manera.az
manera.az

Unudulmaz aktyor Yusif Vəliyevin 100 illiyi qeyd olunacaq

📅 05.05.2017 23:20

Unudulmaz aktyor Yusif Vəliyevin 100 illiyi qeyd olunacaq


2017-ci il iyun ayının 2-də saat 19.00-da Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Gənc
Tamaşaçılar Teatrında görkəmli sənətkar, parlaq istedada malik unudulmaz teatr və kino aktyoru, Xalq Artisti Yusif Vəliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçiriləcək.


Unudulmaz aktyor Yusif Vəliyevin 100 illiyi qeyd olunacaq
Murtuz ("Dan ulduzu",C.Məmmədov)

Tədbirdə vaxtilə sənətkarla bir çalışmış həmkarları çıxış edərək görkəmli aktyor haqqında fikirlərini bölüşəcək, onun çəkildiyi filmlərdən və oynadığı
rollardan kadrlar nümayiş etdiriləcək. Tədbirin quruluşçu rejissoru Xalq Artisti Vaqif Əsədov, aparıcı Əməkdar İncəsənət Xadimi, sənətşünaslıq doktoru, professor İlham Rəhimlidir.

Teatrın foyesində ölməz aktyorun yaradıcılığını əks etdirən fotosərgi tamaşaçılara təqdim olunacaq. Tədbir ADGTT-nın kollektivi tərəfindən
Y.Vəliyevin məzarını ziyarət edilməsi ilə başlayacaq. Məlumat üçün bildirək ki, Yusif Abdulla oğlu Vəliyev 22 mart 1917-ci ildə Dərbənddə anadan olub. 1933-1936-cı illərdə Bakı Teatr Texnikumunda təhsil alıb. Tələbəlik illərində Milli Dram Teatrının tamaşalarında kütləvi səhnələr, sözsüz rollar ifa edən aktyor, eyni zamanda Yəhudi Dövlət Dram Teatrında da işləyib. Texnikumu bitirəndə yenicə açılan Mirzə Ələkbər Sabir adına Nuxa (indiki Şəki) Dövlət Dram Teatrına işləməyə göndərilib. 1949-cu ilin yazında Bakıya gələn Yusif Vəliyev çox az müddət Rus Dram Teatrında aktyorluq edib. Ancaq əsas yaradıcılığı 1949-cu ilin axırlarından ömrünün sonunadək Gənc Tamaşaçılar Teatrı ilə bağlı olub. O, Teatrın rus bölməsində hazırlanan Mixail Şatrovun "İnqilab naminə" pyesinin tamaşasında Lenin rolunu çox böyük müvəffəqiyyətlə ifa edib.
Sənətkar 1960-cı ildə Azərbaycan Respublikasının Əməkdar Artisti, 1979-cu ildə Xalq Artisti fəxri adları ilə təltif olunub.

Görkəmli aktyor 1980-ci il mart ayının 18-də vəfat edib.

Turan Etibaroğlu
MANERA.AZ


Unudulmaz aktyor Yusif Vəliyevin 100 illiyi qeyd olunacaq

Hacı Səməd ağa ("Bəxtsiz cavan", Əbdürrəhim bəy Haqverdiyev)

Unudulmaz aktyor Yusif Vəliyevin 100 illiyi qeyd olunacaq


Baxış sayı - 2 900 | Yüklənmə tarixi: 05.05.2017 23:20
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031