manera.az
manera.az

Yazıçı Şahlar Həsənoğlu dünyasını dəyişib

📅 09.01.2020 16:06

Yazıçı Şahlar Həsənoğlu dünyasını dəyişib
Tanınmış alim və yazıçı, tarix elmləri namizədi, dosent, Azərbaycan Yazıçılar Birliyinin üzvü Şahlar Həsənoğlu vəfat edib.

Qarabağ torpağının yetirdiyi seçkin ziyalılardan olan Şahlar Həsən oğlu Kərimov 1941-ci ildə Ağdam rayonunun Mərzili kəndində doğulmuşdu. Tarix sahəsindəki tədqiqatları, uzunmüddətli elmi-pedaqoji fəaliyyəti onu qiymətli alim və müəllim kimi tanıdıb. Özünəməxsus dil-üslub keyfiyyətlərilə yaratdığı nəsr əsərləri – hekayələri, povestləri isə bir yazıçı olaraq Şahlar Həsənoğlu imzasını oxuculara sevdirib.

Milli mövqeyi, vətəndaş təəssübkeşliyilə seçilən Şahlar Həsənoğlu, Qarabağ hadisələri başlanandan torpaqlarımız uğrunda haqlı mücadiləmizdə xüsusi fəallıq göstərirdi. Erməni təcavüzünə, xalqımızın üzləşdiyi şovinist-işğalçı təzyiqlərə qarşı istər elmi, istərsə də ictimai müstəvidə davamlı mübarizə aparırdı. O, nasir kimi qələmə aldığı “Ala buludlar”, “Beşyüzevli”, “Yaxan düymələ” adlı irihəcmli əsərlərində, eləcə də hekayələrində milli mənəvi dəyərlərimizə, xalqımıza xas etnoqrafik cizgilərə, Azərbaycan və Qarabağ insanının özünəməxsus keyfiyyətlərinə geniş yer vermişdi.

Qarabağ torpaqlarının, xüsusən uzun zaman çalışdığı Xankəndinin, Şuşanın, ata-baba yurdu Ağdamın, Mərzili kəndinin işğalı Şahlar Həsənoğluda da dərin məyusluq, eyni zamanda, düşmənə qarşı böyük qəzəb doğurmuşdu. Təsadüfi deyil ki, müqəddəs torpaqlarımızın itirilməsilə qəlbən heç cür barışa bilməyən Şahlar Həsənoğlu, öz vəsiyyətinə əsasən, işğal altındakı doğma Mərzili kəndinin yaxınlığında - həmkəndlilərinin böyük bir qisminin məskunlaşdığı Ergi qəsəbəsində torpağa tapşırıldı.

Şahlar Həsənoğlunun hüzr mərasimi yanvarın 10-da Xocəsən qəsəbəsindəki evində keçiriləcək.


Baxış sayı - 1 044 | Yüklənmə tarixi: 09.01.2020 16:06
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031