manera.az
manera.az

Tarixi-hadisə hesab etdiyim beytləşmə

Tarixi-hadisə hesab etdiyim beytləşmə
Bütün insanların həyatında qəribə hadisələr baş verir. Bu qəribəliklər nə qədər zaman keçməsindən asılı olmayaraq köhnəlmir. Və... köhnəlməyirsə, unudulmur. Unudulmamaq səbəbi də, maraqlı olmağından irəli gəlir. Maraqlı olan hər şey, xatirədir...

Bu günlərdə mənim də qarşılaşdığım qeyri-adi bir hadisə, bəlkə də, hər gün xatırlayacağım xatirəyə çevrilib yaddaşıma hopdu. Onun qeyri-adiliyi keçmiş xatirələrimdən biri haqda dərindən düşünməyə rəvac verdi. Ustadımın qarşısında imtahan hayacanını yenə də yaşmaq istərdim... Belə məqamlarla bağlı gündəliyimdə məmuniyyətlə ətraflı qeyidlər etdim...

Mənim üçün tarixi hadisə hesab etdiyim həmin hadisəni yazıb təqdim etmədən əvvəl onun sıradan bir hadisə olmadığını qeyd edim. Çox dəyərli bir dostum var, onu dəyərli dost hesab etməyimin kökündə aramızdakı əsil dostluq tellərinin varlığıdır. Ancaq tale elə gətirib ki, biz istəmədən uzun zamandı görüşmürük. Əslində görüşə də bilərik. O isə... Nəysə... Əvvəllər hər gün demək olar, görüşürdük. Mənə sosial şəbəkədə şeirlə əlaqəli, ən azı 4-5 yazı yollayırdı. Sayı bundan çox olardı, az olmazdı.

Bu günlərdə bir yazı ilə üz-üzə gəlməli oldum. Bu, onun 2012-ci ci ilin iyulunda mənə göndərdiyi məktubdur. O zaman müəyyən səbəbdən oxumamışdım. Səkkiz ildən sonra məni heyrət bürüdü. Oxuya-oxuya mərhum ustad şair, füzilişunas Hacı Ələmdar Mahiri xatırladım. O, ədəbi məclislərdə zaman-zaman bu təşəbbüsü irəli sürürdü: aramızda beytləşmə olsun, bir-birimizlə beytləşmə yarışına təşkil olunsun, sanki. Boş və mənasız söhbətlərə etməkdənsə, kiminsə arxasımca danışmaqdansa, yaxud da gərəksiz alış-verişə getməkdənsə, belə yazışma daha dəyərli olar.

Belə də edirdik. Beytləşmə bitəndən sonra heç kim imkan verməzdi ki, biri o birinin beytine biganə yanaşsın. Hacı Ələmdar beytlər yazılmış kağızı səliqəylə büküb cıbınə qoyaraq “bunlar tarıxdi” deyərdi.

Mən “tarix” sözünün mahiyətini onda yox, indi başa düşürəm! Həmin günlərədə baş verən o beytləşmələr mənim üçün tarixi-hadisədir...

Həmən ki, məktub:

Hacı Arif Buzovnalı

Gəhi cismü gəhi can eylərəm yarə fəda tək-tək,
Cəfa min-min cəvab oldu o dilbərdən, vəfa tək-tək.

Səyyar

Nigara, çoxdur aləmdə məni-dildadəyə nazın,
Gəlir əmma mənə səndən cahanda bu əda tək-tək.

İlqar Fəhmi

Təki aşiqlər öyrənsin canından keçməyi, ey dil,
Təfavüt yox edə canın fəda cüt-cüt və ya tək-tək.

Hacı Ələmdar Mahir

Hərə bir cür məhəbbət vadisində ad qoyub getdi,
Olar mən tək bu səhradə həqiqi mübtəla tək-tək.

Tacəddin Taci

Cəmalın görmək üçün yarın aşiq canı nəzr eylər,
Qəbul eylər və leyki nəzrini sahibliqa tək-tək.

Nəvid Azəribaycani

Gəzib könlüm quşu səhrayi-eşqi kubəku gördü,
Yıxıb aşiqlərin cansız yerə ol məhliqa tək-tək.

Hacı Arif Buzovnalı

Bəla bəhrində qərq olmaq deyil qəm aşiqi-zarə,
Bəlası bundadır ki, fəth edər könlün bəla tək-tək.

İlqar Fəhmi

Düşər qiymətdən olsa bir sədəfdə xeyli mirvari,
Onun üçün gəlir dünyayə, ey dil, ənbiya tək-tək.

Səyyar

Dilər daim pənah səndən neçə min aşiqi-xəstə,
Nola bu ləşkərə, ey şux, elə sən gəl dua tək-tək.

Hacı Ələmdar Mahir

Cahan ayinəsin seyr eyləyənlər söyləyirlər var,
Mənim tək aşiqi-sadiq, sənin tək dilrüba tək-tək.

İlqar Fəhmi

Yığıb aşiqlərin birlikdə eylər dərdinə çarə,
Ömür çatmaz ol afət eyləsə hərgah dəva tək-tək.

Tacəddin Taci

Mənə kəc baxmasın heç kim ki nadir bir hünərmərdəm,
Hünər dəryası bəxş etmiş mənim tək pürbəha tək-tək.

Hacı Arif Buzovnalı

Yetər bir gün olar üqbadə cəm əhli-cahan məyus,
Seçər öz camına layiq mühibbin Mürtəza tək-tək.


Gülbala DADAŞ






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 123456
78910111213
14151617181920
21222324252627
282930