Könlüm Kəlbəcərə köçüb yuxuda - Ələmdar Cabbarlının şeirləri
Manera.az tanınmış şair Ələmdar Cabbarlının şeirlərini təqdim edir:
SƏNSİZ ÜŞÜDÜM, KƏLBƏCƏR
Hara getdim, gözlərimdə
Səni daşıdım, Kəlbəcər.
Dərdindən tamam qocaldım,
Oldum yaşıdın, Kəlbəcər.
Gəlmədim –
məni dara çək,
Adımı üzüqara çək.
Orda elə bir nərə çək –
Burda eşidim, Kəlbəcər.
Nə bir dərdindən halıyam,
Nə dərdindən aralıyam...
Arsız aşıq misalıyam –
Elsiz yaşadım, Kəlbəcər...
Bəxtimiz dərd hörgüsündə,
Gözümüz vəd mürgüsündə...
Bakının bu bürküsündə
Sənsiz üşüdüm, Kəlbəcər.
DAĞLAR
Bircə gün də kövrəlməyə bilmirəm,
Ha deyirəm mətin olum, a dağlar.
Səndən ayrı mən bəxtəvər, bəxtiyar
Çətin olum, çətin olum, a dağlar.
Sən anamsan, dərdin alım, anacan
Elə dedik, heç qıymadıq sənə can.
Qıyma mənə sənsiz qalım sonacan-
Qıyma mənə yetim olum, a dağlar.
Ta ürəyim tab gətirmir ağrıma
Gəlim məni ömürlük bas bağrına.
İnsan olmaq ta çıxıbdı axırıma-
Gülün olum, otun olum, a dağlar.
KÖNLÜM KƏLBƏCƏRƏ KÖÇÜB YUXUDA...
Vətən həsrətiylə, yurd həsrətiylə
Gözümdən tökülən yaşım göynəyir.
O eli, obanı xatırladıqca
Yaddaşım od tutur, huşum göynəyir.
Qalmışam dünyanın dar qəfəsində
Gedib yetişəydim son nəfəsimdə
Bahar həvəsində, yaz həvəsində
İçimdə köç salan qışım göynəyir.
Könlüm Kəlbəcərə köçüb yuxuda
Özünə yurd-yuva seçib yuxuda.
Dağların suyundan içib yuxuda
Səhər dururam ki...
dişim göynəyir...
DƏRDİM GİRİR YUXUMA
Əvəlliylə, axırıyla bir yerdə,
Çalasıyla, çuxuruyla bir yerdə,
Sürüsüylə, naxırıyla bir yerdə -
Aman Allah...
kəndim girir yuxuma.
Gözəllik var – bir az da get irəli,
Qarlı dağlı, sərt yamaclı, dərəli.
Baldırğanlı, əvəlikli, zirəli –
Bərəm girir, bəndim girir yuxuma
Ələmdaram, haqq divanı qurulmur,
Bulanıbdı, çeşmələrim durulmur.
Gündüz mənlə dolaşmaqdan yorulmur.
Dərdə bax ki...
dərdim girir yuxuma.
DƏYMƏDİM XƏTRİNƏ
Sifəti tanışdı, üzü tanışdı,
Bu qız zəmanənin öz uşağıdı.
Məni görən gündən yalan danışdı,
Dedi inanacaq, söz uşağıdı.
Üzdü işvə məni, üzdü naz məni,
Bu yollarda az gözlətdir, az məni.
Dedi kənddən gəlib, anlamaz məni
Dərə uşağıdı, düz uşağıdı.
Düşündü atmağa nə var ki bunu.
Özgəyə satmağa nə var ki, bunu.
Dedi aldatmağa nə var ki, bunu –
Əyri zəmanənin düz uşağıdı.
Bitib yollarında qala bilərdim,
Yarı öz günümə sala bilərdim.
Mən ondan intiqam ala bilərdim –
Dəymədim xətrinə – qız uşağıdı…
HƏR GÜN
Bu axşam gələcək qonağım-qaram,
Bu axşam dərdimin yaşı olacaq.
Hamıdıan birinci təbrikə gələn
Gözümün bir gilə yaşı olacaq.
Biz dərddən tutulan səmayıq, göyük,
Sevinci heç yoxdur, kədəri böyük.
Mən hardan biləydim yapışdığım yük –
Dünyanın ən ağır daşı olcaq.
Qaçıb gətirmişəm tək Sənə pənah.
Qoyma gora gertsin mənlə bu günah;
Hər gün aldadıram anamı, Allah
Hər gün deyirəm ki, yaxşı olcaq…
SAÇLARINDAN BİR TEL GÖNDƏR
Fürsət ver sənə bir şeir
Yazım–özümü öldürüm.
Saçlarından bir tel göndər–
Asım özümü öldürüm.
Yox daha könlümün tabı,
Bağlandı ömrün kitabı.
Bu dünyayla haqq-hesabı–
Kəsim özümü öldürüm;
Saçlarından bir tel göndər–
Asım özümü öldürüm.
Arzularım kəm,yarımçıq,
Taleyimə qəm qarışıb.
İnsanlardan sən qarışıq–
Küsüm özümü öldürüm;
Saçlarından bir tel göndər–
Asım özümü öldürüm.
YADIMDAN ÇIXIB
Bizi qovuşduran o ilk görüş də,
Yersiz inadın da yadımdan çıxıb.
Yoxluğun canımı elə dondurub
İstin də,odun da yadımdan çıxıb.
Gerçəkdin,doğruydun,yoxsa xəyaldın
Sən məni nə təhər əlimdən aldın.
Bilmirəm zəhərdin,bilmirəm baldın
Tamın da,dadın da yadımdan çıxıb.
Tanıtma özünü rastına çıxsam
Əl atıb qaldırma qəm məni yıxsa.
Adını qızıma verərdim yoxsa-
Hayıf ki,adın da yadımdan çıxıb.
GİLEY
Sənnən qurtarmışam, dünya,
Heç nəyin gəlmir eynimə.
Səndən əl çəkməkdən başqa
Bir fikir batmır beynimə.
Elə yanımdan keçmisən,
Nə saymısan, nə seçmisən.
Qəmindən libas biçmisən
Mənim bu yalın əynimə.
Ha özünü qızıla tut,
İlkin beşik...
sonun tabut...
Dünya, məni bir yolluq ud,
Məni bir belə çeynəmə.
Bağrımı köz üstə qoydum,
Ömrümü söz üstə qoydum.
Dərd verdin – göz üstə qoydum,
Niyə çıxartdın çiynimə?..
ARZU
Ölüm də özünə yem gəzir hər gün –
Ölüm də istəyir
yavan olmasın.
Dünyada hər nə var,
cavan olsa da –
qəbiristanlıq cavan olmasın.
ATƏŞKƏS DÖVRÜNÜN ƏSGƏRİ
Atəşkəs dövrünün
əsgəri olmaq
yazıldı alnıma –
Nə qazi olmaq
şansım var,
Nə şəhid olmaq
xoşbəxtliyim...
Elini, obasını
itirmiş biri üçün
atəşkəs dövrünün əsgəri olmaqdan
böyük dərd yoxdur,
qardaşım.
ATA, QƏBİRİSTANLIQ YAMAN BÖYÜYÜB
Ata, qəbiristanlıq yaman böyüyüb,
Səni dəfn edəndə beş-on məzardı.
Ölüm sudan ucuz, amma məzarın
Üstündə növbədi, giley-güzardı.
Vallah, qayğılarım başımdan aşıb,
Sınıq ürəyimi dur bağla görək.
Ata, qəbiristanlıq yaman sıxlaşıb,
Yanında yerimi bərk saxla görək.
Sevincdən qismətim o qədər kəm ki,
Kədər çalışır ki, qəsdimdə olsun.
Qəbrinin səmtində ev tikmişəm ki,
Qoy gözün hər zaman üstümdə olsun.
Ata, qəbiristanlıq yaman böyüyüb,
Yaman çoxalıblar, qoşun olublar.
Allah behişt versin – kənd qonşuların
Gəlib şəhərdə də qonşun olublar.
Ruhuna yazmışam bu sətirləri,
Bir az ağı olsun, şeir olsun bir az.
Bir az da ağlayım qəlbim boşalsın,
Qoy təzə dərdlərə yer olsun bir az.
A DÜNYA
Küsüb-barışmaqdan yoruldum daha,
Gəl səndən biryolluq küsüm, a dünya.
Mən ha çağırsam da kardı qulağın -
Boğulur içimdə səsim, a dünya.
Qüssə verib - vaxtsız əymə belimi,
El içində gödək etmə dilimi.
Ətəyinə uzatdığım əlimi -
Bəlkə ətəyindən kəsim, a dünya.
Yurd seçə bilmirəm başqa bir yeri,
Daha nə tab yeri, nə səbir yeri.
Versən Kəlbəcərdən bir qəbir yeri -
Bəsimdi, bəsimdi, bəsim, a dünya.
Təqdim etdi: Tural Adışirin
MANERA.AZ