Yoxluğun ən böyük ölçü vahidi sənsən - YENİ ŞEİRLƏR

Manera.az Aqşin Evrənin yeni şeirlərini təqdim edir:
İnsan və Təbiət
Taxta qapıya su töküb
yarpaq cücərməsini gözləyər uşaqlar
Göy qurşağından quş çəkib
uçmasını gözləyər uzaqlar.
Tilov qarmağı deşər dənizlərin bağrını,
Balıqların intiqamı - su çürüdür dəmiri.
Hücum çəkir dalğalar, hücum çəkir sahilə
Gəlib qəddar insanların ayaqların gəmirir.
Qılıncını qalxana çırpan döyüşçülər də
savaşmaz... kaman çalar, kaman çalar...
Yayına at tükü bağlandığıyçün
kədərli at səsi çıxarar kamançalar.
Yoxluğun ölçü vahidi
Zəngini gözləyirəm...zəngini
Bax, tarix telefonu kəşf etməklə heç nəyi dəyişmədi əslində:
Sadəcə, gözləməyin daha bir növünü yaratdı...
Həyatsa səni ömrümdən almaqla ağrımağın özünü yaratdı.
Həyətə baxıram...həyətə
Əkdiyin ağac bir gün yonulub tar olacaq
Mən də köynəyimi o tarın səsindən asıb qayıdacam.
Fincandakı suyun bir gün qar olacaq
Mən də şərfimi o qarın izindən asıb qayıdacam...
Və bir gün mütləq... bir gün mütləq
“Dur, əzizim... dur keç ömrümdə yat” deyib səni həyatdan oyadacam.
Yaxşı... olsun, sən deyəndi, sən deyən:
xatirələr yırtıcıdı, xatirələr quduzdu...
Amma bil ki, biz
“Sevgi kimdir” əvəzinə “sevgi nədir” sualını verəndə uduzduq.
İndi həyata baxıram...həyata
Və baxıb görürəm ki:
Yoxluğun ən böyük ölçü vahidi sənsən..
Sevginin ölçü cihazı
Bu soyuq havalarda evdə olan hər kəsin
hansısa küçələrdə üşüyən tərəfi var.
Bu tutqun axşamçağıda hamının ürəyinin
hələ oxunulmamış gizli sevgi rəfi var.
Sevməyin ölçü cihazı bu sadə cümlədəydi:
“Əlini tutsa sevgidir, nəbzini tutsa taleyin”.
Nə etməli... belə oldu... İndi ki üşüyürsən,
Götür eşqdən ürəyində qalan o odu geyin.
Yeni çəhrayı palto al, təzə soyadı geyin.
Darıxmağa tutul getsin – vəhşi cəlladı geyin.
Külək əssin...
Onun əlin süzən meh gəlib saçında gəzsin.
Həsrət asta girsin evə, barmaq ucunda gəzsin
Oyatmasın beşiyində uyuyan xatirəni.
Soruşursan, necə idi sevgi olan illərin?
- “Rənglər vardı”... gözəl idi rənglərin olduğu vaxt.
Ayrılığın qoşunları hücuma keçən gündən
Xatirələrin işğalı altında qalıb paytaxt.
Şaxta düşdü, isitmədi səni çəhrayı palto,
Heç utanma, ürəyində qalan o odu geyin.
Sevməyin ölçü cihazı əslində beləcəydi:
“Əlini tutsa sevgidir... buraxmasa taleyin”.