manera.az
manera.az

Yaşamaq, səsləndirmək və yazmaq- Könül Arifin şeirləri

📅 05.05.2020 13:56

Yaşamaq, səsləndirmək və yazmaq- Könül Arifin şeirləri
MANERA.AZ Könül Arifin şeirlərini təqdim edir:

Pencək

Bir qadın vardı -
Havalıydı.
Axşamlar oğrun-oğrun
Zəmidəki müqəvvaya
Yemək aparırdı.

Demə,
Müqəvvanın çiyninə
İtkin oğlunun pencəyi salınmışdı.

Qadını görcək zəmidəki qarğalar
Qoynuna sıxıb yavrularını
Elə heeey
Üzüyuxarı baxırdı.

Ağlayırdı qarğalar qadına,
Qarğa dilində
Ağlayırdı...

Sükut edirdi sünbüllər hər axşamçağı,
Qucurdu zəmi torpağı
Sinəsinə düşüb unudulan
Əzik-üzük buğdaları...

Ötürürdü küləklər bir-birinə,
Öpürdü küləklər cümlə-cümlə
Ana laylasını:

"Bu tikəni də ye, balam,
Ye ki, rahaaat yatasan.
Ağlayır, bax, qarğalar -
Hamısı da acdı ha,
Ye! Qalmasın onlara..."
(2013)

Səndən sonra

Axtarırdım sənə qovuşmağın yollarını..

Öncə düşüb həyətə
Ovuclarımla su səpdim əkdiyin çiçəklərin dibinə
Bəlkə orda susuzsan deyə...

Sonra geri çəkdim divar saatımızı.

Anamın qoparıb atdığı təqvim ləçəklərini də
Gətirib yapışdırdım yerinə -
Bəlkə bu arıq əllərimlə
Geriyə çəkə bilərəm deyə zamanın çarxını.

Olmadı...

Səndən sonra o şəkillərin də
Heç birindən mənə ata olmadı.

Heç biri çərçivələri sındırıb çıxmadı...

Repriz

I

Sevgi ilə dodaqların arasında - əllər quruyar...
Dodağımla toxunsam sevgiyə
qupquru

izsiz torpaq gizildəyər çöllüklərdə.

Bircə mənnn...
...................bircəəə...
.............................bircə mən ölərəm
o torpağın üstündə!

II

Kölgəm -
məndən öncə uzandı torpağın üstünə...

Qabırğa ilə torpağın arasında - kölgə.

Torpağın üstündə
Qabırğa şəklində kölgə.

III

Sən
"bütün bunları yaz" deyirsən.

Mənsə
bunları yaşamaq, səsləndirmək istəyirəm.

Yaşamaq,
səsləndirmək
və ya
yazmaq arasında
qıvrılmaqdır ömür indi,
eynən yumub gözlərini
masanın bir ayağından o biri ayağına
qıvrılıb
quyruğunun ucunacan sürtünən o pişik kimi.

IV

Bircə
səsləndirə bilmədiklərimi
rahatlıqla yaza bilirəm.

Məsələn:

"Mən səni...
................hələ də...
...........................sevirəm"
(2016)

Kiçik formatda küçə

Küçədə əl izləri var –
Çəkilib üzüaşağı
Həzin bir sığal.

Damlarda göz yaşları...
Ordasa yaydı.

Ovcunda tutub bir kişi üst-üstə iki çörək,
Sol qolunda saatı,
Əlində
Qara eynək.

Çörəyin üstündəsə
Qat-qat öpüş izləri – anamın dodaqları

Bu,
Sənin fotoşəklindir,
Ata!
(2014)


Baxış sayı - 966 | Yüklənmə tarixi: 05.05.2020 13:56
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031