Bir mən vardır, məndə məndən içəri - Yunus Əmrənin şeirləri
Manera.az Yunus Əmrənin şeirlərini təqdim edir:
Salam olsun
Biz dünyadan gedər olduq,
qalanlara salam olsun,
Bizim üçün xeyir-dua
qılanlara salam olsun.
Əcəl bükə belimizi,
söylətməyə dilimizi,
Xəstə ikən halımızı
soranlara salam olsun.
Tənim ortaya açıla,
yaxasız köynək biçilə,
Bizi bir asan vəchilə
yuyanlara salam olsun.
Əzrayil alır canımız,
qurur damarda qanımız,
Yuyacağ ağ kəfənimiz
saranlara salam olsun.
Gedər olduq dostumuza,
İrəmədik qəsdimizə,
Namaz üçün üstümüzə
duranlara salam olsun.
Sözdür söyləmir araya,
kimsə döyməz bu yaraya,
İltib bizi məqbərəyə
qoyanlara səlam olsun.
Bu qaydadı, gələn gedər,
Əcəl ki var bizi güdər,
Bizim halımızdan xəbər
soranlara səlam olsun.
Aşiq odur Haqqı sevə,
Haqq dərdinə qıla dəva,
Bizüm üçün xeyir-dua
qılanlara səlam olsun.
Aşiq Yunus söylər sözü,
qan-yaş ilə doldu gözü,
Bilməyən nə bilsin bizi,
bilənlərə səlam olsun.
Məndən içəri
Sevərəm mən səni candan içəri,
Yolum ötməz bu ərkandan içəri.
Nərəyə baxarsam könlüm dolusu,
Səni harda qoyam bəndən içəri?!
O bir dilbərdi ki, yoxdur nişanı,
Nişan yoxdur binişandan içəri.
Məni sorma mənə, məndə deyiləm,
Bir mən vardır məndə məndən içəri
Məni məndən alana irməz əlim,
Qədəm kim basa sultandan içəri?!
Təcəllidən nəsib erdi kiminə,
Kiminin məqsudi bundan içəri.
Kimə dəydi isə ol dost nəzəri,
Anın şöləsi var gündən içəri.
Sənin eşqin məni məndən alıbdır,
Nə şirin dərd bu dərmandan içəri.
Şəriət, təriqət yoldur varana,
Həqiqət, mərifət andan içəri.
Süleyman quş dilin bilir dedilər,
Süleyman var Süleymandan içəri.
Unutdum din, diyanət qaldı məndən,
Bu nə məzhəbdürür dindən içəri?!
Dinin tərk edənin küfürdür işi,
Bu nə küfrdür imandan içəri?!
Keçər ikən Yunus səs oldu dosta,
Ki qaldı qapıda andan içəri.
Gəl gör məni, eşq neylədi
Mən yürürüm yana-yana,
Eşq boyadı məni qana.
Nə aşiqəm, nə divana,
Gəl gör məni eşq neynədi.
Gah əsərəm yellər kimi,
Gah tozaram yollar kimi,
Gah coşaram sellər kimi
Gəl gör məni eşq neynədi.
Axar su kimi çağlaram,
Dərdli ciyərim dağlaram.
Şeyxim anuban ağlaram,
Gəl gör məni eşq neynədi.
Ya əlim tut, qaldır məni,
Ya vəslinə yetir məni.
Çox ağladım, güldür məni,
Gəl gör məni eşq neynədi.
Mən yürürəm eldən-elə,
Şeyx anarım dildən-dilə.
Qürbətdə halım kim bilə,
Gəl gör məni eşq neynədi.
Məcnun oluban yürürüm,
Yarı yuxuda görürüm,
Oyanıb məlul olurum,
Gəl gör məni eşq neynədi.
Miskin Yunus, biçarəyəm,
Başdan-ayağa yarəyəm.
Dost əlindən avarəyəm,
Gəl gör məni eşq neynədi.
Təqdim etdi: Tural Adışirin
MANERA.AZ