manera.az
manera.az

Ovuda bilmirəm sənsizliyimi - Şeirlər

📅 29.04.2020 13:36

Ovuda bilmirəm sənsizliyimi - Şeirlər
MANERA.AZ Xalid Mahmudun şeirlərini təqdim edir:

***
silmək istəyirəm sənin adını,
özümdən sonrakı özümün üstən.
həsrətin yorulub, elə yatıb ki,
başını qaldırmır dizimin üstən...

yalvardıq, oxşadıq boş ətəkləri,
Tanrı da sevmədi, atdı təkləri...
çeynəyib minillik gələnəkləri,
yıxıldım bir dodaq sözümün üstən...

ömrü yavan yerə yeyib, uzatdıq,
dərdi əynimizə geyib, uzatdıq...
burax, çıxım gedim deyib, uzatdıq,
yığışdır ruhunu gözümün üstən...

çıxıram

sevgidən ürəyi yanıq bir ömrü,
aldana-aldana başa çıxıram.
sənin gözlərindən qurtulmaq üçün,
axıb gözlərimdən yaşa çıxıram.

ovuda bilmirəm sənsizliyimi,
tökülür üstümə kədəri, qəmi.
dünyanın alnına bir misra kimi,
tətiyi çəkirəm, boşa çıxıram.

çox baha oturdu bu şəhər mənə,
göstərdi üzünü birtəhər mənə.
səni təkliyimə bölürəm, yenə,
Tanrı hesabında qoşa çıxıram.

həsrəti bələkdə başlanan ömrü,
hər addım başında daşlanan ömrü,
vaxtın əlləriylə xışlanan ömrü,
yuyub, arıtlayıb daşa çıxıram...


***
bu gecə içimdə bir üzüntü var,
bu gecə qar döyür pəncərəmizi.
təkəm, təkliyimin keşikçisidir,
küçə itlərinin sahibsiz səsi...

bu gecə sərxoşdu ümidlər yenə,
gəlmədin taleyin ayıq vaxtına.
səni elə sevdim...
neyləyim ki mən,
düşmədin bəxtimin oyaq vaxtına...

soyuyub otağın divarları da,
sənsizlik asılıb hər köşəsindən.
arzular başını salıb aşağı,
ümidlər ürpəşir bayquş səsindən...
bu gecə içimdə bir üzüntü var...


***
unut, sən də unut...
unut məni bu küçə kimi,
üzərimdən keçib ayaqla, çıx get.
arxanca sürünən gözlərimə bax,
bir az kədərlənib, bir az darıx get.

ömür qanadlanıb uçan quşdusa,
eşqin ürəyimdə qara daşdısa,
bu sevgi gözümdən axan yaşdısa,
ovcunun içində doyunca sıx get.

sən qoydun qəlbimə, sən bu qadını,
indi də sən onun silib adını...
qəzaya uğrayan köhnə odamı
sən öz əllərinlə özün dağıt, get...


***
deyəsən dünya da yorulub, bezib,
saxta sevgilərin saxta səsindən...
kitabı bağlanıb, gün düşmür daha,
üstünə zamanın pəncərəsindən...

yığıb-yığışdırıb düyünçəsini,
bağlanıb eşqin də bazarı çoxdan...
üstünü ot basıb, unudulubdu,
ölən məhəbbətin məzarı çoxdan...

bir vaxtlar dillərdən düşməyən eşqə,
indi hamı baxır ekspanat tək.
içib xəcləmişik oğlanlı-qızlı,
kafe künclərində köhnə manat tək...

Fərhad külüngünü qoyub muzeyə,
çoxdandı Şirinçün at çapmır dağa.
daha Leyli adlı qızlar doğulmur,
daha həvəs yoxdu Məcnun olmağa...


***
nə olsun, beləcə ayrılıb getdin,
səninlə aramda bir "ah" ağladı.
səni öldürməyə qalxmadı əlim,
yolumun üstündə günah ağladı.

neyləyim, səninlə qoparıb atdım,
içimdən çox şeyi...
bu yolu seçdim...
nə ümid qalmadı yaşamaq üçün,
nə arzu qalmadı, üstündən keçdim...

nə çəkim bu dərdi ovutmaq üçün..?
siqaret çəkirəm, dərd yansın deyə...
yapışıb dördillik günahlarımdan,
ovcumdan axan qan dayansın deyə...

sən öldün mənimçün...
ruhun şad olsun...
keçirsən qarşımdan indi yad kimi.
qoy bu misraları oxusun hər gün,
mələklər ruhuna salavat kimi...

əlim gəlməz

misra-misra varaqların ağ yaxasında,
qanad açıb sənə sarı uçar əllərim.
axşam düşər, qaranlığı bədənin bilib,
ovucunu ağ yaxana açar əllərim.

sənsizlikdən sükutumun ürpəşər saçı,
ümidlərim üşüyəcək bu bəxt tasında.
varaqlayıb uzaq-yaxın xatirələri,
canım olar bu qorxunun təmənnasında.

xəyal şirin, arzu sonsuz, ümid təsəlli,
əlim gəlməz oyatmağa yatmış gecəni.
bax, beləcə addım-addım
zaman da sərxoş,
səs-səmirsiz ötüb keçər bu boş küçəni...

sənsizlik

Fidanın şeiri...

çıxıb getdin,
xoşbəxtliyi çox gördün mənə,
çiçək açan sevgimizin dadı çıxmamış.
söyləmişdin kimsə bizi ayıra bilməz,
çıxıb getdin ayrılığın adı çıxmamış...

addım-addım yaxınlaşıb gəlir üstümə,
elə bil ki, sənsizliyi duyur divarlar.
qışqırıram, səsim çıxmır, donub qalıram,
sükutumun göz yaşını yuyur divarlar.

tənhalığın qorxusundan ürpəşir saçım,
çarəsizəm ölüm hopmuş vaxtın əlində.
taleyimi yazan belə yazdı, neyləyim,
çırpınıram bir uğursuz baxtın əlində.

qaranlığı qucağıma alıb hər gecə,
sən gedəni əllərimdən çıxıb yatıram.
dərdlərimi kəfən kimi örtüb üstümə,
sənsizliyi gözlərimə sıxıb yatıram...


***
üstündəki yuxunu çırp,
çırp dərdlərin yaxasına.
qapısın aç, gir ömrümün,
gün doğmamış yuxusuna...

sükutunla sığal çəkmə,
üzündə ağlayan səsə.
ürəyin dolunca hönkür,
ömür varaqlayan səsə...

burax dərdlərin başını,
nə çəkərsə, zaman çəkər...
ölüm bir ev tikib gedər,
həyat içində can çəkər...

biz kənd uşaqlarıyıq

göz açdıq dünyaya əzan səsinə,
baş qoyduq dorpağa, daş-daş böyüdük.
geydik əynimizə yağışı, qarı,
dumanla, çiskinlə qardaş böyüdük.
biz kənd uşaqlarıyıq...

bizə əl çalmağı öyrətmədilər,
bizə öyrətdilər dəryaz çalmağı.
başımız altına yastıq yerinə,
yığdılar qayanı, qoydular dağı.
biz kənd uşaqlarıyıq...

alnımız torpaqla dəstəmaz aldı,
əlimiz öyrəşdi döz becərməyə.
torpaqla biçildi kəfənimiz də,
alışdıq dırnaqla söz becərməyə.
biz kənd uşaqlarıyıq...

bulvar küləyiylə, dəniz mehiylə,
saçları daranmış qız bəyənmədik.
əsdik, hər kəlmənin üstündə əsdik,
qaytanı qırılmış söz bəyənmədik.
biz kənd uşaqlarıyıq...

Tural Adışirinin təqdimatında


Baxış sayı - 932 | Yüklənmə tarixi: 29.04.2020 13:36
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031