manera.az
manera.az

Ovut bir sevgidən qalan həsrəti.. - ŞEİRLƏR

📅 03.05.2018 18:31

Ovut bir sevgidən qalan həsrəti.. - ŞEİRLƏR
Manera.az Lətafət Abıyevanın şeirlərini təqdim edir:

Darıxıram, gəl

Gəl bax,ürəyimdə ocaq çatıbsan,
Yiyə dur bu oda,bu közə indi.
Sən elə sevdirdin özünü mənə,
Belə kövrəkliyə kim dözər indi? --
Gəl,darıxıram.

Qıyma bu arzuyla ölüb gedəm mən --
Həsrətin bağrımı qanadanda gəl.
Bilmirəm,təyyarə,ya da qatarla,
Ya elə quşların qanadında gəl.
Gəl,darıxıram...

Çevrilib buluda göyə çəkilmə,
Havalı bir yağış şırıltısı ol.
Bir göy qurşağının dodaqlarında
Nurlu bir təbəssüm parıltısı ol
gəl!
Darıxıram.

Bilmədim bəxtimin hansı yolundan,
Hansı döngəsindən qarşıma çıxdın?
Durmuşdum qürurun dağ zirvəsində,
Dırmanıb 46 yaşıma...
çıxdın
Gəl,darıxıram.

Dəstədən perikmiş qərib durna tək,
Ya ömrün gecikmiş çiçəyi tək gəl...
Hər necə gəlirsən,yuxu tək gəlmə...
Çalış həyatımın gerçəyi tək gəl.
Gəl,darıxıram.
Darıxıram...
Gəl!

Kimdən diləyim səni

Həsrətin nə yaman düşüb könlümə,
Nə yaman istəyir ürəyim səni?!
Tanrıya əl açım, bəndədən umum?
De, kimə üz tutub diləyim səni?

Bəxtin getdiyi yol ayrı yoldusa,
Bizi gen salardı, ayırırdısa.
Bu gün yanında bir ayrı yardısa,
Mən necə yaxınım söyləyim səni?

Bu eşqin özü tək dərdi də pirdi,
Dərdin özü də bir ilahi yerdi.
Nə olsun yolumuz bu gün də birdi,
Di gəl, istəmərəm əyləyim səni.

Qəlbə gözəllikdən körpüdür sevgin,
Hər vaxt əzizlənən körpədir sevgin.
Özün duy, mənimçün gör, nədir sevgin,
Sanıram gör kimim, mən nəyim səni?!

Həsrətin könlümə yaman düşübdü,
Bilsən, necə istər ürəyim səni?!
Tanrıya əl açım, bəndədən umum,
De, kimə üz tutum diləyim səni?,,,

Mənim o şəhərə bir səfərim var

Mənim o şəhərə bir səfərim var -
Çiynimdə bir sevgi mafəsi, gəlləm.
Başımın üstündə dolaşan ruhu,
Yolumda soyumuş nəfəsi, gəlləm.

Seyr edim şəhəri onun gözüylə,
Dərdimi gözümdə çıraq eyləyim.
Tutub qəhərimin əlindən gedim -
Onu daşdan, quşdan soraq eyləyim.

Baxım bu şəhərdə nə təhər olur
Axşamın qürubu, səhərin danı?
Soruşum küləkdən, ağacdan, otdan -
Mənim o talehsiz sevdiyim hanı?

Bir azan səsinə diksinim qəfil,
Əvvəlki dualar dilimə qonsun.
Görüb o sevgiyə ibadətimi,
Heyrətdən Allahın özü də donsun.

Yenə dua edim o candan otrü,
Ölüm də sarsılsın bu eşq önündə...
Nə biz yada düşək, nə vüsalımız,
Bütün arzuları qoyum dünəndə...

Bir az da şəhərdən kənara çıxım,,
Qalxım yaylaqlara - o, qalxan dağa.
Əyilib bir ovuc torpaq götürüm,
Sıxım, tutiyə tək sıxım dodağa...

Qalxım yaylaqlara, o, qalxan dağa,
Çarpaz cığırlarda izini gəzim.
Tapmayıb peşiman dönüm şəhərə,
Küçədə, döngədə özünü gəzim...

Sevgimin bəxtinə düşüb o şəhər
Sonrakı yurd yeri, son ünvan kimi...
İçimdə hayqırtı, üzdə təbəssüm
Axtarım bir ilğım, bir güman kimi...
Mənim o şəhərə bir səfərim var...

Aç danış dərdini durna dilində

Gəl, sənin könlünü alım, ay payız,
Səndən hamı küskün, hamı bezardı.
Sən də şux olsaydın,şəninə yaz tək
Şairlər şövq ilə şeir yazardı.

Səni duyan olmaz bəlkə mən kimi,
Mən də hal əhliyəm, dərd adamıyam
Çox dərd məndə dəyib, məndə ballanır.
Mən dərdin təamı, dadı-tamıyam.

Səni duyan olmaz bəlkə mən kimi,
Dilsiz də anlayar dərdli dərdlini...
Bir xəzəl dilində, durna dilində
Aç mənə qəlbini, danış dərdini.

Qoşulub bir axaq həzin nəğmə tək,
İkimiz bir simdə kökləniriksə...
Niyə dost olmayaq bir-birimizlə?! --
Eyni bir yük ilə yükləniriksə.

Gəl, duraq üz-üzə sevənlər təki --
O xəzəl əllərin soyuq əlimdə...
Mən şeir dilində deyim dərdimi,
dərdləşək --
sən isə durna dilində...

Anam yaman qocalıb

Anam yaman qocalıb,
baxdıqca gözlərinə bir qəhər ilan kimi içimdən çalır məni.
Bir duyğu şuxluğumdan, şövqümdən,
dincliyimdən didərgin salır məni.
Hər gün bir az tündləşir bir qorxunun kölgəsi,
Ürəyimdə can verir arzumun ən körpəsi...
Gecələr yuxum qaçır, yatışını dinləyib yığıram yaddaşıma,
Ürəyim hədəf olur bədöy düşüncələrin atdığı hər daşına.
Ömrü zillətdə keçdi.
Nə gördü ki həyatda?
Neçə-neçə arzusu açmamış solub gedir...-
Fikirlərin qoşunu ruhumu əsir alır, ürəyimi zəbt edir.
Anam bu həyat ilə aramda bir körpüdür
Bu yalın bəxtim ilə mən ona qısılmışam.
Gözüm gözündə qalıb...
Mən özümdən bixəbər gözündən asılmışam.
Haradansa evimizə dönəndə anam mənə,
sən özünlə bir işıq gətirirsən bu evə,
Sən istəkli balamsan, baxıb belə söyləyir.
Gözüm gözündə qalır, gözü gözümdə qalıb,
Baxışından ürəyim göyüm-göyüm göynəyir.
Nə olaydı zaman kaş, əlimdən almayaydı bu sərvəti, bu varı.
Qoymaya müflis günə həyatımı, günümü.
Yoxsa vallah,
qürur da boğa bilməz içimdən harayımı, ünümü.
Anamın ömrü mənim ömrümün Şah damarı!
Nəfəsi kövrək, həzin, incə rahatlğığımdı.
Duası nicat yolum, varlığı pənah yerim,
Gündüz ərköyünlüyüm, gecə rahatlığımdı.
Anam yaman qocalıb, baxanda dərdim artır.
Ha qaçsam da, gerçəklik mənə çathaçatdadı,
Ha qaçsam da bir mütləq yüyürüb mənə çatır -
Anam yaman qocalır...

Əl çək bu sevgidən, əl çək, ay dəlim

Üzümü turşutdum, qəlbinə dəydim,
Qırdım ürəyini, yenə dönmədin.
Danışdın çiçəkdən, havadan, sudan,
Olandan, keçəndən...
Mənsə dinmədim.

İllərdir yolları yorur bu sevgi,
İllərdir qapımı döyür, açmıram.
Gözlərin bilmirəm nədən qamaşır?
Mən ki sən tərəfə işıq saçmıram.

Nə saza sığandı, nə sözə bu eşq,
Gəl dastan eşqinə düşmə, ay dəlim.
Bu sevgi könlündə dağ şəlaləsi,
Mənimsə könlümdə çeşmə, ay dəlim...

Deyirsən, həyatda adım səninçün
Dünyanın ən gözəl musiqisidir.
Hamının könlünü sevgi isidər,
Sənisə bir quru adım isidir.

Nə xahiş, nə minnət kar edir sənə,
Nə də sərt üzümdən küsüb gedirsən.
Sürəcək bu halın nə zamanadək? -
dönüb dillənirsən, susub gedirsən.

Bilmirəm yolunu necə bağlayım?
Səni bu sevgidən necə döndərim?
Nə sən asudəsən, nə mən o yaşda,
Sənə ürək adlı həyat göndərim.

Əl çək bu sevgidən, əl çək, ay dəlim,
Nə saza sığandı, nə sözə bu eşq.
Qoymaram alışıb ocağa dönsün,
Dönsə də sinəmdə bir közə bu eşq...
Əl çək bu sevgidən, əl çək, ay dəlim...

Çıxar ürəyimin yasından məni

Bahar, gəlişin qoy, qəmimi silsin,
Bir meh nəfəsindən qəlbim isinsin.
Sevincim şəlalə dilində dinsin,
Çıxar ürəyimin yasından məni.

Bir ququ dilində ilahi bəstə
Kökləsin ruhumu təzə həvəsdə.
Sər yorğun könlümü gözəllik üstə,
Çıxar ürəyimin yasından məni.

Ovut bir sevgidən qalan həsrəti,
Ruhuma sarılmış ilan həsrəti.
Sil getsin bilmərrə olan həsrəti,
Çıxar ürəyimin yasından məni.

Bir çiçək gözündə nazdan, ədadan
Qəfil havalanım, gülsə də nadan.
Dirçəlim şövqündən - sirli qidadan,
Çıxar ürəyimin yasından məni.

Aç çiçək yaxanı, yaşına dərdim,
Dərdim dərdlənsin ki yaşılı dərdim...
Ərisin baxdıqca yaşıla dərdim,
Çıxar ürəyimin yasından məni,
Çıxar ürəyimin yasından məni.

Ay Vətən

Yolları mürgülü-mürgülü gəldik,
Səndən şirin oldu yuxumuz, Vətən.
Nə sirli nağıldır bu nağıl belə?
Uyduq ovsununa çoxumuz, Vətən.

Dəydim üzü üstə, qolum qırıldı...
Qılınc qaldırmağa heyim qaldı ki?
Cüt-cüt dəfn eylədin gözəllərini -
Gözəllik adında nəyin qaldı ki...?!

Kəsilmir qapıdan qonaq-qaramız,
Coşub dalğalanır yarışlar, Vətən.
Bizim alnımızda düyünlənibdi
Sənin adındakı qırışlar, Vətən...

Nədir arada bu ögey-doğmalıq?
Uğrunda kim geri, kim önə keçdi.
Məmurun balası gen sarayları,
Kasıbın balası səngəri seçdi.

...İndi axşamların havası başqa,
Daha səhərlərin rəngi də özgə...
Hər şeyi bacardıq, hər şeyi, vallah...
Qələbə ünvanlı "Cəngi"dən özgə.

Yolları mürgülü-mürgülü gəldik,
Səndən şirin oldu yuxumuz, Vətən.
Nə sirli nağıldı bu nağıl belə?
Düşdük ovsununa çoxumuz, Vətən...

Üzümə deməyin yaşımı

Hər bahar çağında, hər ad günümdə
Nələr gəlib durur gözüm önündə?!
Ömrün uşaqlığı qaldı dünəndə,
Üzümə deməyin yaşımı, nolar.

Nə gəncəm, nə qoca - bilinmir kiməm,
Bu dəli ağrıdan göynəyir sinəm.
Onsuz da dünyaya oyanmış kinəm,
Üzümə deməyin yaşımı, nolar.

İllərim qəlbimə köz basıb gedir...
Hər yaş ömrümə bir söz yazıb gedir...
Şıltaq həvəsimi toz basıb gedir,
Üzümə deməyin yaşımı, nolar.

Zaman səbri ködək, ürəyi dardı -
Çəkib arxasınca illəri dartır.
Görüb uşaqları həsədim artır,
Görüb sevənləri həsrətim artır... -
Üzümə deməyin yaşımı, nolar.

Bitəcək arxamca baxan baxışlar,
İtəcək ömrümə düşən naxışlar...
Başlayar gözümdə qəfil yağışlar
Üzümə deməyin yaşımı, nolar.

Bir payız dumanı mənə sürünür,
Günəşli günllərim çənə bürünür.
Həyat gözlərimə sısqa görünür -
Üzümə deməyin yaşımı, nolar,
Üzümə deməyin yaşımı, nolar...

Şükür

Dərd var, ruha bir yağışdır,
Dərd var, quraqlıq gətirir.
Qapımı döyən hər sevgi
Özüylə yaylıq gətirir...

Gecələrdən çadır qurub,
Xəyaldan oçaq çatıram.
Verib ümidlə baş-başa,
Beləcə başımı qatıram.

Dərd elə çox sevir məni,
Körpə tək bələyir, bükür.
Bəxt nə edir, özü bilər,
Dilimdəki şükrə şükür!

Bulanıq dərddə lillənib,
Ağ səbrdə duruluram...
Duyub ilahi Eşqimi
Mən özümə vuruluram.

Büdrəyəndə, bu Eşq mənə
Əl yetəsi ətək seçib...
İman adlı gül - çiçəyə
Ürəyimi pətək seçib.

Bu sevgi bir nur zərrəsi -
Varlığımı nura bükür.
Bu yazılan bəxtə rəğmən
İçimdəki Eşqə şükür...


***
Arzularım nurdan uzaq,
Ümidimi şam eyləyim.
Qarşıda qəm mövsümüsə...? -
Ürəyimi şum eləyim.

Bəxtim dərdə geniş küçə,
Ağlım kəsmir burdan köçə.
Bu daş bəxti bilməm necə
Mən əridib mum eyləyim?!

Qəlbdə axın-axın arzum -
Uzaq arzum, yaxın arzum...
Gül açmırsa toxum arzum,
Ovub narın qum eyləyim.

Ya da bəxtin acığına
Arzuları günə sərib
Göyərən toxum eyləyim?

Təqdim etdi: Tural Adışirin
MANERA.AZ


Baxış sayı - 2 761 | Yüklənmə tarixi: 03.05.2018 18:31
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031