manera.az
manera.az

Şəhid Generalımız barədə xatirələr - Əsgərləri yazır

Şəhid Generalımız barədə xatirələr - Əsgərləri yazır
MANERA.AZ iyulun 14-ü Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində gedən şiddətli döyüşlər zamanı müdafiənin ön xəttində olarkən qəhrəmancasına şəhid olan general-mayor Polad Həşimov haqda keçmiş əsgərlərinin xatirələrini təqdim edir. Polad Həşimov Müstəqil Azərbaycanın tarixində, Qarabağ savaşı başlayandan bəri Ordumuzun ilk şəhid genaralıdır.


Nicat Həşimzadə:

***
Bir əsgər yoldaşımız ata olmuşdu. Bu hadisə Polad Həşimova tabor komandirimiz tərəfindən məruzə edilmişdi. Əsgər yoldaşım məzuniyyət haqqından istifadə etmişdi. Həm də yeni gəlmişdi məzuniyyətdən. Xəbər komandirə çatanda tapşırıq verdi ki, əsgəri yanıma gətirin
Dialoqu olduğu kimi yazıram.
- Komandirlərin səndən razılıq edir, əsgər yoldaşlarının da hörmətini qazanmısan. Qüsursuz xidmətə görə növbədən kənar 10 günlük məzuniyyət verilir sənə.
Kövrələn əsgər yoldaşımız deyir:
-Cənab polkovnik, axı mən yeni gəlmişəm məzuniyyətdən.
Bilirəm, evinə bir də get ki, özün də yenilənib gələsən. ( gülümsəyir)
Əsgər, pulun varmı?
Bəli, cənab polkovnik.
Göstər.
Əsgərin cibindən 80 manat çıxır
Düzün de, əsgər yoldaşların kömək edib hə?
Bəli, cənab polkovnik.
Sənin yolun çox uzaqdır. O pulu qaytar əsgər yoldaşlarına. Get hazırlaş, sabahı gözlə.
Səhər əsgəri komandirin otağına gətirirlər.
Pulu qaytardınmı?
Bəli, cənab komandir.
Gedə bilərsən, aşağıda səni gözləyən maşın var.
Taksi əsgəri düz evinə aparır. Sürücü əsgərə konvert verir :
Komandir tapşırdı ki, ancaq evdə açsın.
Evdə zərf açılır, kağızda yazılıb:
Təbrik edirəm, əsgər, ata olmusan.
Və konvertin içində 170 manat vardı.
Belə böyük şəxsiyyət idi Polad Həşimov.


***
Əsgər Həşimzadə!
Qaçıram, son üç addım qalmış nizamnamə qaydalarına əməl edirəm:
- Cənab polkovnik, əsgər Həşimzadə əmrinizlə gəlmişdir.
-"Azad komandası verir" Rahat ol , Həşimzadə.
-Həşimzadə, sən mədəni, ağıllı adama oxşayırsan. Niyə ali təhsilin yoxdur.
-Cənab polkovnik, xidmətdən sonra təhsil alacam.
Dərin düşüncəyə dalır.
Biraz fasilədən sonra deyir:
- Səfillərdəki Yepiskopa oxşayırsan, əsgər. Oxu Həşimzadə, bakalavr, magistr, doktorantura hamsını oxu. Müharibə təkcə silahla yox, həm də beyinlə aparılır. Beynini Vətən üçün işlət.
Gedə bilərsən.
Hərbi nizamnamə qaydalarına uyğun formada uzaqlaşıram. Polkovnik Polad Həşimovun səsi gəlir.
Dayan, Həşimzadə, kitelini çıxar. Kəməri açıb kiteli çıxarıram. Taqorun "Fəlakət" romanı yerə düşür. Kəmərin altında gizlətmişdim kitabı.
Gülümsədi. Kitabını götür, get, oxu, amma qarovul saatında oxuma. Gedə bilərsən.
Dəhşətli məqam o idi ki, hərbi hissə komandirimiz məni birinci dəfə idi ki, görürdü. Görüş də təsadüfi alınmışdı.
Şəhid generalımızın gözəl nitqi, qısa, dəqiq, konkret danışığı vardı.
Cəmi bircə dəfə qarovulda olanda kitab oxumuşdum.


***
- Şəhidimiz - general-mayor Polad Həşimov Hərbi hissə komandirimiz idi. 8 il əvvəl polkovnik idi. Çox mərd adam idi, sözün əsl mənasında şəxsiyyət idi.

Yatmağa yerimiz yox idi. Daha doğrusu, bərbad halda idi. Göy palatkaları birləşdirib özümüzə yer düzəltmişdik. Bir dəfə dəhşətli küləkdən dam başımıza uçdu. Sonra gözlənilmədən dağda kazarma tikintisi başladı. Elə bildik ki, nazirlik bizim üçün kazarma tikir. Ancaq kazarmanı hərbi hissə komandiri Polad Həşimov öz hesabına tikdirdi. Öz evi olmayan komandirimiz bizim üçün ev düzəldirdi.


***
... Bir gün nazirlikdən yoxlama gəlmişdi. Paltarlarımız çirk içində idi. Su çətinliklə tapılırdı. Qar suyu ilə paltar yuyurduq. Bir polkovnik leytenant bizi danlayırdı. Komandirimiz Polad Həşimov əsəbiləşdi və dedi:

- Mənim əsgərimi məndən başqa heç kim danlaya bilməz. Sözünüz varsa, mənə deyin. Mənim əsgərlərim paltar yumağa su tapmır. İçməli su gətirmək üçün sinəyə qədər qarı tapdaya-tapdaya 3 km yol gedir, həmin yolu da hər əsgər 30-40 litr su ilə geri qayıdır. Mənim əsgərlərim isti kabinetlərdə xidmət etmirlər, cənab polkovnik.


***
... Bizim komandirimiz dövlətin şücaətə görə ona verdiyi evi şəhid ailəsinə bağışlamışdı (vacib bir postu azad etmişdi). Daim əsgərinin yanında olan, əsgərinin haqqını qoruyan zabit idi. Biz dağa, maşın qalxmayan yerlərə un, qida, odun daşıyanda o da çiyinlərində yük bizimlə bərabər dağa qalxırdı. Həmin zaman polkovnik idi. İndi Azərbaycan sizsiz, komandir!


Seymur Kazımov:

***
General-mayor Polad Həşimov mənim komandirim olub. Mərd zabit idi, cəsur zabit idi. Əminliklə deyirəm, həm cəmiyyətimiz, həm də ordumuz üçün çox böyük itkidir. Təpədən-dırnağa zabit idi, nizamnamədən kənara çıxmazdı, amma bəzi hallarda əsgər üçün güzəştə getməyi də vardı.

Ünsiyyətimiz çox olub, amma iki dəfə cəzasına da məruz qalmışam - bir dəfə yayın istisində stadionu 10 dairə qaçırtdı məni, özü də otağının pəncərəsindən seyr edirdi. İkinci dəfə də hərbi andı 100 dəfə əzbər dedirtdi. Nə deyim, xəta məndə idi, cəzamı çəkməliydim.

2006-cı ilin yay ayı idi, hərbi xidməti başa vurmağıma günlər qalırdı. Axşam yoxlanışında kazarmanın yanından keçəndə nə üçün yatmadığımı soruşdu, mən də futbola baxmaq istədiyimi bildirdim. Apardı məni otağına, birlikdə futbola baxdıq, doğrusu, hansı oyun idi, yadımda qalmayıb.

Hərbi xidməti başa vurduğum gün qərargaha getdim ki, sağollaşam. Bayırda gözləməyi tapşırdı. 10 dəqiqədən sonra əlində xidməti xasiyyətnamə ilə gəldi və mənə uzatdı. Gözucu baxdım, təşəkkür etdim. İstədim əlini sıxam, amma bacarmadım, zabit zəhmi gözlərində idi. Hərbi salam verdim, o da jestimə qarşılıq verdi. Əsgər və zabit kimi sağollaşdıq. Bir daha görüşmədik.

Onun haqqında çox şey danışa, yaza bilərəm. Qalanları məndə qalsın.

2018-ci ildə Talışdakı "Polad postu"nda oldum. Həmin postu 2016-cı ilin aprelində polkovnik Polad Həşimov azad etmişdi və onun şərəfinə adını vermişdilər.

Təşəkkür edirəm, 2006-cı ildəki mayor, 2020-ci ildəki general-mayor Həşimov! Allah rəhmət eləsin, qəbrin nurla dolsun, mənim generalım!


Ramazan Səmədov:

***
2010-cu ilin yanvar ayı idi, qar dizə çatırdı. Hərbi hissəyə çatdım. 2-3 gün sonra komandirim Həşimov məni yanına çağırdı. Dedi ki, nə problemin olsa, heç kəsə yox, birbaşa özümə de. Sənin dostların çoxdur, bilirəm, amma ən yaxın dostun mənəm burada.

Tez-tez çağırırdı yanına. Dərdləşirdik, söhbət eləyirdik. Hər mövzuda. Həqiqətən sözdə yox, əməldə cəsur, vətənini sevən bir insan idi. Əsgərlərin yeməyinə, sağlamlığına fikir verirdi. Tualetimizə kimi öz hesabına təmir elətdirirdi. O vaxtki rəhbərliyin yardımını gözləmirdi.

Briqada qarşısında həmişə mikrofonsuz, əsl natiq kimi danışardı. Ən savadsız insan belə onun nə demək istədiyini anlayırdı. Fikirlərini hərbçilərə rahatlıqla ötürürdü.

Briqadanın həyətində erməni traktoru var idi. Özü şəxsən kəşfiyyatda olanda sürüb gətirmişdi. Traktorun arxa şüşəsində güllə yerləri var idi. Amma ölümdən qorxmadan briqadaya kimi sürmüşdü traktoru. Polad idi axı adı. Polad, güllə keçirməz...

İyun ayında AzTV məndən müsahibə götürməyə gəlmişdi. Məqsəd hərbi xidmətdən yayınıb türməyə gedən bir aktivistə qarşı müsahibə almaq idi. Elə komandirin otağında ikən jurnalistə dedim ki, bunu eləyəsi deyiləm. Komandir məni kazarmaya göndərdi. Jurnalistləri götürüb harasa getdilər. Gecə yarısı növbətçi mənə təcili komandirin yanına getmək göstərişini verdi. Komandir Həşimovla çay içdik, otağında mənə dedi ki, narahat olma, danışdım jurnalistlərlə. Sənə siyasi suallar verilməyəcək. Zarafatca, həm də ciddi şəkildə komandirə qayıtdım ki, sizi efirdə tərifləməyəcəm ha, çünki buna ehtiyacınız yoxdu. Güldü, dedi ki, düz eləyirsən. Ürəyin nə istəyir, o haqda da danış. Sonra məni nümunəvi xidmətə görə 10 günlük məzuniyyətə göndərdi. Tapşırıqsız, tərifsiz.

Qayıdandan sonra briqada düzülüşü idi. Minlərlə əsgərin qabağında məni çağırdı, dedi ki, doktor (hərbi xidmətə doktoranturanı yarımçıq buraxıb getmişdim, ona görə doktor deyə çağırırdı məni), gedirik posta odun daşımağa. Əsgərlərlə çiyin-çiyinə postlara odun, yemək daşıyırdı Həşimov.

Yanvarın 1-i evə yola düşmək vaxtı çatdı. Özü mənə bir geribilim forması verdi. Dedi, nə düşünürsən, onu da yaz. Problemlərdən danışmağa çəkinmə, təkliflər ver. Yenə zarafatından qalmayaraq əlavə elədi ki, yaz doktor, yaz, bəlkə oxuyan oldu...

İndi isə, bu yazını yazıram. Özü oxumayacaq komandirim. Amma bəlkə başqaları oxudu, qəhrəmanımızın qiymətini öləndən sonra yox, vaxtında verə bildik.


Şəhid Raquf Orucovun xanımı: "Görüşəndə Raqufa salam de..."


***
Aprel döyüşlərinin qəhrəmanlarından biri, şəhid polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı, "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri Sevinc Orucova da öz Feysbuk səhifəsində şəhid general Polad Həşimovla bağlı fikirlərini yazıb:

- Sübh tezdən acı xəbəri aldım, amma qəbul edə bilmədim, inanmadım. Düşündüm ki, yəqin səhv olub. Raquf şəhid olanda da bu cür qarşılamışdım. Sən demə, iki qəhrəman dostun ruhları artıq qovuşubmuş. Sən demə, Vətənim daha bir igid, cəsur qəhrəmanını öz qoynuna almış. General Polad Həşimov - Raqufun silahdaşı, dəyər verdiyi dostlarından biri. Mənim ümidim Sizlərə idi, Raqufu itirəndən sonra, Sizdən gözləyirdim Raquf kimi minlərlə şəhidimizin qisasını.

Əsgərinin önündə səngərdə döyüşmək, şəhid olmaq, rütbəsindən asılı olmayaraq hər bir Vətən sevdalısının əqidəsidir!

... 2016-cı ilin qələbə ruhlu aprel döyüşlərindən sonra mən yalnız bacardıqca şəhidlərimizi gənc nəslə tanıdıb, onların döyüş yolunu təbliğ etmişəm. Qisas gününü gözləmişəm - itirdiklərimizin, şəhid ruhlarının, şəhid Vətənimizin qisasını. Bu gün o gündür! Artıq yetər bu mənfur düşmənlə hər savaşdan sonra atəşkəsi bərpa etmək! Yetər şəhidlərimizin məzarı önünə başıaşağı günahkar kimi getmək! Bu Vətən bizimdir! Hər bir şəhidimiz bu Vətənin bir daşı, torpağıdır! Vətən naminə birləşməliyik, içimizdəki xainləri məhv edib, düşməni birdəfəlik yarandığı torpaqlara geri oturtmalıyıq!

... Yetər ki, torpaqlarımız azad olunsun! Yetər ki, biz şəhid ailələrinin göz yaşı qurusun! Düşmənə aman verməyək! Bu gün bütün Azərbaycan döyüşçüdür!

Ruhun şad olsun, cənab General!

Görüşəndə Raqufa salam de...

Tural Adışirinin təqdimatındaБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31