manera.az
manera.az

Kabus, yoxsa sivilizasyon böhran?

Kabus, yoxsa sivilizasyon böhran?
(Hər şeydən bir az, bir şeydən ən çox)

Dünya müasir səviyyəsinə çatması üçün çox dolanbac, keşməkeşli yol keçib, indi insan həm fərd, həm də cəmiyyət olaraq elə bir qorxulu hədəfə, epoxaya çatıb ki, o, yenidən “doğmaq” üçün təfəkkürdən “hamilə” qalmalıdır. Amma bilirsiniz ən qorxulu olan nədir? Hətta bu “hamiləlik”, determinasiya, ilkin generasiya üçün elə bil ki, səbəb də yoxdur: Bu çox qorxuludur, heçlik və ya yoxluq uğrunda əbədi mübarizə! Fakt budur ki, qurduğumuz münasibətlər sistemində – tarixi yolda “toxum” zədələnmiş, “Yan elmlərin” müdaxiləsi nəticəsində insan təfəkkür “qısırlığına”, etik ifadə etsək, qapanmış dairə effektinə düçar olmuşdur! Ən dəhşətli bəla bilirsiniz nədir və ya haradan gəlir?

– İnsanın, insan nəslinin əbədi olaraq yalan, riya və imitasiyanı həyat tərzinə çevirməsindən. Mənəvi, etik, humanitar, mədəni keyfiyyətdə bundan böyük fəlakət bəlkə də yoxdur! İnsan nəslinin bütün bəlaları – “yan elmlər” dən meydana gəlmişdir.

Amma maraqlı ifadədir, öz aramızdır: “Yan elmlər”, yəni yalançı elmlər.

Bu gün COVİD-19 pandemiyası şəraitində baş verənlər göstərir ki, “Yan elmlər” insan nəslinin onurğa sütununu, DNK-sını, həyat tərzini, şüuraltını elə bir səviyyədə zədələyib ki, onun nicatı barədə hətta bizim təhtəlşüurumuzdan nə isə gözləməyimiz belə əbəsdir! Parçalanmış “Mən” sivilizasiyon böhranın episentridir: Ruh və ağıl instinktə təslim olur? İnsan Nüvə müharibəsin danışır!!!

“İspanka” və ikinci dünya müharibəsinin nəticələri bizi mağaranın qapısına kimi gətirdi, qorxduq ayağımızı kandara dirədik, bayıra çıxa bilmədik, qorxu cəsarətimizi, mədəniyyət və ruhumuzu üstələdi, COVİD-19 görən bizə – sivilizasiyamıza mağaradan bayıra boylanmağa yeni ruh, cəsarət verəcəkmi? Yeni Dünya nizamı bu katarsis olunmuş ruhdan asılı olacaq!

Əks təqdirdə sual belə qoyulur: Mağara bizim taleyimizdir?

Fərqli “qum” dənəcikləri

Qərbdə insanın bir növ işi əkin tarlasını seçməyə, müəyyən edərək şumlamağa,

Şərqdə isə tarlanı əkindən sonra malalamağa həsr olunur.

Şərqdə tarixən başçıların ətrafını “rəngsazlar” və söz ustaları, Qərbdə isə memar və konstruktorlar əhatə edir.

Bu gün dünya böyük sınaq qarşısındadır, çoxları elə başa düşür ki, COVİD-19 problemdir, əslində bu belə deyil. Problem bizik, qurduğumuz həyat tərzidir.

Bu virusu uçurum üzərində qurulmuş bir körpüyə bənzətmək olar; körpü üzərindən hər kəs keçməyə məhkumdur – Nitsşe bütün zamanların dahisidir.

O tayda insanı iki şey gözləyir: köhnə dağıdıcı vərdişlərdən azad olmaq gücü, yaxud əvvəlki formada yaşamağı davam etdirmək – tarix belə də olmuşdur!!!

Bunu bizə fəlsəfə deyir

Güclü iqtisadiyyat, insanın da, dövlətin də təhlükəsizliyi deməkdir.

Novruz bayramı ərəfəsində bir status yazmışdım: Koronovirus zəhmətdən qorxur – indi də həmin fikirdəyəm. Amma söhbət halal zəhmətdən gedir, təbiətin zorlanmasından, genin dəyişdirilməsindən və s. yox. Təbiətə qarşı dayanmaq sivilizasion nonsesdir.

Karantin rejiminə əməl edək, bu vacibdir.

Ərzaq və qida təhlükəsizliyimiz üçünsə qarışqa və bal arısı kimi fəaliyyətdə olaq, bu da eyni dərəcədə vacibdir.

Tənbəllik, hazır məhsulu başqalarından gözləmək, panika, xurafat və s. lazım deyil, İnsan iradəsinin gücünə, daxili əzminə güvənməlidir.

Koronovirus səbəb deyil, nəticədir. Hər kəs onu öz baxışından görür. Kimisi onu bioloji silah, kimisi isə mutasiya etmiş virus kimi qəbul edir. Bu kimi təlatüm mütləq olmalıydı, bu müasirliyin yalnız bəlalarından biridir.

Mən elmi və dini baxışı bir kənara qoyuram, ədəbiyyatda, fəlsəfədə bu məsələlər hələ yüz illərlə qaldırılırdı. Elm də, din də bu harayı həmişə qaldırmağa çalışırdı.

Ancaq birincinin yanlış nəticələri insanı oturduğu budağı kəsməyə, ikincininsə bəzi məqamlarda xurafata meylləndirilməsi, həmçinin fəlsəfənin siyasi alətə, ədəbiyyatın bəzək-düzək vuran və eşq, tabu və s. mədhiyyəsi istehsal edən şablona çevrilməsi və s. indiki bu kimi, müasir nəticələrə-kotostrofizmə gətirdi.

Yenə də köhnə fikirdəyəm COVİD-19 hələ şeytanın yalnız barmağıdır, böyük müdriklərin tarixən qeyd etdikləri kimi, insan dəyişməzsə, Dəccalın zühuru hələ qabaqdadır. Bu zühurun qarşısını yalnız İnsan İNSAN olmaqla ala bilər.

İnsan olmağın yolu isə keçilmiş yolun təftişindən, keçmişin, indi və gələcəyin mahiyyətini anlamaqdan, dialoq və dialoq fəlsəfəsinin dərkindən başlanır. Əks təqdirdə Sivilizasiyanın məhvi yalnız zaman məsələsidir. Hər halda bunu bizə fəlsəfə deyir.

Qərb elmi və təsisatları bəşəriyyəti həm xilas edə, həm də məhv edə bilər. Məncə, Qərb XX əsr fəlsəfəsinə yenidən yiyələnməlidir, qayıtmalıdır, xüsusilə ekzistensializmə. Sufizm də bu qəbildəndir. Bəşəriyyətə bu fəlsəfə yeni nəfəs verə bilər.

***

Elə bir zaman gəldi ki, “sağlam fikir” də xəstələndi. Amma qəribəsi budur ki, onlar elə bilir, təbiətə qalib gələcəklər!

***

Orijinaldan qorxan insan kopyanı önə çəkməklə dünyanı korladı. Covid-19 pandemiyasonu dünyada ümid edək ki, təfəkkürümüz orijinala yenidən qayıtmağa cəhd edəcəkdir, bu ümiddir!!!

Son söz əvəzi

Döyüşdə güclülər deyil, qorxmazlar və tədbirlilər qalib gəlir. Sadəcə, panikaya düşmədən karantinə əməl edək, hər şey yaxşı olacaq.

İnsan mənəvi varlıqdır, onu təsirli sözlə, həqiqi isti münasibətlə, qayğı və sevgi ilə müjdələyəndə həyata inam və ümidi artır.

Əziz dostlar, təhlükə var, amma qorxulu heç bir şey yoxdur.

Bir-birimizə adi bir xoş söz demək, səmimi münasibət göstərmək, hətta ən qorxulu xəstəlikləri dəf etməkdə, anti-virusdan da faydalı ola bilər.

Həyatda qida vacibdir, amma onun çoxluğu hələ sağlamlıq və ya təhlükəsizlik demək deyildir.

İmmunitet yalnız qida ilə formalaşmır, o həm də sağlam düşünməklə, həyatla, insanla, mühitlə iç-içə səmimi, sağlam münasibətlərdə olmaqla formalaşır.

Unutmayaq, Yer üzündə sevgidən böyük silah, sevgidən böyük immunitet və qüdrət yoxdur!

Həmrəylik cəmiyyəti qüdrətli, vətəndaşı inamlı, dövləti güclü edir. Gücünüz, sevginiz, mərhəmət və inamınız tükənməz və əbədi olsun! /sim-sim.az/

Şölət ZEYNALOV






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI