Ölüm adası Nargin - Almas İldırımın unudulmuş şeiri

MANERA.AZ mühacir şair Almas İldırımın kitablarına düşməyən, “Kurtuluş” dərgisində çap olunmuş “Nargin – Ölüm adası” şeirini təqdim edir.
Şair bu şeiri hələ Türkiyəyə gəlməmişdən öncə - 27 aprel 1930-cu ildə Bakıda yazıb.
Şeir Azərbaycan Cümhuriyyətinin işğalından sonra Nargin adasında güllələnən gənc vətəndaşlarımızın faciəli taleyi ilə bağlıdır.
O kiçik bir ada, yalçın bir ada
Bir ölüm qaynağı, bir qanlı məzar...
Həp cəsədlər udaraq oynamada
Onu hirs ilə boğan qanlı Xəzər!
Gecə qorxunc və atəşlər açılıb
Səslər əks etdi dərindən dərinə...
Bağlanıb iyirmi cəsəd iyirmi daşa
Getdi coşqun dənizin ta dibinə...
Gecə qorxunc, qayalar səsləniyor
Ayı gizlər qapalı göydə bulud
Qara bir pərdə buluddan eniyor
Qanlı bir səhnə qapanmış və sükut...
Orda hər bir quyu bir məzbəhədir
Sürünən haqqı ölüm qamçılıyor
Duyulan səs həp acı qəhqəhədir
Qayalar qan deyərək hayqırıyor.
Gecə qorxunc, dönüyor şəhrə motor,
Andırır qəlbi dələn bir cidayı
Səbayıl daşları məhzun duruyor
Qanlı bir dalğa salamlar burayı
Yaşlı bir ana açıq pəncərədən
Baxır Narginə qəlbində yara
Qanlı əncamı o duymuş gecədən
“Nərdə, yavrum?” soruşur dalğalara.
Susuyor qanlı Xəzər bağrıyanıq
Acıyor verdiyi qurbanlarına
Susuyor şimdi o, lakin oyanıq
Qara bir fırtına saxlar yarına.
Dilqəm ƏHMƏD // teleqraf.com