manera.az
manera.az

52 saat 2 dəqiqə... - Hədiyyə Şəfaqət yazır

52 saat 2 dəqiqə... - Hədiyyə Şəfaqət yazır
Bəzən gülüb keçmək olmur, ölüb keçməli olursan...

Bir dəfə dostlardan biri "daha yaşaya bilmədiyini" söyləyəndə ona "özünü öldür" demişdim. Bunu ona demək olardı, çünki özündən də, özgələrdən
də keçib gəlmişdi, toxunub qayıtmışdı o sərhədə, ondandı...

Sakitcə: "Yaxşı" dedi və yoxa çıxdı. Sonra qayıtdı...

Məlik o sərhəddən geri dönə bilmədi...

Narahat ruhunun hansısa qara düyünündə əlləri ya əsdi, ya yoruldu, gücü çatmadı... ya da yox, istəmədi, sadəcə istəmədi... İstəmədi, İlahi, istəmədi...

"Məni bağışlayın, sizi narahat etmişəm"...

Narahat olmuşdummu? - Olmuşdum... Amma bu, yetərli deyildi, mən narahat olmamalıydım, başqa nəsə olmalıydım, başqa kimsə olmalıydım, bəlkə o zaman belə alınmayacaqdı. Əvəzində soyuqqanlılıqla: "Eybi yox..." yazmışdım...

İnsan ölümün bircə addımlığındadırsa, hansı üzündə olduğunu bilib-bilməməsindən asılı olmayaraq, hər halda ona sonra mümkün olan qədər uzaqdan baxa bilmir...

İndi olsaydı...

Nə olacaqdı indi olsaydı? - Heç nə...

***

Bəzən sevdiyimiz-sevmədiyimiz, tanıdığımız-tanımadığımız adamların düz yanındaca ölüm peyda olur. Kölgə kimi, bəlkə də adamı kölgəyə itələyib özü onun yerini tutur. Bilmirsən əlini uzadıb ölümdənmi yapışasan, adamdanmı... Bilmirsən, hansını saxlayasan, hansını gözdən çıxarasan...

Hansısa gedir - ya ölüm, ya adam...

Məlik özü getdi...

***

İnsan ölüm üçün doğulub. Kim nə deyir desin, hər şey bu qədər sadə və təbiidir. Bəs həyat özü nədir? "Bəs ölüm nədir?" - içimdən səsini çoxdan kəsib div yuxusuna getmiş müdrik ruh sakitcə pıçıldayır...

Çoxlu ölə bilməyən adam tanıyıram, onlar heç yaşaya da bilmirlər... Ən böyük günah nədir? - deyə üzümüzü Tanrıya tutanda ondan heç bir cavab gəlməyəcək. Amma adamlardan soruşun - sadalarlar, sadalarlar, sadalarlar... bitməz...

Məlik özünü dənizə atanda kimlərsə onun üçün "günaha batdı" demişdilər...

Onun heç bir günahı yoxdu, olmayacaq da. Tapa bilməzsiniz...

***

"Niyə nigaransınız buz kimi əllərimdən?
Gözlərimin rəngindən və azalan çəkimdən...
Hamınıza nə olub?
Nə üçün məni görən,
Gözlərini bərəldir, baxır... baxır... və birdən
Mənə məsləhət verir, tanıdığı həkimdən...
Nə çoxdur mənim kimi, həyatından bezənlər,
Dənizə atılanlar...".


Çox deyil, Məlik... Heç kim heç zaman heç kim kimi olmur...

***
52 saat, 2 dəqiqə...

Məlik bu sözləri yazanda dupduru təbinin verdiyi ən gözəl şeirlərə doğru başqa bir yola çıxmışdı, amma bunu görə bilmirdi... Ona elə gəlirdi, bunun adı ölümdür, amma belə deyildi. Bir an, bircə an, kiçicik bir an... gözünü yumub açacaqdı, qayıdıb başqa bir şeir yazacaqdı - artıq əvvəlki adam olmayacaqdı...

Edə bilmədi...

"İstəmirəm"...

İstəmirdi...

İstəməməyin nə olduğu mənə necə də tanışdır! Mən o suları necə tanıyırdım, İlahi! Mən o dayanıb baxmağı necə görürdüm! Mən o saatların, dəqiqələrin hesablanmasını necə yaşamış, necə keçmiş, günəşin sağ çiynim üstündən batmasını necə izləmişdim zamanında...

İndi, o gündən iki ilə yaxın vaxt keçərkən başımın özümə qarışmış halıyla onun ölümünü necə sakitcə qarşıladığımı xatırlayıram. Qınayın məni, amma nə olsun? Həqiqət dəyişmir, mən sakitcə dayanıb onun bu dəfə də geri qayıdıb-qayıtmayacağını gözləyirdim...

Qayıtmadı...

***

"Səni bağışlayıram
kimsəsiz məzarların şəkilsiz başdaşına.
Səni bağışlayıram
oyuncağı qırılan uşağın göz yaşına.
Səni bağışlayıram
bu yağışın səsinə, bu torpağın ətrinə.
Səni bağışlayıram
elə sənin xətrinə...".


Yalan demə, Məlik, sən heç kimi bağışlamamışdın... bağışlaya bilməmişdin. Bəlkə bağışlasaydın o böyük ürəyinlə, narahat şair ruhunla çox şey edə biləcəkdin, amma bağışlaya bilməmişdin, bilməmişdin...

***

İnsan niyə ölmək istəyir? Niyə Tanrının işinə əl uzadır? Bəlkə onun başını qarışıq bilir, bəlkə onun nəzərlərini arzulayır, bəlkə sınamaq fikrinə düşür Tanrını?

52 saat 2 dəqiqə, görəsən, kimin sınaq məqamıydı, insanlarınmı, Tanrınınmı... Görəsən, o sınaqdan kim bu aləmdə qaldı, kim o aləmə keçdi, görəsən,
sən bu dünyada sənə ölümdən bir addım yaxın dayandığı halda duya bilmədiyin Tanrını o dünyada tapa bildinmi:

"Amma...
Bütün gözəl cümlələrin "amma"sı var.
Ayrılığın izləri var əllərimdə,
Bir də səni düşünəndə,
Ürəyimin ağrıması, yanması var...
İndi ən az şimal qütb ulduzu qədər uzaq,
Və şimal qütbü qədər soyuqsan.
Fəzalararası boşluqdayam, gəzirəm...
Başqa dünyalarda həyat varmı?
Əlbəttə, yox!.. Hardan olsun?!.
Başqa dünyalarda sən yoxsan..!" -
demişdinmi? Demişdin...

Mən Məlikdən sonra adamların həqiqətən ölmək istədiyini anlamağa başladım... Adamlar həqiqətən ölürdülər! Bu həqiqət məni qəflət yuxusundanmı ayıltdı, birdən-birə adamların üzündə, əllərində, gülüşündə, qəzəbində, sevgisində... ölümü hiss etməyə başladım. Gözlərimi yumub xəyali əllərimi adamların yaxasına keçirdim:

"Olmaz! - dedim... Olmazdı!

Sərhədə kimi getmək olardı, amma qayıtmaq lazımdır. Bəlkə də insan məhz ondan sonra yaşamağa başlayır. Məhz ondan sonra hər şey daha yaxın, daha qorxusuz, daha ucalıqda qərar tutur. Sən dəfələrlə əllərini qaldırıb quş kimi qanadlanırsan o nöqtədən, dəfələrlə, amma yerə çaxılmırsan, uçursan, uçursan, qayıdırsan... Öz özünə, öz içinə, öz zamansız və çərçivəsiz ikinci həyatına. Ondan sonra hər şey başqa cür olur... Sən başqa
olursan, daha dərindən gülümsəyə, daha içdən ağlaya bilirsən...

Ölüm geri çəkilir... Daha gözəl şeirlər yazılır...

Daha gözəl şeirlər yazmaq üçün sağ qalmağa dəyərdi, Məlik...

Hər birimiz bizi dənizin dərinliyinə çəkən o səbəbi unuda bilərik... Amma qəribə şəkildə aralıq bir hədd var - o həddə dayanıb gözləyirik, bəlkə kimsə gələcək? Bəlkə kimsə bizi inandıracaq?

Amma bəlkə heç lazım deyildi?

İndi bunun nə əhəmiyyəti var? İndi bunun bir əhəmiyyəti varmı?

Özümü öldürməsəydim indi sağ deyildim... - tez-tez bu sözləri pıçıldayıram...

"Neçə dəfə ürəyimə öldürücü ağrı gəlib,
Köməyimə Tanrı gəlib, ölməmişəm,
Beləcə cırıb atmışam təqvimdən
Günlərimi, aylarımı, illərimi
İllər boyu Tanrı tutub əllərimi.
Tanrı verən ağrılara şükr eləmək
Özü də bir ibadətdir,
Ağrıya bax,
Mənim ailə şəkillərim bir nəfərdən ibarətdir...".

Biz hamımız həmişə elə bir nəfərdən ibarət olacağıq, bir az dayansaydın, bir az qalsaydın anlayacaqdın, qəbullanacaqdın, əvvəl-əvvəl bir az çətin olacaqdı, sonra isə heç əziyyət də çəkməyəcəkdin, hər şeyi qəlbinin dərinliyində bir sandığa qoyub açarını atacaqdın dənizə, özünü yox...

***

İnsanın özünü öldürməyə haqqı çatırmı?

Çatır... Amma insanın özünü öldürməməyə də haqqı çatır, bəlkə daha artıq...

Məlik ölümü məşq etmişdi... Görünür, xoşuna gəlməyibmiş, növbəti cəhdə ehtiyac varmış, amma əbədi yönəldici səsini vaxtında çıxardıb: "Olmadı!"
deməmişdi... Gecikmişdi...

İnsanın özünə əl qaldırmasının arxasında ağırlı-yüngüllü minlərlə səbəb dayana bilər...

İnsan yorulan varlıqdır... bezən varlıqdır... darıxan varlıqdır...

Qədim söhbətdə deyilir: Tanrı darıxırdı, dünyanı yaratdı...

Məlik özünü öldürdü...

***
İntihar - insanın gələcək növbəti həyata tələsməsidir. O, dəyişmək istəyir, ruhunu tezliklə başqa cür canlandırmaq, özünü yenidən başqa cür qurmaq istəyir. Dostları Məlikin bir yerdə qərar tuta bilmədiyini deyirlər. Deyirlər, onu saxlamaq olmayacaqdı... Dostları onu özləri üçün saxlamaq istəyirdilər, biz hamımız kimisə ən çox özümüz üçün saxlamaq istəyirik, bunun adını nə qoyuruqsa qoyaq...

Haqlıdırlar, onu saxlamaq olmayacaqdı... Məlik heç bir xilasediciyə inanmırdı. Dostlarına, özgələrə, heç kimə inanmırdı. Heç kimə inanmadan
yaşamaq isə ya çox çətin olur, ya da çox asan...

Məlik çətin olacağını düşünərək... "Yanıldı" yazıram, pozuram, kim bilir axı, kim bilir?..

"Və sonralar bildim ki, yalan danışmaq belə
Təbii ehtiyacmış.
Köməksiz anlarında yalan təkcə əlacmış...
Həyat - Ən böyük yalan...
Həyat - Boğulan bir nəfərə yardım etdiyin zaman
Səni özünə çəkib, özüylə boğmasıdır..."
- sənsə bilirdin...

***

Məlik Cahan - Adi, çəlimsiz oğlandı. Uzaqdan yorğun, bir az da iddialı görünürdü, deyəsən, hər şeyi çox tez yaşamağa başlamışdı... Dostları tez-tez onu "Eynəkli qız" şeiri ilə xatırlayırlar, bəlkə o eynəkli qız da tez-tez Məliyi xatırlayır...

Məlik Cahan sağ qala bilsəydi... İlahi! - Məlik Cahan sağ qala bilsəydi... ya şeirin daşını birdəfəlik atacaq, ya da başqa şair olacaqdı...

***
Ölüm adi hadisədir. İnsan üstünə düşən missiyanı yük hesab etməyə başlayanda, altında qalıb əziləndə özünü o yükün altından çəkir... Yükə
çevrilmiş missiyadan can qurtarmağın başqa yolu yoxdur...

Sözsüz, missiya yoxa çıxmır, Tanrı da onu havada çox saxlamır, hansısa bətndə böyüməkdə olan bir talenin qədərinə yazır... Biz daşıyıcıyıq, biz yolçuyuq, biz missiyamızı yerinə yetirməkdəyik...

Bir də, kim bilir, bəlkə Məliyin yük hesab edib özünü altından çəkdiyi həmin missiya hələ uzun zaman gizli sığınacağına çəkilib sükut içində onun yenidən doğulmasını gözləməkdədir?..

Bəlkə də bu dəfə bacaracaq...

"Bilmədiyin şeylər var...
Məsələn, gecənin üçündə oyanıb günəşi gözləmək kimi.
Səhər yenə saatın əqrəbini irəli çəkmək var.
Məsələn, alınmayan xəyallarla doluyam mən,
Sonunda məni gözləyir yeni bir natamamlıq,
Sonda ya tələsmək, ya da gecikmək var...".


***

"Məncə, düşüncələr sözün,
Dil insanın yiyəsidir.
Sükut - Yaxşı insanlara
Allahın hədiyyəsidir...".


Əlbəttə, səssizliyə çəkilib susmaq da olardı, amma sən məsələni bu yolla həll etməyi doğru hesab etdin... və getdin... 52 saat 2 dəqiqə sonra.../edebiyyatqazeti.az/

52 saat 2 dəqiqə... - Hədiyyə Şəfaqət yazırБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2019    »
 123
45678910
11121314151617
18192021222324
252627282930