manera.az
manera.az

Xatirən olaydım, kövrək, kimsəsiz - Şeirlər

📅 23.04.2020 10:08

Xatirən olaydım, kövrək, kimsəsiz - Şeirlər
Manera.az şair Zakir Məmmədəlinin şeirlərini təqdim edir:

Yaman yorulmuşam...

Yaman yorulmuşam, yaman dolmuşam,
dünyanı gözümdə batıra billəm.
Duyğuya bələnib nağıl olmuşam,
bir tilsim əlində dara çəkilləm.

O nağıl bitəcək, sınar o tilsim,
köçəri quş kimi dönəcək bahar.
Onda xəyal quşu yolunu hərdən
yəqin ki, nağıllı diyardan salar.

Köçəri quş kimi bahar dönəcək,
qaranquş səsində sükut sınınca.
Qışın ağ nağılı bitər beləcə
baharın yağışlı laylasındaca.

Elə kövrələrəm, elə dolaram,
o bahar duyğuya, hissə bələnnəm.
Narın-narın səpən yağış olaram,
fidan sevgilərin üstə ələnnəm.

Yaman yorulmuşam,
yaman dolmuşam...
Sinəm nəğmə-nəğmə boşalacaqdır.
Pəncərəm önündə gələn baharın
bağlı qönçələri açılacaqdır.

Bu gün bir ayrı gün...

Ağaclar altına, kollar altına
kölgəyə qarışıb səpildim bu gün.
Dərd səfə düzülüb üstümə gəlir,
yolunda qala tək tikildim bu gün.

Bu gün bir ayrı gün, bir ayrı tale,
sevgilər tumurcuq atan günüdür.
Göydən yerə enib mələklər bu gün,
dualar Tanrıya çatan günüdür.

Qoy sussun kamanın, tarın naləsi,
oyanar içimdə qarımış kədər.
Bu günü taledən oğurlamışam,
əzablarla dolu bir ömrə yetər.

Canına can qataq günün, qoy hər an
səməndər quşu tək küldən alışsın.
Bitməyən nəğmədən xəlq olub bu gün,
qoymaram gecəyə axsın-qarışsın.

Bilirəm fələk var, qəza-qədər var,
Günəş özü bu gün yar olsun bizə.
Anlamı varmı ki, bu gündən belə
nədən pay düşəcək taleyimizə?

Günəş zərrələrin süzək badəyə,
bir az sevgi qataq, o ki var içək.
Könlünü şad edək ulu Hörmüzün,
nur içək, məst olaq, dünyadan keçək.

Uzaq diyarlarda yağışlar yağır...

Uzaq diyarlarda şimşəklər çaxır...
Gecənin bürküdən gözləri qançır.
Tanrının gözündən uzaq bu yerdə
nə ildırım çaxır, nə yağış yağır.

Uzaq diyarlarda çaxan ildırım —
zülməti titrədən çılğın köhlənim!
Uzaqlar səsini uddu, batırdı,
yollar yordu səni, bitdin, tükəndin...

Yerləri göylərdən seyr edən bulud,
yanan ürəklərə su səpərmisən?
Bəxtinə dərd düşüb bu torpaqlqrın,
dərd əkdik, sən ümid bitirərmisən?

Tale yaman yerdə haqladı bizi,
ələndi yar-yoldaş, bitdi, tükəndi.
Sevincin yolları düşdü uzaqdan,
dərdimiz boy verib göyə dikəldi...

Odunda qovrulub kül olan gecə,
göz-gözə qalmışıq — bir sən, bir də mən.
Sən bir udum sərin meh sorağında,
mən qopa bilmirəm xatirələrdən...

Bilməzdim qabaqda yoxuşlu yol var,
yoxuşda yorulub yolda qalma var...
Niyyətim haraydı, mənzilim hara,
bilməzdim ümid də qocalar, solar...

Yuxusu mənimtək didərgin gecə,
baş-başa qalmışıq qədərirmizlə.
Ürək açmağa bir həmdəmimiz yox,
sarılıb sığınaq dərdlərimizə...

Xatirən olaydım

İsti-bürkü dolu bir yay axşamı,
sərin yağış olub yağa biləydim.
Qonub damla-damla yanaqlarına
ağrını-acını qova biləydim.

Sərin mehə dönüb hər səhər-axşam
öpəydim saçından, yanaqlarından.
Ah, necə istərdim itib-batmayan
təbəssüm olaydım dodaqlarında...

Gilavar olaydım qalxıb dənizdən,
qağayı səsini, dəniz ətrinə
qatıb qucaq-qucaq pəncərənizdən
daşıya biləydim səhərlərinə.

Xatirən olaydım, kövrək, kimsəsiz
bitən nəğmə kimi, ötən gün kimi...
Yuxuna gələrəm bir gün xəbərsiz
yurduna qayıdan didərgin kimi...

Xatirən olaydım, kövrək, kimsəsiz - Şeirlər


Baxış sayı - 987 | Yüklənmə tarixi: 23.04.2020 10:08
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031