manera.az
manera.az

Mənə elə ömür arzulayın ki - Vahid Əzizin şeirləri

📅 23.11.2018 19:25

Mənə elə ömür arzulayın ki - Vahid Əzizin şeirləri
Manera.az tanınmış şair Vahid Əzizin şeirlərini təqdim edir:

Mənə yüz il ömür arzulamayın

Mənə yüz il ömür arzulamayın -
Xəzan yarpağıtək qovmasın külək,
Gözlərim görsə də, ayağım - əlim
Əsalı olanda dayansın ürək.

Mən yüz il ömür arzulamayın –
Bu qədər yaşayan hansı çiçəkdir?!
Mən yaşda qalmırsa taytuşum-tayım,
Qurdnan qiyamətə qalmaq deməkdir.

Mən yüz il ömür arzulamayın
Yerişim, gülüşüm, səsim itməsin,
Məndən cavan olan, gümrah olanlar
Çiynimdə dünyadan köçüb getməsin.

Mənə elə ömür arzulayın ki,
Ölüncə ümmantək çağlaya bilim,
Qapı - pəncərəni öz evimdəki
Özüm aça bilim, bağlaya bilim.

Tanrıdan bir ömür diləyin mənə,
Taleyim sevgiylə baxsın üzümə,
Görsün yad payına şərik deyiləm
Gərək olmayanda özüm-özümə,
Deməli heç kəsə gərək deyiləm!

Sağlıqlar deyəndə hərdən şənimə,
Nə özüm kövrəlim, nə sizə gülüm,
Tanrıdan bir ömür diləyin mənə,
Hər vaxt sevə bilim, sevilə bilim.

Mənə yüz il ömür arzulamayın -
Ləyaqət, təmiz ad atıb getməsin
Dünyaya qalacaq malı dünyanın -
Karvanın lənətə batıb getməsin
Mənə yüz il ömür arzulamayın...

Ürək saz kimidir köynək içində...

Hamı sızıldatdı, incitmə sən də –
Bir azca könlünü alsan, oxuyar,
Ürək saz kimidir köynək içində –
Sinənin üstündə çalsan, oxuyar.

Gözlərim köynəyin ipək üzüdür,
Dilimdə dolaşan sazın sözüdür,
Ən yaxşı təlimçi həyat özüdür –
İlləri yadına salsan, oxuyar.

Qundağın öyrətdin dodaqlarına,
Qolu alışırdı barmaqlarına,
Baxma, darıxarıq daralmağına,
Yenə də yanında qalsan, oxuyar.

Ürək mənimdisə – bələdəm ona,
Nə var bilmədiyi öyrədəm ona?
Olsun, bu möcüzə səndə alına –
Qeydinə qalanı olsan, oxuyar.

Guya bilmirsən ki, dərdi nədəndi,
O vaxtdan qoşulub sənnən gedəndi?
Qəlbim körpəlikdən şirni sevəndi,
Bilsə ki, dodağı balsan, oxuyar.

Sənsiz hər dönəmi keçər il kimi,
Sənsiz hər pərdəsi batmış dil kimi,
Üstündə havalı bir bülbül kimi,
Onun həsrətinnən solsan, oxuyar...

Bütün baş verənlər yuxu olaydı

Sonuncu ümid də qırılmış itmiş,
Özünə yer tapmır sinəmdə ürək,
İndi anlayıram mümkünsüz imiş
Sənə birdəfəlik "Əlvida" demək

Həsrət nə təcnisdi, nə də bayatı,
Yazardım, gözümdən axıb-gedərdin,
Bütün baş verənlər yuxu olsaydı,
Yozardım, ömrümdən çıxıb gedərdin.

Xəyallar ürəklə küsü saxlayır,
İçimdə şübhələr vaxtı dəyişir,
Bir yannan qəzəblər düyün bağlayır,
Bir yannan istəklər söz güləşdirir.

Özün yarı yolda bu eşqi qoydun,
Ağaran saçlara dostlar şahidim,
Sən mənə bir doğru sözü qıymadın,
Mən sənə ömrümü ərmağan etdim.

İndi ürəyimdə bir parça daşsan,
İnsafım yol vermir sındıram-qıram
Hər şeyi hiyləsiz açıb-danışsan,
Müqəddəs sevgimə bağışlayaram.

Hələ də şəklindən doymayır gözüm,
Ömrümü puç edən Fələkmi çəkdi?
Görünür bu eşqə- "Əlvida" sözüm
Həyatla birlikdə deyiləcəkdi...

Gözlərin…

Cəhd eləyir yurd-yuvamı dağıda,
Od yağdırır, daş ələyir gözlərin.
Can dalınca gəlmiş kimi – yuxuda,
Tutub məni silkələyir gözlərin.

Bu, nəyimiş? – Görünməyib beləsi,
Ölümdüsə, ölümlüyün eləsi,
Şeytandısa, Şeytan kimi söyləsin,
Adamdısa, nə diləyir gözlərin?

Qurban olum, axı nədir umacaq?
Elə yaxır, nəmənədir od–ocaq!
Zəlil qalsam günah sənin olacaq –
Heç bilirsən nə eləyir gözlərin?!

Leysan gedir, bəlkə yenə ağlayır?
Ağlım itir, bəlkə vaxtı saxlayır?
Kiprikləri elə açıb-bağlayır,
Elə bil ki, gül bələyir gözlərin.

Nəğmələrim gözəllərin dilində,
Namələrim xəzəllərin külündə,
Bir ömrüm var, o da sənin felində,
Daha nəylə hədələyir gözlərin?

Viran etsin, inandığı kardısa,
Atıb-getsin boylandığı kordusa,
Gözlərimə ədavəti vardısa –
Ürəyimə niyə dəyir gözlərin…

Daha ikimiz də cəhənnəmliyik…

Gözümün nurunu aldı bu təklik,
varsan nə yağında, nə tortasında!
Düzdü, ikimiz də cəhənnəmliyik;
mən gendə yanacam, sən ortasında!

Qılıncdan beş-betər kəsərmiş nəzər,
böhtannan, qarğışdan, şərdən əlhəzər!
Dərdlər ürəyimin üstündə gəzər,
əcəl eşələnər tən ortasında.

Boş qaldı xəyalda qurduğum evcik,
hər sevən taleyə düşməz elçilik,
mən xırman çölündə xırda sərçəcik,
qismətdən umduğum - dən-ortasında.

Yuxum səni tapıb-itirər hərdən,
bəxtim röyalarda gətirər hərdən,
bəbəklər şəklini tor görər hərdən,
elə bil yurd salıb çən ortasında.

Sevgi tərk etdisə-ümid də sönər,
göylərdən pərişan torpağa enər.
Fələk bayram edər, Şeytan sevinər,
Bacarsan, hicranın dön ortasında.

Çox əsib-coşardın gözəl yarında,
daha, Vahid Əziz, əlləş canında.
məhv etdin eşqini alovlarınla -
indi, bacarırsan sən ortasında…

Getmisən…

Gülüm, axı hamı məni tanıyır,
bilmədiyin nə öyrənib getmisən?
İndiyədək çəmən məni qınayır,
çiçəklərə gileylənib getmisən.

Yar, olmaya canım sənə qəfəsmiş,
aramızdan nə çatlayıb, nə əsmiş?
Bəlkə sevgi sənin üçün həvəsmiş?
Ətrafımda veyillənib getmisən.

Axı məni yoxun-varın bilirdin,
al günəşin, ilk baharın bilirdin,
saçlarımı zirvə qarın bilirdin;
bəlkə, elə o sellənib getmisən?

Bir zamanlar hər an dil-dil ötərdin,
çeşmələrdən, bülbüllərdən betərdin,
nə sevincin bəlli oldu, nə dərdin -
nə hönkürüb, nə dillənib getmisən.

Sevənlərdir xatirələr qoruyan,
torpaqları göz yaşıyla doyuran,
yollar çoxdur insanları ayıran -
hara baxsan, şaxələnib getmisən…

Tab edərdim məkrindəki qılınca,
o yaxşıydı - xəzəl olub solunca,
istəsəydin-su atardım dalınca
göz yaşlarım səpələnib, getmisən

Yaman yada saldı
bu gecə səni…


Qəlbimi çəkdiyim həsrət üşüdür,
köksüm isitdikcə şəkillərini,
yoxluğun yandıran olmazdı bu cür,
yaman yada saldı bu gecə səni.

Səni xəyalımda tutub gedirəm,
Özgə kimim var ki, pənah gətirəm?
Qorxuram, özümü elə itirəm;
boynuna sarmanam görüncə səni.

İstəklər kor edib, ümid qırmışam,
şəkil var bozarır, daha yormuşam!
Evin bir küncündə evcik qurmuşam,
tapantək çəkəcəm bu küncə səni!

Yuxuda lal-dinməz keçdin yanımdan,
həyatda dözməzdim havalanmadan,
inan ki, canını dırnaqlarımnan
didərəm, yanımdan gedincə sənin.

Məhəbbət seliymiş, nə cür biləydim?
Apardı, daşlardan-daşlara dəydim,
hərdən düşünürəm: "Bəlkə öləydim,
bu cür heyran olub sevincə səni?.."

Ətrinmi ətrindən, saçınmı bu cür?
Yaman yada saldı bu gecəm səni.
baxma ki, sevgidən gözüm su içmir,
ölüncə yolunu güdəcəm sənin…

Səs gəldi…

O gün gördüyümü suya danışdım,
röyamda görmüşdüm "yar atdı məni".
Bu gecə gülşəndə qarşılamışdım -
yuxular yenə də aldatdı məni.

Qismətim çeşmədə batan daş kimi,
heç zaman suların üzünə çıxmır.
A yuxum, hər cürə yozuram səni,
gerçək olanlar da düzünə çıxmır.

Bir əlimdə ürək, bir əlimdə bel -
gözəl sevgimizə saray hörürəm.
Gözümü açanda yanağımda sel,
kipriklər ucunda şəbnəm görürəm.

Hardasan, ay gedib ümid sındıran?
Səs gəldi: "Xəyalam, şirin arzuyam",
Axı mən özüm də ürək yandıran,
özüm də kiminsə yuxusundayam…

Əgər sənin üçün yaranmışamsa...

Nə cürə anladım bu gözəl qıza,
olubdur ulduzum, Günəşim, Ayım:
"Əgər sənin üçün yaranmışamsa,
sənə ad günündə nə bağışlayım?".

Gələ, gəlin ola, mən dönəm bəyə,
yekə nöqtə qoyaq bəxtdən gileyə!
İşdir, izn versə sağlıq deməyə,
Hansı sözdən tutum, nədən başlayım?

Yenə də küsdürüb, indi gəl barış!
nazı dünya boyda, səbri bir qarış,
indi hünərin var özündən soruş:
"hansından yan keçim, nə alqışlayım?"

Nə cürə anladım bu gözəl qıza,
olubdur ulduzum, Günəşim, Ayım.
Əgər sənin üçün doğulmuşamsa,
çiçək, ad günündə nə bağışlayım…

İnanma...

Bir zamanlar ləngiyəndə bircə an
Dönə-dönə səslənərdi: “Yubanma!”,
Söylənərdi: “Nə intizar, nə hicran?”
Mənə inan, ayrılığa inanma!”.

Oxuyardı: “Sənə ümid bağlaram,
Təkcə səni ürəyimdə saxlaram,
Unudulsam, elə sellər ağlaram –
Bu cür dəli leysan yağa, inanma!”.

Ovsunladı bir sehirli gülüşnən,
Atıb getdi saçımdakı gümüşnən,
Tox oldusa bir ötəri görüşnən –
Yalvarsan da, qayıtmağa inanma.

Xatırlayıb yalan andlar içəni,
Varaqladım o yağmurlu gecəni;
Görməyincə yar könlünnən keçəni –
Ürəyində saxlamağa inanma...

Kimə çatdı bəslədiyin güllərin
Nə bilərsən həsrətisən kimlərin?
Qəfil gəlib, oxşadığın əllərin
Gözlərini bağlamağa inanma...

Daha bir diləyə üzüm gəlmədi...

... daha bir diləyə üzüm gəlmədi;
sordu: “İstəyin nə?”, dedim: “Varlığın!”,
hər kəs öz işini görə bilərdi –
nəyi pisimiş ki, “Çoxallahlığın?”
.
Mənim dualarım nəzirlər kimi,
çox yerə paylansa pis olardı ki?
bütlər də olardı nazirlər kimi –
arxasız, dayaqsız kim qalardı ki?

Daha bir diləyə ürək etmədim,
buludlar aranı tuturdu hərdən,
həm də çoxusuna hələ yetmədim;
dil tapa bilmirəm mələkləriynən.

Nəyi pisimiş ki “Çoxallahlığın?”
qulaq çox olardı insan ahına!
hər kəsin, hər işin, hər dolaşığın
dərdi deyilərdi öz Allahına.

Olsun ki, üstümə hücum çəkəcək,
“kafir” bağıracaq din adamları,
Amma ki, Tanrımız əfv eləyəcək –
Tanıyır imanın yandıranları!

İmkan tapacaqmı bir qulaq asa
Qapısın döydüyüm qudurğan, harın,
Bu qədər “Allahlıq edən” vardısa
Nəyi pisimiş ki, “Çoxallahlığın...”!

MANERA.AZ


Baxış sayı - 25 916 | Yüklənmə tarixi: 23.11.2018 19:25
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031