Bütün xatirələr payızı sevir - Hədiyyə Şəfaqətin şeirləri
Hədiyyə Şəfaqətin şeirləri
TANRI
Tanrı, özümdən doymuşam,
Dağıt məni, təzədən qur
Bir dəfə ki, bacarmısan?-
Unut məni, təzədən qur
Əllərimi çiçək elə
Saçlarımı külək elə
Bir az mənə kömək elə
Yarat məni, təzədən qur..
Ürəyimdə daş ağrısı
Gözlərimdə yaş ağrısı
Bir dönük sirdaş ağrısı
Sağalt məni, təzədən qur...
Nə yalan, nə həqiqətdir
Məndəki mən müsibətdir
De ki, belə məsləhətdir-
Aldat məni, təzədən qur...
Toxu, toxu dilək-dilək
Sına, sına mələk-mələk
Ayır yerdən, yanına çək
Qat-qat məni, təzədən qur...
Sən anlarsan bu seçimdən
Bezdim daha bu biçimdən
Tanrı, yorulmuş içimdən
Çıxart məni, təzədən qur...
NƏ QƏRİBƏ GÖRÜŞDÜ?...
Nə qəribə görüşdü?
Əl uzatdıq-sıxmadıq
Göz-gözəydik-baxmadıq
Bir yer vardı-getmədik
Bir göy vardı-çıxmadıq...
Nə qəribə görüşdü?....
Bilinmədi gözləyən
Bilinmədi gələn kim
Bu dünyayadı,
O dünya?
Sağ qalan kim,
Ölən kim?...
Daşları daş deyildi
Rəngləri rəng deyildi
Qatışmışdı yerə göy
Heç nə yalan deyildi
Heç nə gerçək deyildi...
...Nə qəribə görüşdü?
Doğrudanmı görüşdük?...
ALLAH, NECƏ GÖRÜNÜRƏM…
Allah,
Necə görünürəm
Sənin dayandığın yerdən?
Durub-oturduğun yerdən,
Yatıb-oyandığın yerdən...
Çiynimdəki mələklərin
Ağırdır hansının yükü?
Başımdan yuxarı dərdim
Ayağım altına çöküb...
Necə görünürəm ordan,
Mən-mən ola bilirəmmi
Adam ola bilirəmmi,
Bəndən ola bilirəmmi?...
Biçdiyin ömür əynimə
Olurmu Allah, olurmu?
Göz yaşlarım ovucuna
Dolurmu Allah, dolurmu?
Çırpırsanmı əllərini
Bir dizinə,
Bir başına?
Hər gün ölüb-dirilməyim
Gələ bilirmi xoşuna...
...Allah,
Umacağın nədir
Gedib-qayıtdığın yerdən?
Gəl gör necə görünürsən
Məni unutduğun yerdən.
QAYIDASAN BİR AXŞAM
Qayidasan bir axşam
Öz evinə yad kimi
Qorxa-qorxa basasan
Öz qapının zəngini
Səslənməyə o taydan
Kimin kimsənin səsi
Düşünəsən-Bu evin
Hara gedib yiyəsi?...
Bir az durub eləcə
Bitkin, yorğun, yuxusuz
Götürüb zəng edəsən-
"Mən gəlmişəm,
Yoxsunuz"...
Qapının gözlüyündən
Baxa, baxa qonşular
Görələr nəsə olub
Səsə çıxa qonşular...
Ərinəsən açarçün
Cibini axtarmağa
Dönüb, çıxıb gedəsən
Evini axtarmağa...
BÜTÜN XATİRƏLƏR...
Bütün xatirələr qəmlidir dostum
Bütün xatirələr gözü yaşlıdır
Bütün xatirələr payızı sevir
Bir az yağışlıdır
Bir az üşüdür
Bir az da dumanlı-cənlidir dostum...
Bütün xatirələr incidir dostum
Bütün xatirələr
Ağrı-acıdır
Bütün xatirələr yetimdir bir az
Bütün xatirələr artıqlıq edir
Bütün xatirələr üzü gülməyən
Qəbul edilməyən sevgidir dostum..