manera.az
manera.az

Dünya sənə, dünya mənə pay deyil - Nazim Aslanın şeirləri

Dünya sənə, dünya mənə pay deyil - Nazim Aslanın şeirləri
MANERA.AZ Nazim Aslanın şeirlərini təqdim edir:

Mənim ola, olmaya...

Bir sevdanın həsrət yükü belimdə,
Ayrılığın şikayəti dilimdə,
Tutammadım səadəti əlimdə,
İndən sonra mənim ola, olmaya...

Sevən könül yaman qübar bağlayır,
Bu ayrılıq ürəyimi dağlayır,
Həsrət gözlər dolub, dolub ağlayır,
İndən sonra bir də dola, dolmaya...

Yaş dəyişir, ömür bağlı zamana,
Bu sevdanın yolu düşmüş dumana,
Vüsal itkin, vüsal qalmış gümana,
Qovuşmağa ümid qala, qalmaya...

Bu bəlkə bir haqq yazısı, qaçılmaz,
Qismət yoxsa bu eşqə nur saçılmaz,
Bəxtim düyün, açıla ya, açılmaz.
Bir də məni eşqə sala, salmaya...

Yaşayırsan hələ də

İnsanlara kömək edib, sevirsənsə elini,
Pisliyin yox, yaxşılığın, bilirsənsə dilini,
Bir yazığın, kimsəsizin tutmusansa əlini,
Demək həyat davam edir, yaşayırsan hələ də!

Bir baxışın alovundan isinirsə ürəyin,
Biganəlik qrovundan üşüyürsə kürəyin,
Bir sevdadan boy tutursa neçə arzu, diləyin,
Demək həyat davam edir, yaşayırsan hələ də!

Ya sevincdən, ya kədərdən ağlayırsa gözlərin,
Ya qiymətdən, ya kəsərdən düşməyibsə sözlərin,
Lap ölsən də, bu dünyada qalacaqsa izlərin,
Demək həyat davam edir, yaşayırsan hələ də!

Zəngin ömür gəl yaşa

Həyat bədbin, həyat küskün deyildir,
Dünya yorğun, dünya üzgün deyildir,
Hər yaşanan ömür düzgün deyildir.
Qalan ömrü barı, düzgün vur başa,
Məna dolu zəngin ömür gəl yaşa!

Paxıllıqdan, pisliklərdən uzaq dur,
Yaxşılıqdan ürəklərdə məbəd qur,
Mənən saf ol, əməlindən duy qürur,
Kömək eylə dosta, qonşu, qardaşa,
Məna dolu zəngin ömür gəl yaşa!

Ürəyinə hakim olsun mərhəmət,
El-obaya, vətəninə sədaqət,
Qoy meyarın olsun düzlük, həqiqət,
Etibarın artsın dosta, sirdaşa,
Məna dolu zəngin ömür gəl yaşa!

Təmizlənsin varsa qəlbdə küdurət,
Qoy damarda axsın sevgi, məhəbbət.
Sevgi nədir? – incə duyğu, səadət,
Sədaqətlə, məhəbbətlə baş -başa,
Məna dolu zəngin ömür gəl yaşa!

Qaytar

Daha ovundurmur xəyalın məni,
Mən daha tapmıram təsəlli səndə.
Daha yuxuma da qoymuram səni,
Nə yaman olurmuş ürək küsəndə?

Ürək necə axı küsməsin səndən?
Vəfasız çıxaraq ona dağ çəkdin.
Eşqi əyləncəyə çevirib nədən
Qəlbimdə barışmaz bir nifrət əkdin!?

Müqəddəs hissləri eyləyib qurban,
Zəngin, dəbdəbəli həyata uydun.
Sevgini dövlətə dəyişən nadan,
Mənəvi dünyadan sən nə tez doydun?

Göydən «ulduz dərib» sənə verəndə,
Daş-qaş bilirmişsən demə, sən onu.
Qaytar ulduzları, qalmasın səndə,
Bitsin bu uğursuz sevgi oyunu!

Qaytar gəzdiyimiz çölü-çəməni,
Sən layiq deyilsən bunlara daha.
Qaytar, geri qaytar özümə məni,
Saf eşqi, sevgini salma günaha!

Qaytar mənə aid hər xatirəni,
Qaytar elə bu gün, elə bu saat.
İcazə vermirəm anasan məni,
Məni ürəyindən həmişəlik at!

Yaman məyus etdi sevdamız bizi

Yaman məyus etdi sevdamız bizi
Borandan, şaxtadan çıxa bilmədi.
Gəl biz qınamayaq bir-birimizi,
Yəqin taleyimiz üzə gülmədi…

Səndəki təkəbbür, məndəki qürur,
Qənimi oldular bu məhəbbətin.
Sən məndə, mən səndə arayıb qüsur,
Qoyduq təməlini acı həsrətin.

Bu bir adi sınaq, ondan keçmədik,
Demək ötəriymiş bu hisslər bizdə.
Sevgini həvəsdən düzgün seçmədik,
Yamanca yanıldıq hisslərimizdə.

Güzəştə getməyə qadir olmayan,
-Bu sevgi ürəkdən deyilmiş yəqin.
Hicrandan, həsrətdən, gözü dolmayan,
-Məhəbbət boy atıb yaşasın çətin.

Səndəki təkəbbür, məndəki qürur,
Qənimi oldular bu məhəbbətin.
İndi qarşımızda bircə yol durur,
Çəkək acısını bu həqiqətin.

İçin-için yandım

Gözə baxdım, göz dərin,
Gözlərində köz dərin,
Gözlərdəki közlərin
Atəşində yandım, ah!...

Gözə baxdım, göz dərin,
Gözəl, süzgün gözlərin,
Gözü közlü gözəlin ,
Sevdasını andım , ah!...

Gözə baxdım, göz dərin,
Gözlərində gözlərim,
Gözlərində gözlədim,
Gözün gözüm sandım, ah!...

Gözə baxdım, göz dərin,
"Gözə gələr" gözlərin,
Gözün gərək gizlədim,
Bu istəyi dandım, ah!...

Gözə baxdım, göz dərin,
Gözlərində köz "sərin"
Gözlərdəki "sözlərin"
"Yaş fərqini" qandım, ah!...
İçin-için yandım, ah!...
İçin-için yandım, ah!...

Yaşamağın nə mənası?

Tonqal itib kül olursa,
Qanqal bitib gül solursa,
İlqar itib göz dolursa,
Yaşamağın nə mənası?

“Mərd” namərdə baş əyirsə,
Namərd mərdə “yaş” deyirsə,
Mərdə dərddən daş dəyirsə,
Yaşamağın nə mənası?

Məhəbbətə hicran dolsa,
Sədaqətdə yalan bolsa,
Səadətdə güman olsa,
Yaşamağın nə mənası?

Qurban olduğum

Ay kimi bərq vurur hüsn-camalı,
Hüsn-camalına qurban olduğum!
Siyah məxmər kimi göz vurur xalı,
Üzündə xalına qurban olduğum!

Yanaqlar təzə-tər qaymaqçiçəyi,
Dodaqlar çiçəyin həya ləçəyi,
Soraqlar hər aşiq bu şövq- göyçəyi,
Şövqi-cəlalına qurban olduğum!

Salxım söyüd zülfü siyah, sığallı,
Sivri kirpikləri oynayır «yallı»,
Qaməti biçimli, ağıl-kamallı,
Ağıl-kamalına qurban olduğum!

Bu bir gözəllik ki, ilahi yazı,
Bir baxan istəyər yüz baxa azı,
Şəkərmi, balmıdır qəmzeyi-nazı,
Şəkəri-balına qurban olduğum!

Elə ki, gözünü süzdürüb baxır,
Sanki eşq çələngin böynuma taxır,
Nazimi sevginin oduna yaxır,
Şirin vüsalına qurban olduğum!

Səni sevdiyimi duyarsan yəqin

Həsrətdən üzülən üzümə baxsan,
Yaşdan gilə tutan düzümə baxsan,
Yolunu gözləyən gözümə baxsan,
Səni sevdiyimi duyarsan yəqin!

Yuxusuz gecədən soraq eyləsən,
Könül kitabımı varaq eyləsən,
Etibar, vəfada sınaq eyləsən,
Səni sevdiyimi duyarsan yəqin!

Sən də fikir çəkib, xəyala dalsan,
Mənim tək hicranın əlində qalsan,
Aydan, ulduzlardan bir xəbər alsan,
Səni sevdiyimi duyarsan yəqin!

Gözlərin önünə gətirsən məni,
Sezsən üz-gözümdə dumanı, çəni,
Alnımda qırışı, saçımda dəni,
Səni sevdiyimi duyarsan yəqin!

Hər kəsin öz qisməti

Zamanın Qıratında
Bir il də belə getdi
Hər kəsin həyatında
Bir cür iz qoyub getdi.

Kimi gəlin köçürdü
Kim oğluna toy etdi
Kimi köksün ötürdü
Kimin həyatı bitdi.

Demək bu cür yazılıb
Hər kəsin öz qisməti
Kimə qəbir qazılıb
Kimin artıb şöhrəti.

Şikayətə nə gərək
Bunu edən fələkdir
Həyatı olduğu tək
Qəbul etmək gərəkdir!

Dünya sənə, dünya mənə pay deyil

Bu dünyada çox da dərddən danışma
Dərdlər var ki, dərdin ona tay deyil!
Bu dünyanın gəl işinə qarışma
Dünya sənə, dünya mənə pay deyil!

Səni dərdə, əzablara salınca
Asıb kəsmə bu dünyanın dalınca
Şükürlər et, bu həyatda qalınca
Ömür qısa, sonu bitməz çay deyil!

Cəzası tək, rəhmi də var allahın
Hər nə vaxtsa, sevinci var hər «ah»ın
Aqibəti bilinməyir «sabahın»
Hər baharın sonu hökmən yay deyil!

Çox sınağa çəkir həyat insanı
Yara vurur, həm sağaldır yaranı
Vaxtı gəldi- özü seçir qurbanı
Hər xəstənin sonu ölüm, vay deyil!

Nazim Aslan, ömür gəldi- gedərdi
Başa vursan onu naşı, - hədərdi
Bu dünyadan baş açdınsa nə dərdin
Yaşadığın ömür demək zay deyil!

P:S. Nazim Aslan "Əməkdar mühəndis", texnika elmləri doktoru, professordur.


Tural Adışirinin təqdimatındaБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930