manera.az
manera.az

Sən mənim şəklimi ürəyinə çək - Şeirlər

Sən mənim şəklimi ürəyinə çək - Şeirlər

Sevinc Məmmədovanın şeirləri

YENƏ MƏKTUB YAZIRAM

Yenə məktub yazıram,
Əl çatmayan günlərə.
Dəyişir ünvanını,
Meşə, dəniz, dağ, dərə...

Kövrəlirəm, yuxumu,
Alıb qaçır bir gecə,
Qovuşur əllərimiz
Ay çəkilir səssizcə.

Bərkə düşüb, çəkilmir,
Oraq yeri, xış yeri...
Göynəyir sinəm üstə
Dodaq yeri, diş yeri.

Xəyalınla qol-boyun,
Düşürəm, köhnə yola,
Gözüm görmür kimsəni,
Baxmıram sağa, sola.

Sənə məktub yazıram,
İncəlir barmaqlarım,
Unudur tənhalığın,
Başıma çökən damım...

Şirinləşir misralar,
Dodağımda, dilimdə,
Şövqünü təzələyir,
Güldandakı gülüm də.

Sıxıram dodağımı,
Dirəyirəm dişimə,
Yenə məktub yazıram
Sənə vur-həşir ilə...

XATİRƏNİ SİLMİRƏM

Sən gedəli düyün düşüb hər işə,
Göylərin də mıs-mırığı açılmır.
Yer qopubmu məhvərindən, görəsən
Təzə güldən, təzə ətir saçılmır...

Tənhalaşıb gecələrin arzusu,
Səhərlərin nurlugözü korlaşıb...
Hey azmış tək vurnuxuram özümdə,
Yollar, izlər bir-birinə dolaşıb.

Nə sən dindin, nə mən qoydum əlimdən,
Bu işlərin sonu nəymiş,bilmirəm.
Əzabına qatlaşsam da beləcə
Hələ dursun, xatirəni silmirəm.

SƏNİ TANIMAĞA YAMAN TƏLƏSDİM

Qədrini bilməyə yaman tələsdim,
Yamanca tələsdim səni öyməyə,
Bircə himə bəndmiş dolan buludlar
Cumdu yollarını yağış döyməyə...

Tələsdim saçına bir sığal çəkib,
Dilinin altında nə var, bölməyə...
Tələsdimyığışıb köçəm qəlbinə,
Sən olan dünyada nə var, bilməyə.

Tələsdim ömrümün son baharına,
Yolunu, izini küləklə kəsdim.
Gəlib yetişməmiş vaxt, zaman idin,
Səni tanımağa yaman tələsdim.

UNUDANLAR NƏ BİLƏR

Bəlkə bir gün düşər, dönərsən geri,
Sellər yaz ağzıyla gətirər səni,
Qopar həsrətindən çöllər, çəmənlər,
Təzədən qəlbimdə bitirər səni.

Unudar köhnədən umu-küsünü,
Bərkdən-boşdan çıxar dərin dərələr,
Küləklər qarşılar ötüşən yolu
Sorar əhvalımı bəndlər, bərələr...

Aynası bərq vurar gümüş göllərin,
Susan qayaların dili qatlanar...
Buz bulaq nazlanar zümzüməsilə,
Gec qalan dağ çayı çoşar, atlanar.

Dənizin göylər tək uzaqlığından,
Bir ümid yelkəni əl eylər mənə,
Dalğası oxşayar sahillərini
Qayıdıb dənizə baş vurar yenə...

SƏN MƏNİM ŞƏKLİMİ ÜRƏYİNƏ ÇƏK

Sən mənim şəklimi ürəyinə çək,
Bəlkə uzaq ola qəm, ürəyindən,
Gəzdir sinən altda, gəzdir tütyətək
Qoy səni qorusun dumandan, çəndən.

Sən mənim şəklimi ürəyinə çək,
Sevən ürəyinə lap yaxın olum,
Sən orda boş yerə kədərlənəndə,
Mən burda bulud tək boşalım, dolum.

Qoruyum ağrıdan, acıdan səni,
Üzünü, gözünü kədər almasın,
Sən mənim şəklimi ürəyinə çək
O sevən ürəyin gücdən qalmasın.

Çək mənim şəklimi, ürəyinə çək,
Bəlkə ürəyinin həsrəti bitər,
Sənə sirri pünhan, sehri bitməyən,
Bir nağıl söyləsin səhərə qədər…

QubaБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930