Taclı mələk - Hekayə

Xəstəxana müvazinəti pozulmuş naxoş adam təəssüratı bağışlayırdı. Palatanın ab-havası onlarda qəribə hissiyatlar oyatmışdı.
Həmişə səliqəli ağ xalatda gördükləri həkimlərin hava keçirməyən kamuflyaj formada görünüşünü təşviş içində qarşıladılar. Üzlərindəki gülüşlər, xoş təbəssüm tibbi maskanın üzərindən sifətlərini örtmüş ağ salafana bənzər geyimin altında ya görünməz olmuşdu, ya da yaxın keçmişə çəkilib getmişdi. Geyimləri ağ rəngdə olmasa idi, onların uzaq səfərə hazırlaşan partizan döyüşçüləri olduğunu düşünərdin.
Həkimlərin həyəcanlı, narahat görünüşünə diqqət yetirib, hamı bir-birinin üzünə baxırdı. Bəşəriyyət heç cürə özünü inandıra bilmirdi ki, nə vaxtsa görünməz bəladan xəstələnib xəstəxanaya düşə bilərdi. Taclı mələyin bəlasına düçar olduğunu bilib içindən ağır bir gizilti keçdi.
Mövsüm baba təəccüblü halda soruşdu:
– Sən neynəmisən, a bala?
Bəşəriyyət sual qarşısında çox aciz bir görkəm almışdı. Nə etdiyinin, niyə belə etdiyinin fərqinə vara bilmirdi. Özünü qınasa da artıq çox gec idi. Duruxub qalmışdı.
Mövsüm baba ağır-ağır nəfəs alırdı. Öskürək onu haldan salmışdı. Udqunub, bir-iki dəfə möhkəmdən öskürdü. Diqqətini toplayıb, baxışlarını ona zillədi.
-Sən onu tapıb gətirdin, o da gəlib bizi tapdı. Guya, sənə üz gördü? Yox! Onun üçün əlinin içi ilə çölünün bir fərqi yoxdu. Başqa bir məqsədi var, öz məkrli niyyətini yerinə yetirir.
Danışqdıqca təngnəfəs olurdu. Gözləri yaşarıb, sifəti pörtmüşdü. Öskürək ara verdikdən sonra toxdayıb sözünü davam etdirdi:
– Bəs bilmirsən, tac taxtsız heç nədir. Öz hökmranlığını yerinə yetirmək üçün əvvəlcə taxta çıxır, sonra başlayır, yavaş-yavaş işini görməyə. – Ofuldayıb başını buladı: – Böyük bir xəta eləmisən. Tac taxta çıxdısa, vay dünyanın halına. Altını üstünə çevirməsə xeyri yoxdu. Heç bir silah-sürsat onu məhv etmək gücündə deyil. Bütün silahlar onun qarşısında çox aciz görünür. Deyəcəksən, elm, texnika bu qədər inkişaf edib, bəs niyə qarşısında duruş gətirə bilmir? İndi öz gözlərinlə gördün, yeni-yeni qırğın silahları istehsal olunur, amma nə faydası, taclı mələyin qarşısında çox aciz görünür. “Sən saydığını say, gör fələk nə sayır” atalar məsəlini bax, buna deyiblər.
Bəşəriyyət ümidsiz, heysiz halda dilləndi:
– Baba, vallah, bilmədim. Bilsəydim, belə şey edərdimmi? Hamı kimi mən də ova çıxmışdım. Neçə vaxt idi tora heç nə düşmürdü. Çox dilxor olub, özüm-özümdən utanırdım. Kor- peşman yolu əlimə alıb öz-özümə deyinirdim. “Sayılıb seçilən, neçə ilin ovçusu olasan, heç nə vura bilməyəsən.
Dünən yerindən duran qaz vurub, qazan doldurur. Sən əliboş, kor-peşman evə qayıdırsan. Bu harda görünüb? Belə çıxır, ya mən zəifləmişəm, ya da, özümü zəif göstərirəm”. Qəflətən gözümə görünən parıltı məni xəyaldan ayırdı. Çox sevincək olmuşdum. Parıltısı göz qamaşdırırdı. Ən qiymətli daş-qaşa oxşatdım. Hər şeyə birdən nail olmaq keçdi fikrimdən. Düşündüm, ”elə qismətim bu imiş, eybi yox, elə qismət olmadı, belə qismət oldu”. Daha bundan sonra imkansızlığın əlindən qurtulduğumu fikirləşdim. Yaxınlaşdıqca gözlərimə ilişib beynimi dumanlandırdi. Yan-yörəmə boylandım. Gördüm, heç kəs yoxdu. Tez götürdüm ki, başqası görüb mənə şərik olmasın.
Mövsüm baba ufuldadı:
– Hə, a bala, insanlığın faciəsi də, bax, elə burdan başlayır. Daş-qaşa tez aldanır. İnsan gərək ağıl tərəfə getsin, parıltı tərəfə yox. Həmişə insanın nəfsi özünü yandırıb.
-Sonra başını bulayıb dedi: – Tamahlar, tamahlar, ey acılı, şirinli tamahlar, sən nələrə qadir deyilsən. Eh! Sən bilmirsən, insanlar tamahlarının əlində bəndi fərman qalırlar. Bəs eşitməmisən, “artıq tamah baş yarar”.
Bəşəriyyət günahkarcasına başını yerə dikib:
–Bağışla baba, mən də tamahımın güdazına getdim, – dedi.
– Yox, bala, artıq heyifsilənməyin bir mənası yoxdu, özünü günahkar saysan da, saymasan da, daha bizə olan oldu. Sən də insan övladısan, günahın bundan böyük ola bilməz.
– Yenə dərindən nəfəs alıb:
– Heç bilirsən o zəhərmarın fırıldağını? Yox, bilməzsən, hardan biləsən. O elə bir məxluqdu ki, əvvəlcə kiminsə gözünü tutur, ayağına yer edib, başlayır buynuz çıxarmağa, sonra da öz hökmranlığını edir. Onun dostu düşməni yoxdur. O özü insanlığın qatı düşmənidir. Müəyyən insanlar kimi yaltaqlığa boyun əymir. Özü qılıqla insanların ürəyinə yol tapa bildiyindən elə başa düşür ki, insanlar da o niyyətlə ona yaxınlıq etmək istəyir. Bilir ki, sevgi ilə onu tez yolundan döndərmək olur. Ona görə də qılıncını əlində möhkəm tutub.
– Bəs onu evdən necə qova bilərik?
– O girdiyi yerdən çətin çıxa.
– Burda nə var! Uzaq başı evi yandırarıq, o da yanar.
– Evi yandırdın, dünyanı da yandıra biləcəksənmi? Başa düş, elə ki, taxta əyləşdi, o boş-bekar oturmur, təkcə evləri, eşikləri yox, dünyanı gəzib dolaşır. Baxır, harda daha çox hökmranlıq edə bilər. Əvvəlcə o mövqeyini seçir, sonra hucuma keçir. Onu da deyim, onun istiliklə heç arası yoxdu. İstilik onun ölmüdür. İstəmir, nə dünyada, nə də insanlar arasında istilik olsun. O əvvəlcə soyuqluq yaradır, sonra işini görür.
– Hə, elə dünyanı da yandıraq, dünya dəyərdən düşüb, neftimiz qiymətdən. Qoy bir-birinin bədəlini ödəsin. O da odda, alovda məhv olub yansın.
– Bəs sonrası necə olacaq?
– Özümüzə yenidən dünya qurarıq.
–Bax, görürsən, burda da yanlışlığa yol verirsən. Olanı tarimar etmək insanın vəhşi xislətidir. Burda dünyanın, yaxud neftin nə günahı var. Hər şey insan üçündür. Mövcud olanı hər şeyi insan dəyərli də edə bilir, dəyərsiz də. İnsan insanlığını itirəndə çox şeyi gözdən düşür. Onda daha betər olur.
Udqunub sözünə davam etdi:
– Hər şeydən əvvəl insanlığı bərpa etmək lazımdı. İnsanlığı yerinə qaytardınsa, sənin bəyənmədiyin dünyanın da, dəyər vermədiyin neftin də, elə hər şeyin, hər şeyin dəyəri, qiyməti özünə qayıdacaq. Bunun üçün dünyanın baş tərəfində olmaq lazımdır, ayaq tərəfində yox. Başdan fikirləşmək lazımdı, ayaq tərəfinə yan aldıqca ayağa düşür insan.
– Baba, bəs bunun sonu olacaqmı?
– Əlbətdə, olacaq!
– Necə qurtula biləcəyik?
– Yeni bir dövrə qədəm qoyulacaq. İnsanlar bir-birindən xoflanıb çəkinəcəklər, süni öpüşlər, görüşlər keçmişdə qalacaq. Hamı ciddi görünməyə çalışacaq. İtənlərdən, yox olanlardan sonra, hər şeyə nəzər yetirilib, yenidən baxılacaq. İnsanlar ciddiləşdikcə o da ciddiləşəcək. Onu deyim ki, ən axırda insanlıq qalib gələcək.
– Yolunu öyrət, biz necə edə bilərik?
– Yolu çox sadədi. Elə ən çətin, ən ağır müharibələrin də qarşısını insanlıq kəsib, qarşısında insanlıq dayanıb. Həkimlərin ətrafında birlik yarada bilsək, qurtula bilərik. Müharibədə hərbiçi ön cərgədə döyüşdüyü kimi, bu zəhərmarın qarşısında da ön cərgədə həkimlər dayanıb, biz də onlara arxa, dayaq olmalıyıq.
– Baba bunları bilirsən, bəs niyə təslim olursan?
– Bəzən, belə də ola bilir. Başqasının dərdinə əlac qıla bilirsən, öz dərdinə əlacı özündə tapa bilmirsən. İndi qışdır. Mövsüm qışda gücsüz olur. Yay olaydı, gələydi üstümə, ay mənə batdı ha. Mövsümə nə vaxt hücum etməyi o hamıdan yaxşı bilir. Bu mövsümdə əlac tapılmasa da, başqa mövsümdə mütləq əlac tapılacaq.
Qalib ŞƏFAHƏT
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.