzun ömrün akkordlarında” idin, biraz Xan əminin səsində, biraz Qənbər Qarabağinin naxışlarında, biraz babamın göz yaşlarında. Sən biraz-biraz çoxalırdın içimdə, dama-dama dərya olurdun, daş-daş dağa çevrilirdin!

İtirilmiş cənnətimiz, axşamları ulduzların işığına aydınlanan şəhərim!

Özümü ovutmaq üçün Bakıda sənin adını daşıyan qəsəbəni gəzirəm. Nə yolları sənin dolama yollarına bənzəyir, nə evləri, nə ağacları... Qəsəbənin sənə bənzəyən bircə şeyi var – adı. Babamın son nəfəsində bütün ömrünü sığışdırdığı dörd hərfli adın!

O Şuşadan bu “Şuşa”ya gələn adamlardan soruşuram səni. Danışırlar və beləcə çoxaldıram səni içimdə, içimdə sən olan yerlərdə çiçək açır elə bil.
Bilirəm, təkcə bizə çətin deyildi, sən də əzab çəkirdin. Havanı başqası udur, suyunu başqası içir, üstündə başqaları gəzirdi. Bilirəm, Şuşam, o başqalarının atdığı hər addım, hər ayaq səsi sənin şüşə qəlbini incidirdi. Sənin bir addımlığında olan o adamlar səndən milyon il uzaq idilər! Bizimsə aramızdakı bir neçə yüz kilometrlik məsafə coğrafi bir uzaqlıq idi, sən bizdən bircə addım belə uzaq deyildin!

Biz “Əziz Şuşa, sən azadsan!” sözləriylə açılacaq səhəri 10411 gündür gözləyirdik! 28 il idi “gələn il bu vaxtı Şuşada olaq” arzusu dilimizin əzbəriydi. Sənə azadlıq arzulayan dualarımız yuvasız quşlar kimi göyüzündə uçurdu. Günlər sənin yoxluğuna tərəf uzansa da zamana boyun əymirdik, sənsiz bir günün belə təsəvvürü yox idi.

O gün gülüşlər, sevinclər fərdi deyildi. Bir xalq gülürdü və gülmək bir xalq gülürsə gülməkdir. Həmin gün sevinc gözyaşlarıyla min bir ilin doğması kimi qucaqlaşıb bir olduq, biz olduq! Başqa-başqa şəhərlərdə doğulsaq da ruhumuz səndə doğulmuşdu! Hamımız bir adam olmuşduq! Hamımız yenidən doğulmuşduq!

Ürək də belə döyünərmiş? Elə bil bu qəfəs bədəni qırıb çıxmaq istəyirdi sol yanımdan. Əlimlə tutub saxlamışdım ki, çıxıb yerə düşməsin. Hələ qalsın yerində. Hələ Cıdırında qaçan atların ayaq səslərinin bəstələdiyi marşı eşitmədən, Xarıbülbülünün ətrini içimizə çəkmədən, başı dumanlı zirvələrini görmədən ölüm yoxdur bizə!

Topçuların gündüz dağıtdığı qalanı gecə yenidən hörən mübariz şəhərim!

Şah Qacarın baş qoyub getdiyi mərd şəhərim!

Təslim olmayanım, dünyaya vüqarlı dağlarının gözüylə baxan şəhərim!

Sən azadsan, sənə azadlıq yaraşır!

Biz sənə qayıdırıq, səndə yaşayacağıq və səndə öləcəyik!

Bitdi dağlarının çəkdiyi ah! Bitdi sənə olan həsrət! Sənə olan həsrətim məndən bir yaş böyük idi, Şuşa! Daha bu həsrət rəqəmləri böyüməyəcək, günlər sənin varlığına tərəf uzanacaq!

Görüşəcəyik! Daha sənə məktub yazmayacağam, sözümü qulağına pıçıldayacağam.

Yollar yenə Çuxurdan, Köçərlidən, Hamamqabağından keçəcək!

Və mən heç vaxt görmədiyim babamgilin evini gözüyumulu tapacağam!Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
1234567
891011121314
15161718192021
22232425262728