Milli Yaylaq Festivalı keçirəcək - Azərbaycanda İLK

Azərbaycan xalqının zəngin və çoxəsrlik mədəni irsinin, yüz illərlə formalaşmış yaylaq və elat mədəniyyətinin, unikal mədəniyyət nümunələrinin və tarixi abidələrinin nümayiş etdirilməsi və ərazinin turizm potensialının üzə çıxarılması məqsədiylə bu ilin iyul-avqust ayları ərzində Azərbaycanda ilk dəfə olaraq Gədəbəy rayonunda milli-mədəni dəyərlərimizi, tariximizi və bir sıra ənənələrimizi özündə əks etdirən Milli Yaylaq Festivalı keçiriləcək.
Festival Cavad Xan Tarix və Mədəniyyət Fondu, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və Gədəbəy Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutacaq.
Festivalın açılış mərasimi iyulun 26-da olacaq və 3 gün ərzində təntənəli el şənliyi keçiriləcək.
Gədəbəy rayon İcra Hakimiyyətindən aldığımız məlumata görə, hazırda rayonun Miskinli yaylağının ərazisində orijinal üslubda “Yaylaq Yurdu” adlı etnoqəsəbə yaradılır ki, burada 6000-ə yaxın festival iştirakçısı çadırlarda yerlə təmin ediləcək.
Bildirilir ki, Milli Yaylaq Festivalı şərti olaraq 3 hissədən ibarət olacaq: mədəni-etnoqrafik hissə, milli yaylaq (idman) oyunları və ekoetnoturizm.
Festivalın mədəni-etnoqrafik hissədə aşıqların deyişməsi, milli rəqslər (yallılar, cəngilər), xalq mahnıları, səhnələr, tamaşalar, əski xalq oyunları (dirədöymə, çilingağac, əzəldəyməz, müçük, aşıq-aşıq, molla-mindi) təşkil ediləcək, yaylaq mətbəx nümunələri (odun üzərində bişən xörəklər: dovğa, çoban buğlaması, sacüstü kətələr, kabablar və sair) bişiriləcək, qoçların, qurdbasarların (çoban itlərinin) və yerli yorğa atların sərgi-müsabiqəsi keçiriləcək, yaylaq və spesifik kənd təsərrüfatı məhsullarının, müalicəvi dağ bitkilərinin satış-yarmarkası olacaq.
Festival müddətində ölkəmizdə tolerantlıq və multikulturalizmin əyani nümayişi olaraq Azərbaycanda yaşayan müxtəlif etnik qrupların (avarlar, molokanlar, talışlar, yəhudilər, ləzgilər və sair) nümayəndələrinin mədəni proqramları və nümunəvi çıxışlarına yer veriləcək.
Milli yaylaq oyunları adlı hissədə Yaylaq (idman) oyunları şərti adı altında qədim tarixə malik yorğa at yarışları, atüstü oyunlar və milli idman növləri üzrə yarışmalar və nümunəvi çıxışlar təşkil olunacaq. Yorğa at yarışları (müxtəlif məsafələrdə və kateqoriyalarda), milli güləş yarışı, çaparaq at yarışları, çoban güləşi (Kəmər güləşi) keçiriləcək.
Bununla yanaşı, atlar üzərində igidlik, atüstü milli oyunlar (Çövkən, Baharbənd, Sürpapaq, Piyalə, Ər endir (atüstü güləş), Gərdək qaçırma, zorxana, kəndirbazlıq, oxatma kimi maraqlı oyun və yarışlar təqdim ediləcək.
Festivalda qonaqlar və turistlər arasında masa (ağacçəkmə) güləşi, Arkan (kəndir) dartma, nərd yarışı, “çuvalqaçdı” kimi kütləvi oyun-yarışmalar təşkil ediləcək.
Festivalın ekoetnoturizm hissəsində turistlər üçün xüsusi etnoqəsəbədə köhnə ənənəvi üslubda düzəldilmiş yurdlarda, dəyələrdə qalmaq imkanı yaradılacaq. “Yaylaq bir gün” adlı hissədə turistlər şərti olaraq XVIII əsrin ənənəvi yaylağına, bölgənin tarixi abidələrinə, səfalı yerlərinə atla səyahətlərinin, “Alman izləri” adı altında xüsusi ekskursiyanın təşkili, turistlərin yaylaq həyatının bütün sahələrində (ot biçmək, nəhrə çalxamaq, tətbiqi sənətlə məşğul olmaq, milli kulinariya nümunələrini hazırlamaq, çobanlıq etmək) bir başa iştirakçı olmaq imkanı yaradılacaqdır.
Bununla yanaşı, festival iştirakçıları üçün bölgənin məşhur yerlərinə - Koroğlu qalasına, Mahrasa məbədinə, Qız qalasına və digər tarixi məkanlara, maraqlı yerlərə atla gəzintilər, səyahətlər təşkil ediləcək. “Alman izləri” adlı xüsusi ekskursiyalar, habelə ayrı-ayrı məkanlara səyahət üçün imkan yaradılacaq.
Gədəbəy Rayon İcra Hakimiyyəti Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Qədir Bağırov bildirib ki, festival çərçivəsində Gədəbəyə turist axını gözlənilir. Buna görə də rayondakı 6 otel, 1 mehmanxana qonaq qarşılamağa hazır vəziyyətdə olacaq. Bundan əlavə, bələdiyyələrlə birgə kirayə evlər müəyyənləşdirilib, turistlər kirayə evlərdə də qala biləcəklər.
Onun sözlərinə görə, festival hava şəraiti imkan verənədək davam edəcək. Həmin müddətdə qonaqlar çadırlarda da qala biləcəklər.
Festivalın İdeya müəllifi və layihə rəhbəri Müzadil Həsənov bildirib ki, Hazırlıq işləri bir aya yaxındır ki, başlanılıb. İşlərin 70-80 faizi tamamlanıb. Hazırda Milli Yaylaq Festivalının keçiriləcəyi yerdə tikinti işləri davam etdirilir. Qurğular yerdən biraz hündür olacaq. Taxtalar döşənəcək və onun üzərinə xalça atılacaq. Axşamlar yatmaq üçün yerlər olacaq. Hər bir detalın qədim adət-ənənələrə uyğunluğuna xüsusi diqqət edirik. Artıq “Yaylaq bazarı”, sənətkarlıq guşələri, giriş hissəsi, “Yaylaq süfrəsi” hazırdır. Ən böyük yurd 100 kvadratmetr olacaq. “Xan” yurdu adlandırılır".
Müzadil Həsənovun sözlərinə görə, hazırlıq prosesi zamanı heç bir problemlə qarşılaşmayıblar: “Festivalı Gədəbəy rayonu ərazisində keçirməyimizdən çox şadıq. Gədəbəy rayon İcra Hakimiyyəti Festivalı keçirilməsində maraqlıdır. Bizə çox dəstək göstərirlər. Bizi ehtiyac yarandıqda texnika və tikinti materialları ilə təmin edirlər. İşiq və su ilə təmin olunmuşuq. İndiyə qədər heç bir problemlə qarşılaşmamışıq”.
Vətəndaşların Festivalda iştirakı ilə bağlı prosedurdan da danışan Müzadil Həsənov bildirir ki, Milli Yaylaq Festivalında iştirak tam ödənişsiz və sərbəstdir: “Azərbaycanın istənilən regionundan vətəndaşlar heç bir qeydiyyatdan keçmədən Festivalda iştirak edə bilər. Festivalın keçirildiyi ərazidə iştirakçılar üçün xüsusi yerlər ayrılacaq. Həmin yerin adı “Öz yurdunu qur” olacaq. Məsələn, vətəndaş istəsə özü ilə çadır və ya digər ləvazimatlar gətirə bilər. Özü üçün şərait Festival müddətində qala bilər. Füsətdən istifadə edərək vətəndaşlarımızı festivala dəvət edirəm.”
Ümid edirik ki, xalqımızın zəngin şəhərsalma ənənələri ilə yanaşı, onun yüz illərlə, min illərlə formalaşan həyat tərzi və unikal mədəniyyət nümunələri sırasına özündə yaylaq mədəniyyəti və elat ənənələrini özündə əks etdirən Milli Yaylaq Festivalını da aid etmək olacaq və festival iştirakçılara unudulmaz anlar yaşadacaq. //525-ci qəzet//
Hazırladı: Şəhla Aslan