manera.az
manera.az

Yaralı misralar gəzir beynimi - Yunus Novruzun şeirləri

Yaralı misralar gəzir beynimi - Yunus Novruzun şeirləri
Yunus Novruzu düz qırx ildi tanıyıram...
Daha doğrusu, əvvəlcə SÖZündən tanımışam, təxminən on il sonra ötəri ünsiyyətimiz olub, bu təsadüf nəticəsində şeirlərindən aldığım ilkin təəssürat bir qədər də dolğunlaşıb, onunla bağlı zəndimdə yanılmadığıma sevinmişəm...
Sonra Qabalda, Tiflisdə, Bakıda rastlaşdıq, bir-birimizə ürək qızdırdıq, doğmalaşdıq. Beləcə Yunus Novruzun təbiətinə bələdliyim nə qədər artdısa, poeziyasını da o qədər çox sevdim. Əmin oldum ki, şeirləri də elə Yunusun özünə oxşayır: qızıl külçəsi kimi təbii, kinsiz, qərəzsiz, işıqla, insanın və dünyanın halından narahatlıqla doludu...

Nəriman Əbdürəhmanlı

GƏRƏK

Bu avtobuslara, bu qatarlara
Bir az yeyinləşsəm, çata bilərdim.
Qarışıb bu yorğun sərnişinlərə
Bir az mürgüləyə, yata bilərdim.

Gərək yüyürəydim, çataydım gərək,
Başımı söykəyib söykəncəklərə
Mənzil başınacan yataydım gərək.
Ötdü avtobuslar, keçdi qatarlar...

Əl eyləmək olmaz təyyarələrə.
Hələ yol ağrısı ayaqlarımda,
Səfər uğultusu qulaqlarımda.
Gedirəm, heç yana çata bilmirəm,
Yerimdə sayıram irəli-geri.
Gərək yüyürəydim avtobuslara,
Gərək saxlayaydım təyyarələri.

OLANA ŞÜKÜR

Yersiz suallarla yormayın məni,
Həyatda nəyim var, nəyim yox mənim?
Nəyim var üzdədi, göz qabağında,
Dosta xeyir-duam, dil-ağızım var.
Beş günlük dünyadan umacağım yox,
Bu mənə bəsdi ki, nəyim yoxsa da,
Mənim bir qələmim, bir kağızım var.

Olana min şükür, başdan aşsa da
Gözüm yox özgənin səadətində.
Təmizlik gəzmişəm hər cür alçağın
Əslində, soyunda, nəcabətində.
Heç vaxt gəzdiyimi tapmamışam mən,
Yenə öz yolumdan sapmamışam mən.

Heç kəsə ümidsiz baxa bilmirəm,
Hamıya təsəllim, dil-ağızım var.
Fəsillər içində üzsə də aləm
Mənim bir baharım, bir payızım var,
Bir də bir qələmim, bir kağızım var.

BİR AZ NƏFƏS ALIM

Məni əldən salır, tükədir, yorur,
Yəqin qızartılar çökür üzümə.
Söndürün, söndürün televizoru,
Bir az nəfəs alım, gəlim özümə.

Fəsillər yerində donsun daş kimi,
Payızı söndürün, yayı söndürün.
Bütün Yer üzünə bir təlaş kimi
Günəşi söndürün, Ayı söndürün.

Susdurun, susdurun məzəni, meyi,
Uyğunlaşa bilim səbrə, dözümə.
Silin yaddaşımdan atın hər şeyi,
Bir az nəfəs alım, gəlim özümə.

SƏS GƏLİR

Məni oralarda çağıranmı var?
Arabir səs dəyir qulaqlarıma.
Bu səs dalğa-dalğa səpələnir hey
Yaxınlarıma və uzaqlarıma.

Bulanıq səs gəlir unamıram mən,
Səs gəlir, durulur qulaqlarımda.
Orda kəlmələrə dönmək istəyir,
Donur, buza dönür dodaqlarımda.

Səs gəlir, nə isə danışır mənə
Eşidə bilmirəm o son cümləni.
Uzaqda kimsə yox, səs gəlir ancaq,
Kimlərdi, görəsən, çağıran məni?

DƏYİŞƏ-DƏYİŞƏ

Dəyişə-dəyişə gedirəm elə,
Gündə bir ağıldı başıma gələn.
Qarşıma nə çıxdı gözümü yumdum,
Hələ ki, olmadı xoşuma gələn.

Tale dedikləri uydurma bir şey,
Bir yol köməyimə, işimə çatmaz.
Bahar gözəlsə də, keçib gedəndi,
Ömrün payızına, qışına çatmaz.

Təzə ad gəzirəm, ünvan gəzirəm.
Hər gün dəyişirəm cığırı, yolu.
Hara üz tuturam, səmt alıram mən
Hər tərəf əziyyət, işgəncə dolu.

Bir kəlmə, bir zərrə qazanmaq üçün
Bəzən özümlə də döyüşəcəyəm.
Ürəyimə yatmır bu dünya, aləm,
Bir gün mən onu da dəyişəcəyəm.

ŞÖHRƏT AZARI

Çəkilən zəhmətlər, tökülən qanlar
Torpaq olacaqdı, daş olacaqdı.
Millətin gözünü çıxardacayıq,
Düzəltiyimizsə qaş olacaqdı.

Sonra mümkün deyil hörmət qazanmaq,
İstəsən Qurandan don geyinib gəz.
Şöhrət azarına tutulan insan
Xalqın dərd-sərini anlaya bilməz.

Bizsə ad-san üçün candan keçirik,
Bəlkə, bir azca da qalxdıq yuxarı.
Millət gözümzdən hələ itməmiş
Geriyə - torpağa qayıdaq barı.

MƏNDƏN ÖTRÜ

Küləyi mənimçün yaradıb Allah,
Mən qanad açıram külək əsəndə.
Mənim ürəyimlə birgə döyünür.
Dünya da titrəyir ürək əsəndə.

Yağışı mənimçün yaradıb Allah,
Yağışlar yağdıqca əzizlənirəm.
Yağışdan yağışa sərinlənirəm,
Yağışdan-yağışa təmizlənirəm.

Günəşi mənimçün yaradıb Allah,
Ruhuma aydınlıq gətirir Günəş.
Başqa bir aləmə qovuşmaq üçün
Məni Yer üzündən götürür Günəş.

NƏSƏ QALIBDI

Arzular susur, üzülür tamam,
Ümid bir qəfil səsə qalıbdı.
Uşaqlığımdan iz qalmasa da,
Cavanlığımdan nəsə qalıbdı.

Tamam üzülmür nəsə ömürdən,
Qır-saqqız olur, yapışır, qalır.
Xatirələrdi - hopur yaddaşa.
Özünə layiq yurd-yuva salır.

Ötüb keçibsə ömür-gün yetər,
Köhnələr gedib, təzə qalıbdı.
Şükür ki hələ hər şey itməyib,
Cavanlığımdan nəsə qaıbdı.

YARALI MİSRALAR

Həyatın yeknəsəq günləri rəngsiz,
Nə bala bənzəyir, nə zəhər dadır.
Hər anın içindən atəş püskürür,
Beynimdə yaralı misralar yatır.

Dostunu dostundan seçə bilməyən,
Bəzən düşməndən də keçə bilməyən,
Bir vərəq kağıza köçə bilməyən
Yaralı misralar gəzir beynimi.

Zamanın sürəti gəlmir eynimə,
Vəhylər sayağı sızır beynimə,
Dərya şeyxi kimi minib çiynimə,
Yaralı misralar düşmür ki, düşmür.

KİMDİ

Bizim yolumuzu kəsən, bağlayan,
Bizim yolumuza hasar çəkən var.
Ürək bulandıran, sinə dağlayan,
Bizi ləngitməyə tədbir tökən var.

Pişiyə döndərər təklik aslanı,
Yoluna dağ olar hər qaya, hər dik.
Arzular o yanda qalıb paslanır,
Biz də bu tərəfdə həsrət çəkirik.

İllər ömürdənmi ötür, görəsən?
Baxırsan ürəkdə nə qədər iz var.
Dünyanı əlinə götür, görərsən
Orada nə qədər xain, xəbis var.

Kimdi yolumuzu kəsən,bağlayan,
Sonra “uğurlu yol” arzulayan kəs?
Ürək bulandıran, sinə dağlayan
Özü də heç zaman doyunca gülməz.

ELƏ HEY

Bəxtin, taleyin ən ağı,
Saralıb, solub yanağı,
Bu dünya bir qan çanağı,
Qaynayır, daşır elə hey.

Qabaqda ya xeyir, ya şər,
Hər çalara, rəngə düşər.
Xeyrini bilməyən bəşər
Büdrəyir, çaşır elə hey.

İnsan zülmə mal olmaqla,
Başı qovğa-qal olmaqla,
Haqq-ədalət lal olmaqla
Həddini aşır elə hey.

DEYƏSƏN

Şeir yazmaq üçünmü yazıram bu sözləri,
Kəlmələr ürəyimdən süzülüb axmır mənim.
Sağa-sola boylanır aradan çıxmaq üçün,
Misralar uçub gedir, sözümə baxmır mənim.

Qaçıram dallarınca,hərəsi bir tərəfə
Dağılışır, bilmirəm hansı səmtə qaçım mən.
Qələm, kağız, bir də mən - üçümüzük ortada,
Onlar məni eşitmir, - sirri kimə açım mən?

Yazmaq istəyirəm ki, vaxtım getməsin hədər,
“Xala xətrin qalmasın” - qaralanır sətirlər.
Özümü zorladıqca zövqümü korlayıram,
Məndən uzaqlaşır hey, aralanır sətirlər.

Bir misradan ötəri günləri qovuram mən,
“Ayının min oyunu bir armudun başında”.
Özümə bəlli deyil, yaşım keçib, deyəsən?
Sözümə baxmır mənim misralar bu yaşımda.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930