Seyyidin qəlbinin səsi

Klassik ədəbiyyatımızın zinəti sayılan qəzələ qayıdışla bağlı ötənlərdə bir neçə yazı yazmışdım və bu yazılar maraqla qarşılanmışdı. O yazılardan birində qeyd etmişdim ki, bu gün qəzəl köynəyini dəyişir, gənclərin yaradıcılığında modern üslub qazanır. Bu haqda ustad tənqidçimiz, professor Vaqif Yusiflinin də bir sıra dəyərli yazıları var.
İstedad özünü hər hansı bir formada büruzə verirsə, bütün hallarda ona yol açmaq, dəstək olmaq lazımdır. Yaradıcılığın minbir yolu var, biri özünü modernizmdə ifadə edir, biri klassik üslubda sözünü deməyə can atır. İnsanların içindəki yaradıcılıq instinktləri müxtəlifdir. Son zamanlar müşahidə edirəm, hətta yeniyetmələrdə belə qəzələ, əruza sonsuz maraq, bağlılıq yaranıb. Bunun başlıca səbəbi budur ki, biz Şərq insanıyıq və ritm, ahəng bizim içimizdədir, əruza bağlılıq genetik yaddaşımızdan qidalanır.
Əruzda sözünü deməyə çalışan gənclərin yaradıcılığını mümkün qədər izləməyə çalışıram. Zaur Rəxşan, Tərlan Sadiq, Gülbala Dadaş, Kamal Hüseynzadə və digər yeni imzalar var ki, onların qəzəllərində söz təkrarçılıqdan, şablondan uzaqdır, təravətlidir, yenidir, orijinaldır. Bu günlərdə Seyyid Mais Boradigahlının “Qəlbimin səsi” kitabını oxudum və qənaətlərimdə yanılmadığımın bir daha şahidi oldum.
Seyyid Mais Masallı rayonunun Boradigah kəndində seyid ocağında dünyaya göz açıb. Masallı ədəbiyyatımız üçün münbit bir ərazidir, bu torpaqdan saysız-hesahsız şairlər, yazıçılar, alimlər, dəyərli ziyalılar yetişib. Hər dəfə yolum Masallıya düşəndə Güllütəpədə dağın ətəyində binə qurmuş mərhum şairimiz Məmməd Kazımı ziyarət edirdim, Xırmandalıda müəllim ömrü yaşayan gözəl şair dostum Arif Fərzəlinin qonağı olurdum, Masallı camaatının bu gün də hörmət və ehtiramla xatırladığı müəllim və şair Novruz Xoşbəxtin oğlu İlham Novruzoğluya baş çəkirdim. Masallı ilə bağlı o qədər xatirələrim var ki!.. Boradigaha gəldikdə isə bu kənd ən qədim yaşayış məskənlərindən biri hesab olunur. Burada e.ə. IV-II minillikləri əhatə edən tunc dövrünə aid “Ağababa təpəsi” və “Mehdi təpəsi” adlı arxeoloji abidələrin aşkar edilməsi Boradigahın nə qədər qədim tarixə malik olduğunu təsdiq edir. Bu kənd həm də atəşpərəstliyin izlərini özündə saxlayır. Belə ki, Boradigahda tapılmış və tuncdan hazırlanmış kiçik şir fiquru atəşpərəstliklə bağlıdır. Bu fiqurun başındakı dairəvi lövhə onun göylərlə, Günəş və ulduzlar aləmi ilə, tarixi ənənələrimizlə, Novruz bayramının yaranması ilə bağlı olduğunu sübut edir.
Boradigah milli-mənəvi dəyərlərə son dərəcə bağlı bir kənddir. Bu torpaqdan neçə-neçə din xadiminin yetişməsi heç də təsadüfi deyil. XX əsrin ortalarına qədər (ateizmin tüğyan etdiyi dövrlərdə!) Boradigah və Ərkivan həmin bölgənin din mərkəzləri hesab olunurdu. Sovetlərin islama düşmən münasibəti bu ərazilərə sirayət edə bilməmişdi. Bu torpağın mayası imanla yoğrulub. Hələ XIX əsrdə burada məscidlər tikilməyə başlamışdı. İlk məscid 1853-cü ildə tikilib. İmamzadə ziyarətgahı, Qərib Seyid türbəsi, Seydəkinə (Seyid qızı), Bahomba və Qulaməli ocaqları qəsəbənin ərazisində yerləşir. Müstəqilliyimizi qazandıqdan sonra qəsəbədə şərq memarlıq üslubunda olduqca gözəl və möhtəşəm bir məscid də tikilib dindarların istifadəsinə verilib. Əslində sadaladığım faktlar hamıya bəllidir, Boradigahın zəngin və şərəfli tarixi var. Bu bəlli faktları tərkar xatırlamağımın məqsədi odur ki, haqqında yazmaq istədiyim Seyyid Mais Boradigahlının hansı mənəvi köklər üzərində yetişdiyi oxucuya aydın olsun.
Yazımızın əvvəlində də qeyd etdik ki, Seyyid Maisin təbi əruz üzərində köklənib.
O, ötən əsrin 80-ci illərindən yazıb-yaradır. Bildiyim qədərilə “Qəlbimin səsi” onun ilk kitabıdır. Yaşı 40-ı çoxdan keçsə də müəllifin təvazökarlığı, özünə və sözə qarşı aşırı məsuliyyəti bu məsələdə ona mane olub. Bu günkü kitab bolluğunda Seyyid Maisin qəlbinin səsi çox aydın eşidilir, çünki o, istedadlı qələm sahibidir. İstedada isə zaval yoxdur.
Seyyid Mais əruz ədəbiyyatının qayda-qanunlarını mükəmməl bilir. Onu müəyyən mənada Seyyid Əzim məktəbinin davamçısı hesab etmək olar. Qəzəllərində Füzuli, Seyyid Əzim, Əliağa Vahid nəfəsi duyulsa da o, öz hiss və duyğularını özünəməxsus formada qələmə alır. Belə bir söz var: “yenilik yaxşıca unudulmuş köhnədir”. Bu mənada müəllif əsrlərdən bəri yol gələn əruz şeirimizin sağlam ənənələrini öz yaradıcılığında yaşadır və bu da təqdirəlayiq haldır.
İlk baxışda əruz sözün çərçivəyə salınmış şəklidir, əslində isə qəzəlin mahiyyətində çox dərin mətləblər gizlənir. Füzuli sözü məhz əruzda Tanrı məqamına ucaltdı. “Vadiyi-vəhdət həqiqətdə məqami-eşqdir” deyən Füzuli İlahi eşqin əbədiliyini sözlə möhürlədi. Və bu dəyişməz həqiqəti klassik şeirin kanonları çərçivəsində cilaladı. Seyyid Əzim də, Əliağa Vahid də bu karvanın yolçularıdır və karvan bu gün də yoldadır. Seyyid Mais o karvanda bir yolçudur, o da Tanrıya öz sözünü pıçıldayır:
Ya Rəb, niyə bu eşqlə bir xuni-diləm mən?
Vəhy ilə izah eylə ki, bu sirri biləm mən.
Çəkdim nə qədər huri-liqalərlə cəfanı,
Amma nə səfa gördüm olardan ki, güləm mən?
Üzdü məni qüssə, xəzan oldu çəmənim də,
Döndü qana bağrım, elə soldum ki, güləm mən.
Çeşmim bu gözəllər qəmi-eşqiylə qan ağlar,
Dünyanı tutar əşki-qəmim, sanki seləm mən.
Seyyid Mayis yeni imza deyil, qeyd etdiyimiz kimi, uzun illərdir yazıb-yaradır. Bu kitab isə onun qəzəlləri, söz dünyası haqqında dolğun fikir deməyə əsas verir. Onun yaradıcılığı təkcə qəzəllə məhdudlaşmır. Kitabda müxtəlif mövzuları əhatə edən şeirlər də yer alır və bu şeirlərdə də müəllifin fərdi yanaşma tərzi, axıcılıq, rəvanlıq diqqəti çəkir. Sözsüz ki, onun qəzəlləri haqqında əruzşünaslar, söz xiridarları öz sözünü deyəcək. Onun poeziyası öz mənbəyini doğulduğu torpaqdan, yetişdiyi mühitdən alır. Masallı, xüsusən Boradigah xalqımızın ruhunu öz varlığında daşıyan, ənənələrə, kökə bağlılıq baxımından seçilən bölgələrdəndir və bu torpaqda Seyyid Mais kimi istedadlı söz adamının yetişməsi də təbiidir.
Qələm dostumuza uğurlar arzulayıram! O, kitabının adını “Qəlbimin səsi” qoyub. Qəlbin səsi insanın ən böyük həqiqətidir. Həqiqətin mübarək, Seyyid!
Kənan HACI