Qadın da Vətən kimidir...- Çağdaş qadın şairələrimizin şeirləri II MANERA.AZ

Tarix:8-03-2018, 10:54 Baxış Sayı:1401

Qadın da Vətən kimidir...- Çağdaş qadın şairələrimizin şeirləri II MANERA.AZ
Manera.az 8 Mart "Beynəlxalq Qadınlar Günü" münasibətilə çağdaş qadın şairələrimizin şeirlərini təqdim edir:


Qadın da Vətən kimidir...- Çağdaş qadın şairələrimizin şeirləri II MANERA.AZ
Fərqanə MEHDİYEVA

QADINLAR, SIXMAYIN KİŞİLƏRİ SİZ

Ömür-gün yoldaşıma

Allah, üzü dönsün belə zamanın,
Görən, çoxmu çəkər beləcə işlər.
Utana-utana gəlirlər evə,
Əli ətəyindən uzun kişilər.

Doğma ocaqları yad gəlir bəzən,
Kimin nə vecinə, kim oyaq, yatan.
Kişilik adına bəd gəlir bəzən,
Allah, özün saxla bu sıxıntıdan.

Gözümdə dağ olur əlin qabarı,
Əlləri nə haya, köməyə çatır.
Səhərdən axşama qazandıqları,
Bircə siqaretə, çörəyə çatır.

Qadınlar, sıxmayın kişiləri siz,
Bəzən kükrəyirik, bəzən daşırıq.
Yox, yox, danlamayın, incitməyin siz,
Mən də içinizdə özümqarışıq.

Siz elə bilməyin kefindən çıxıb,
Rahat baş qoyurlar elə balınca.
Səhərdən-axşama evindən çıxıb,
Düşürlər bir para çörək dalınca.

Bilmirlər toyuna, vayına qalsın,
Kim töksün ətəkdən daşlarını da.
Görəsən, kimlərin hayına qalsın,
Vallah, itiriblər başlarını da.

Hamı bir havanı çala bilməyir,
Qabağa de hansı işini salsın?
İşləyir, haqqını ala bilməyir
Başına haranın daşını salsın?

Hər evə gələndə siz bilirsiniz,
Qəlbində əlacsız yarası sızlar.
Gözü kölgəlisə uşaq yanında,
Özünə dip-diri qəbir qazırlar.

Qadınlar, sıxmayın kişiləri siz,
Eşitsin səsimi qoy uzaq-yaxın,
Yox, yox, danlamayın, incitməyin siz,
Köhnəni təptəzə geyinib çıxın.

Qadınlar, sıxmayın kişiləri siz,
Bu da bir dövrandı, bəxtdi, qismətdi.
Siz Allah, dəyməyin xətirlərinə,
Özləri çəkdiyi özünə bəsdi.



Qadın da Vətən kimidir...- Çağdaş qadın şairələrimizin şeirləri II MANERA.AZ
Xanım İSMAYILQIZI

***
Bir küçə, bir adam, bir də yalqızlıq...
Bir adam, bir ürək, bir də haqsızlıq...
Bir ürək, bir nifrət, bir də qansızlıq...
Bir nifrət, bir əzab, bir insafsızlıq...
Bir əzab, bir ölüm və vicdansızlıq...
Bir ölüm, bir küçə və ADAMSIZLIQ...

***
Dedilər ki, sevinc kədəri boğar.
Sevinmişdim...Boğmadı.
Dedilər ki, sabah bu günü yıxar.
İnanmışdım...Yıxmadı.
Dedilər ki, Allah üzünə baxar.
Görən, baxdı, baxmadı?..



Qadın da Vətən kimidir...- Çağdaş qadın şairələrimizin şeirləri II MANERA.AZ
Esmira MƏHİQIZI

* * *
Səni gün ağlada, bulud ağlada,
sonra da bir islaq umud ağlada,
səni etmədiyin sübut ağlada-
deyə bilməyəsən, mən etməmişəm.

Barmağın altında tətik olasan,
qəfil açılmağa ütük olasan,
hamının gözündə itik olasan-
deyə bilməyəsən, mən itməmişəm.

Uzaqdan keçəsən, gendən gedəsən,
qona bilmədiyin gündən gedəsən,
gedəndə biləsən, kimdən gedəsən-
sonra deməyəsən, mən getməmişəm.



Qadın da Vətən kimidir...- Çağdaş qadın şairələrimizin şeirləri II MANERA.AZ
Afaq ŞIXLI

BU DƏFƏ...

Bu dəfə başqayam... Başqasan sən də,
Düşünsəm - sevmədin, yalan olardı;
Nə qədər bu eşqə yasaq desəm də,
Sənsiz ömrüm-günüm talan olardı.

Bu dəfə başqadır gələn bu qış da,
Bu qış heç bir fəslə bənzəməyəcək...
Daha ölməyəcəm bircə baxışdan,
Şəfqətin dünyamı bəzəməyəcək.

Az qalıb, əzizim, uzaq mənzilə,
Bu yolu xoşluqla getmək də varmış!
Sevgiylə yaşaya bilməsək belə,
Yaxşı ki, sevgidən ölmək olarmış!



Qadın da Vətən kimidir...- Çağdaş qadın şairələrimizin şeirləri II MANERA.AZ
NARINGÜL

***
Qadın da vətən kimidir
Sevəni var,
Atanı var,
Satanı var,
Aldadıb
baş qatanı var.

Qadın da vətən kimidir
Əkəni var,
Biçəni var,
Köçəni var,
Tapdalayıb keçəni var.

Qadın da vətən kimidir
Bir tərəfi ölümdü-itimdi,
Sahibi olmasa yetimdi.




Qadın da Vətən kimidir...- Çağdaş qadın şairələrimizin şeirləri II MANERA.AZ
RƏBİQƏ

***
Allah, mənə bir az bəxt ver,
bir az da vaxt, yaşayım.
Bir az ömrümdən yaşayım,
Bir az sərvaxt yaşayım.

Mənə gecələr yuxu,
Səhərlər gümrahlıq ver.
Mənə bir damcı qorxu,
Bir damcı toxtaqlıq ver.

Bir az ümiddən yolla,
Bir az işıq at, bəsdi.
Bir az ağıl ver, seçim
Nə bəsdi, nə əbəsdi.

Bir az mərhəmət göndər,
Bir də, bol-bol məhəbbət.
Bircə sənə yazmağa
Bir yerim olsun xəlvət.

Bir tikə çörək tapım,
Bir parç su, yaşayaram.
Bir də, qızımı qoru,
Nə versən, daşıyaram.




Qadın da Vətən kimidir...- Çağdaş qadın şairələrimizin şeirləri II MANERA.AZ
Səhər ƏHMƏD

* * *
Özün donundan gözəl,
Donun özündən, ay qız.
Bəs niyə kədər yağır
Qara gözündən, ay qız?

Yoxsa zalım atan var,
Yoxsa sevib atan var,
Bəlkə xəstə yatan var,
Sənin üzündən, ay qız?

Bu nə dondu, geymisən,
Nə boynunu əymisən.
Bilirəm, gileylisən
Alın yazından, ay qız.

Özün-özünə yüksən,
İçini mənə tök sən.
Qorxma, bir az böyüksən
Mənim qızımdan, ay qız.




Qadın da Vətən kimidir...- Çağdaş qadın şairələrimizin şeirləri II MANERA.AZ
Aləmzər SADIQQIZI

* * *
Yenə nə dolmusan bulud gözlərim.
Dərdini tökməyə yer axtarırsan.
Bezmisən dünyanın haqsızlığından
Quş kimi uçmağa göy axtarırsan.

Bir qərib yolçusan yol yoldaşın yox
Yollarda islanır yağışın altda.
Eləcə yol çəkir yol gözləyirsən,
Yollarda utanır baxışın altda.

Fələk çox ağladıb səni, əzizim.
Neyniyim bir azca güləsən, gülüm.
Yumum kirpiyimi bir azca dincəl.
Qorxuram dərdimdən öləsən, gülüm...

Sənsən bu Aləmin qəm daşıyanı,
Mən sənin bir qəmli yarın olmuşam.
Hər kəsin bəxtinə gülənlər düşüb,
Mən səni ağladan payın olmuşam.



Qadın da Vətən kimidir...- Çağdaş qadın şairələrimizin şeirləri II MANERA.AZ
Nazilə GÜLTAC

VƏTƏN XƏRİTƏSİ

Qızım çəkdi
Vətən xəritəsini.
Azərbaycan sözünü
yerləşdirə bilmədi,
xəritənin üstünə.

“Azər “ yazdı,
“ Bay” yazdı,
Dedi ki,
” Can “sözünə
yer azdı.

Məndən
yardım istədi.
Baxdım xeyli
ana yurdun
paralanmış köksünə,
dağ çəkilən səddinə.
Dəmirqapı Dərbəndin
qapısını döymədim.

“C”-nı cənuba yazdım,
Dedim canımız orda.
Qızım çoxumuz orda.

“A” qondu Borçalıya,
And yerimizdi dedim.
“N”-nı qərbinə yazdım.
İrəvana xal saldım.

Orda nidamız qalıb.
Orda naləmiz yanıb.
Qızım indi bax , dedim:
Böyük Vətənimizin
bəxtsiz xəritəsinə.
Bəxtsiz Vətənimizin
Böyük Xəritəsinə.



Qadın da Vətən kimidir...- Çağdaş qadın şairələrimizin şeirləri II MANERA.AZ
Rəsmiyyə SABİR

İSTӘYIRӘM

Bir səma istəyirəm,
göyləri buludsuz.

Bir günəş istəyirəm,
işığı tükənməyən.

Br zirvə istəyirəm,
enişi olmayan.

Bir zaman istəyirəm,
insanı qocaltmayan.

Bir rüzgar istəyirəm,
yer üzündəki bütün pislikləri
uçurub apara bilən.

Bir yağış istəyirəm,
dünyadakı bütün dərdləri yuyub aparsın.

Bir vicdan istəyirəm,
bütün haqsızlıqlara sinə gərən.

Bir adam istəyirəm,
Adam kimi adam.




Qadın da Vətən kimidir...- Çağdaş qadın şairələrimizin şeirləri II MANERA.AZ
Çiçək MAHMUDQIZI

* * *
Mən sevməyi bilirəm,
Mənə unutmaq öyrət.
Gecənin qor üzündə,
Mənə də yatmaq öyrət.

Dərd ağladır - gülürəm,
Dərd olmasa ölürəm...
Mən ölməyi bilirəm,
Göylərdə batmaq öyrət.

Köçünnən köçdüm axı,
İçindən keçdim axı,
Dərdini içdim axı,
Dərdinə çatmaq öyrət.

Səndən ayrısa yolum,
Yaşamağım çox zulum.
Kərəm et, qurban olum,
Başımı qatmaq öyrət,
Başımı qatmaq öyrət...




Qadın da Vətən kimidir...- Çağdaş qadın şairələrimizin şeirləri II MANERA.AZ
Sevinc MƏMMƏDOVA

SƏN MƏNİM ŞƏKLİMİ ÜRƏYİNƏ ÇƏK

Sən mənim şəklimi ürəyinə çək,
Bəlkə uzaq ola qəm, ürəyindən,
Gəzdir sinən altda, gəzdir tütyətək
Qoy səni qorusun dumandan, çəndən.

Sən mənim şəklimi ürəyinə çək,
Sevən ürəyinə lap yaxın olum,
Sən orda boş yerə kədərlənəndə,
Mən burda bulud tək boşalım, dolum.

Qoruyum ağrıdan, acıdan səni,
Üzünü, gözünü kədər almasın,
Sən mənim şəklimi ürəyinə çək
O sevən ürəyin gücdən qalmasın.

Çək mənim şəklimi, ürəyinə çək,
Bəlkə ürəyinin həsrəti bitər,
Sənə sirri pünhan, sehri bitməyən,
Bir nağıl söyləsin səhərə qədər…




Qadın da Vətən kimidir...- Çağdaş qadın şairələrimizin şeirləri II MANERA.AZ
Aybəniz ƏLİYAR

BİLӘSӘN

Eşqə batıb əl‐ayağım,
Dada bilmirəm, biləsən...
Hər gün sənə yol gəlirəm,
Çata bilmirəm, biləsən...

Qalxmışam yoxuşlarını,
Yumuşam yağışlarını.
Üstümdən baxışlarını
Ata bilmirəm, biləsən...

Hayandan girdin ömrümə?
Üstüm bulandı dərd‐qəmə.
Gəl, başını qoy sinəmə,
Yata bilmirəm, biləsən.

Günəş çıxmır payızımda,
Әlin üşür ayazımda.
Bir söz qalıb boğazımda,
Uda bilmirəm, biləsən...




Qadın da Vətən kimidir...- Çağdaş qadın şairələrimizin şeirləri II MANERA.AZ
Lətafət ABIYEVA

SƏNİ GÖZLƏYİRƏM

Yorğun dizlərimdə əlimin izi,
Dizimin dərdini yaddaşım bilir.
Qürur sığal çəkir üzümə hər gün,
Hər gecə o izi göz yaşım silir...
Səni gözləyirəm.

Gəl ki, sevincimin buzu ərisin,
Gəl, bilim yaşamaq nətəhər olur.
Bilim ki sevincin tumurcuq yazı,
Bilim ki, arzuda ağ səhər olur -
Səni gözləyirəm.

Yetiş ümidimin son nəfəsinə,
Gəl qıyma həsrətin başdaşım olsun.
Bir quru qürurdan ta bezdim, inan,
Özümlə nə qədər savaşım olsun?!
Səni gözləyirəm...

Yüz eyham qatılır bir zarafata,
Bir kötük gülüşü bir can oxlayır.
Mənim azadlığım gəlişindədir...
Bəxt məni özündə dustaq saxlayır -
Səni gözləyirəm.

Nəfəsim təntiyir, havam çatmayır,
Çıxar bu dərd adlı çanaqdan məni.
Bir efv fərmanı ver bu həbsə, nolar,
Qurtar yüz tənədən, qınaqdan məni.
Daha nə həsrəti ovuda billəm,
Özümə nə səbr et, nə döz deyirəm.
Səni gözləyirəm,
Səni gözləyirəm...




Qadın da Vətən kimidir...- Çağdaş qadın şairələrimizin şeirləri II MANERA.AZ
Adilə NƏZƏR

SƏNİN PƏNCƏRƏNDƏ MƏNİM ÜMİDİM

Nə köks ötürürəm, nə ah çəkirəm,
Sönür adımıza yandırdığım şam.
Sənin pəncərəndə mənim ümidim
Edam kürsüsünə çıxır hər axşam.

Bilmirəm nə işdi, daşdan fərqi yox,
Qaynar gözlərinin qışdan fərqi yox,
Qəlbimin bir bala quşdan fərqi yox,
Əcəl təri tökür hər nəfəsində.

Solur üzümdəki o tər baxışlar,
Tanrı surətini verməyib demək.
Görünür payızda yağan yağışlar
Yeddi rəng olmayır yaz yağışı tək.

Yarpağı tökülən ağacın dərdi
Payızın eyninə deyildir, paşam.
Eh, sənə nə var ki, mənim ümidim
Edam kürsüsünə çıxır hər axşam.




Qadın da Vətən kimidir...- Çağdaş qadın şairələrimizin şeirləri II MANERA.AZ
Həyat ŞƏMİ

ADAM OLMADI BİZDƏN

Evcik-evcik oynadıq,
ev qurduq özümüzdən...
böyüyüb uşaq olduq,
Adam olmadı bizdən...

Ən şirin oyuncağın,
gəlinciyin də məndim,
min yol qolumu qırdın,
bir qol da incimədim...

Görən indi hardasan?
Gəlmirsənsə özün bil,
Tulladığın gəlinciyi,
Yol gözləyən qızın bil...

Mənsə ürəyim dolu
Su atmışam dalınca...
Oh, yamanca susadım,
Ürəyim boş qalınca...




Qadın da Vətən kimidir...- Çağdaş qadın şairələrimizin şeirləri II MANERA.AZ
İradə AYTEL

İki nöqtə, bir mötərizə

İki nöqtə, bir mötərizə - Mən,
İki nöqtə, bir mötərizə - Sən!
Ən əvvəl bu yumruca Sən və Mənə
Ayaq uyduracam,
Əl uyduracam,
Ürək uyduracam…
Sonra monitorun qapısını evimə açacam.
(Nöqtələri açmadan.)
Mötərizə dodağımı,
Yumruca bədənimi
Mötərizə dodağınla dadacaqsan.
Mötərizələr gah açılacaq,
Gah yumulacaq...
Saçlarım sinəmə dağılacaq,
Sinəm əllərinə dağılacaq...
Yumruca bədənimdə
Yumruca sinəm ağrıyacaq,
Qışqıracam!
Mötərizə dodaqlarımızı qoşalaşdıracaqsan.
(Gizlənmişik sanacağız.)
Susmayacam!
Bağıracam!
Elə bağıracam ki,
Həyasız-həyasız məni qoynuna alıb
Qoynumda mışıl-mışıl uyuyan
Gecəni oyandıranacan.
Elə bağıracam ki,
İllərdir tənhalığımı sevib də qoruyan,
Bəxtim!
Səni oyandıranacan!
- Bextim! Bextim!
- Hay caaaaaaaaaan!!!!
Bütün bunlar ürəyinə elə yatacaq ki,
İki nöqtə, bir mötərizə - Sən,
İki nöqtə, bir mötərizə - Mənim
Ürəyimin üstündə yatmağa çalışacaqsan.
- Dayan!
Yıxılacaqsan!
Axı biz iki nöqtə, bir mötərizəyik.
Bax, birazdan ikimiz də
Yatmağa hazırlaşan
Bilgisayarın gözlərində
Ö-lə-cə-yiiiiiiiik!......



Qadın da Vətən kimidir...- Çağdaş qadın şairələrimizin şeirləri II MANERA.AZ
Günel TREU

ONA DE Kİ...

ona de ki, xoşbəxtəm,
yalan danış adımdan.
de ki, əsər qalmayıb
sən gördüyün qadından.

de ki, heç əskik olmur
üz‐gözündən səadət.
səni çoxdan unudub,
“xoşbəxt” olub, nəhayət...

nolar, ona deməki,
onsuz dəli olmuşam.
Arzuları bəhrəsiz,
yarıyolda qalmışam...

adımı çəkmə, nolar,
adımı da anmasın.
mən yandım, heç olmasa
onun qəlbi yanmasın!

məni ona tanıtma,
qoy məni “günah” bilsin.
mən min dəfə ölürəm,
qoy o, bir dəfə ölsün.

gözlərinə çoxlu bax,
gör yenə də sevirmi?
soruşsa mən hardayam,
nolar, demə yerimi!...

əziz dost, son xahişim...
tut onun əllərindən.
mənə qoxusun gətir,
qoy ətri gəlsin səndən!

ona de ki, xoşbəxtəm,
yalan danış adımdan.
de ki, əsər qalmayıb
sən gördüyün qadından...



Qadın da Vətən kimidir...- Çağdaş qadın şairələrimizin şeirləri II MANERA.AZ
Xanım AYDIN

HEÇ NƏ TAMAMLANMIR…

Bütün şeirləri sənə yazıram...
Sətirlər hey bitir... bitmir həsrətin...
Bir sözün, hecanın bircə hərfindən
Asılıb qalmışam.... yoxdu taqətim...

Ahəng qanunum pozulub tamam
Mübtədam, xəbərim dağılıb tamam...
Heç nə uyğun gəlmir... alayarımçıq...
Qapalı heç nə yox... hər şey apaçıq...

Heç nə tamamlanmır...
Heç nə yox daha...
Sözləri düzürəm nöqtə nidasız...
Qoyduğum sorular yenə cavabsız...
Hecalar qırılır hərf arası. ..
Baş alır səmaya ruhum qanadsız...



Qadın da Vətən kimidir...- Çağdaş qadın şairələrimizin şeirləri II MANERA.AZ
Günel EYVAZLI

SƏN TANRISAN

Özünü dərya bilib
Özünə atılmaq var.
Özünə güvənmək var,
Özünə inanmaq var.
Axil kimi ən həssas
Yerindən vurulmaq var.
Sən güclüsən.

Səhra yağışı kimi,
Qar soyuqluğu kimi,
Gün aydınlığı kimi.
Nizələr dünyasında
Zeytun budağı kimi
Sülh çağırır dodaqlar.
Sən dözümsən.

Küsüb-barışan oldu
Tale nağıl danışır.
Bu edam dünyasından
Neçə dillər asılır.
Bəzisi susub gedir,
Bəzisi deyib gedir.
Sən şairsən.

İşıq gələn tərəfdə
Yaşamaq olar, olar.
İt hürüşün səs bilib
Ona aldanmaq olar.
Dünya boyda bağlanıb,
Sonra açılmaq olar
Sən çiçəksən.

Sərt közmək yara üstə,
Bir gün qopub düşmək var.
Çat-çat yarğanlar kimi
Yenidən bitişmək var.
Yenidən yaşamaq var,
Yenidən sevilmək var.
Sən qadınsan.

"Adın nədir?" soruşdu
"Heç kiməm" dedi ona.
Tapılmadı Odissey,
İtib görünməz oldu.
Həyat budur, əzizim,
Gözləmək qalır sənə.
Sən sevgisən.

Bir ovuc torpaq götür
Yenidən dünya yarat,
Yenidən Adəm yarat
Yenidən Həvva yarat.
Hər şeyi lap əvvəldən
Hər an başlamaq olar.
Sən Tanrısan.




Qadın da Vətən kimidir...- Çağdaş qadın şairələrimizin şeirləri II MANERA.AZ
Nuranə NUR

OĞLUMA

Oğlum, bəlkə darıxmağın
Həddini çoxdan aşmışam.
Səni üşütməsin deyə,
Bu il qışla dostlaşmışam.

Sevmədiyin yeməkləri
Bişirirəm sən gedəndən.
Gedən gün yemək yeyəndə,
Tikəni saldın əlindən.

O tikəni yeyib doydum,
İl yarım sonra acaram.
Darıxmaq orucu tutdum,
Sənin qoxunla açaram.

Sən olanda evdə hər şey,
Qarışardı bir-birinə.
İtirdiyin əşyaları,
Tapıb qoymuşam yerinə.

Sənin paltarların mənə
Deyirlər, yaman yaraşır.
Zəngini gözlədiyim an,
Fikrim o dağları aşır.

İgid oğlum, Vətən sənin
Sən Vətənin əmanəti.
Bu bir şeir deyil, balam
Bu bir qürur əlaməti.

Səni gətirən yollara
Mən baxıram, sən heç baxma.
İkimizin yerinə də ,
Darıxaram , sən darıxma.



Qadın da Vətən kimidir...- Çağdaş qadın şairələrimizin şeirləri II MANERA.AZ
Günay ÜMİD

BU ÖMÜR NƏFƏS BOYDAYMIŞ

Başımı fikrə söykədim yenə ...
Bu fikir yastığı əzir başımı...
Ay ana, bu ömür nəfəs boydaymış,
Ölüm ağrı-ağrı gəzir başımı...

Tıxa qulağıma layla səsini
Kədərin saçını kimdi bu hörən?
Qapı -pəncərəsi bağlı bu evin
Yuxum hara qaçıb bu evdən, görən?

Əzilmiş şeirlər döşəmə üstə,
Onu kitab-kitab yığmaz bu balan...
Çoxdandı bu yataq qəbir kimidir,
Beşik ayağına sığmaz bu balan...

Bələ gözlərimi yuxuyla mənim...
Arzu ürəyində, muradlarında
Azdırım bu evi, azdırım, ana,
Sehirli xalçanın qanadlarında...

Çoxdan kədərimə oxşayıram mən
İnanma, uşaqlıq bəyənə məni,
Onsuz da nağıllar əynimə gəlmir,
Yama nağılların əyninə məni.




Qadın da Vətən kimidir...- Çağdaş qadın şairələrimizin şeirləri II MANERA.AZ
Hədiyyə ŞƏFAQƏT

ALLAH, NECƏ GÖRÜNÜRƏM…

Allah,
Necə görünürəm
Sənin dayandığın yerdən?
Durub-oturduğun yerdən,
Yatıb-oyandığın yerdən...

Çiynimdəki mələklərin
Ağırdır hansının yükü?
Başımdan yuxarı dərdim
Ayağım altına çöküb...

Necə görünürəm ordan,
Mən-mən ola bilirəmmi
Adam ola bilirəmmi,
Bəndən ola bilirəmmi?...

Biçdiyin ömür əynimə
Olurmu Allah, olurmu?
Göz yaşlarım ovucuna
Dolurmu Allah, dolurmu?

Çırpırsanmı əllərini
Bir dizinə,
Bir başına?
Hər gün ölüb-dirilməyim
Gələ bilirmi xoşuna...

...Allah,
Umacağın nədir
Gedib-qayıtdığın yerdən?
Gəl gör necə görünürsən
Məni unutduğun yerdən.




Qadın da Vətən kimidir...- Çağdaş qadın şairələrimizin şeirləri II MANERA.AZ
Xəyalə SEVİL

HƏR ŞEY YERİNDƏDİ

Hər şey yerindədi,
O yol, o küçə.
Küçənin başında açıq pəncərən,
Pəncərəndə qanı qaralan gecə.
Hər şey yerindədi,
Bircə sən yoxsan...

Sənsiz üstü-başı
Yaş həsrətimi
Gözümə sərmişəm,
Qurusun bir az.
Yeni ayaq açan səadətimin
Əlindən tutmadın
Yerisin bir az.

Tək qoydun,
Sən də tək qoydun.
Ömrü zəngli saat kimi
Qurdun,
Sənədək qoydun.
Demirəm ki, sevmədin,
Sevdin, düşəndə yada...
Mənə də çətindi, amma,
Əlvida...




Qadın da Vətən kimidir...- Çağdaş qadın şairələrimizin şeirləri II MANERA.AZ
Günel ŞAMİLQIZI

HƏVVA SEVGİSİ

Dərd uydur əzizim, bir az ağlayaq
Səninlə sevinmək bəs etmir daha.
İndi dünyadan da qovulmaq üçün
Batmaq istəyirəm yeni günaha.

Milyon illər sonra görüşdük, gülmə
Heç kim yarısını belə gözlətmir.
Hələ də palçıqsan, qurumamısan
Ən qalın paltar da səni gizlətmir.

Bəşər beşiyində beş günlük yatıb,
Ayılıb bizi də tanımayacaq.
Tanrı bağışlasa, qayıtsaq ora
İnan, heç kəs bizi qınamayacaq.

Mənə bir qabırğa boşluğundakı
Ağrıdan danışma, o ağrı mənəm.
İndi qucağına bərk-bərk sığınsam,
Can, özün bilirsən, lüzum yox dinəm.

Ağlımda sözləri unutmaq vardı,
Sən mənim dilimi bilənə qədər.
Gəl gedək dünyadan, görək cənnəti
Bir də söyləmərəm: O almanı dər!




Qadın da Vətən kimidir...- Çağdaş qadın şairələrimizin şeirləri II MANERA.AZ
BAHAR

* * *
Nədir əlindən gələn - ancaq göz yaşı silmək.
Gözlərində yaşamaq, ürəyi məzar Qadın.
Duyğuları musiqi, saçları kaman simi,
Öz dərdinə ən gözəl bəstələr yazan Qadın.

Nədir adın bilmirəm, yaz mı, payız mı, qış mı?
Nədir üzündən axan - göz yaşı mı, yağış mı?
Bu bəxt deyil, bu nalə, ağı, feryad, qarğış mı?!
Özünə ağı deyib ağlayan ozan Qadın.

Əlləri torpaq qoxar, barmagları dəstə gül,
Elə gülər ki, solar ağacda gül üstə gül.
Bütün güllərdən gözəl, amma biraz xəstə gül,
Buludların içindən torpağa sızan Qadın.

Gedib çoxdan o gedən, yuxusuna da gəlməz.
Darmadağın dünyası istəsə də düzəlməz.
Bir məzar var hardasa - nə danışmaz, nə dinməz,
Eləcə pıçıldayar: "Yanıma uzan, Qadın..."

Soyuyan əllərindən buzun xəbəri olmaz,
Elə qırılar düşər, tozun xəbəri olmaz,
Aç ürəyində yaşa, qızın... Xəbəri olmaz.
Bütün ittihamlara lal olub susan Qadın.

Hamının gözlədiyi gözləməz heç kimsəni,
Nə geriyə qayıtmaz, nə qaytarmaz küsəni.
Nə qədər dedinsə də anlamadılar səni...
Dedilər, sən qadınsan, sən ele busan - "qadın!"

Nə yeri var, nə yurdu, eşitsən səsdi qadın
Şaxtadan, qardan soyuq, Günəşdən isti qadın.
Nəyə lazım qəfəslər? Elə qəfəsdi adın...
Toy görüb yuxusunda ölümə yozan Qadın!





Qadın da Vətən kimidir...- Çağdaş qadın şairələrimizin şeirləri II MANERA.AZ
Xuraman HÜSEYNZADƏ

BƏS SƏN NECƏ SEVİRSƏN..

Sən məni
mən səni sevən kimi yox,
başqa cür sevdin...
Amma sevdin, bilirəm...

Elə ki, yadıma düşürsən
dərdlərimi unuduram
Harasa tələsəndə
açarı, telefonu evdə unutduğum kimi...

Adamlar gəzir şəhərdə
Tək-tək, iki-iki, üç-üç, bir az da çox...
Təklər bu zaman tənha olur,
sanki kimsəsiz olur...
Çoxlar dərya olur, dəniz olur.
İkilərin, üçlərin və daha çoxların arasında
gözlərim gəzir səni
Yerə dağılan mirvari
boyunbağının dənələrini
gəzən kimi...
Mən səni belə sevirəm,
bəs sən necə sevirsən?

Qağayılar gölə gəlməz,
dənizə gəlməz ördəklər...
Hərənin öz vətəni var,
mənim vətənim sənin gözlərindi -
özümü axtardığım, özümü
gəzdiyim gözlərin.
Baxıb-baxıb özümdən bezdiyim gözlərin...
Hər yerdə səni görmək istəyirəm
Qoy qərib desinlər,
didərgin desinlər, eybi yox...
Mən səni belə sevirəm...
Bəs sən necə sevirsən?




Qadın da Vətən kimidir...- Çağdaş qadın şairələrimizin şeirləri II MANERA.AZ
Arzu HÜSEYN

SONU ƏLVİDA

Bu nə burulğan idi ?- Aldı apardı bizi.
Bu nə cür bahar idi?
Sevgimiz aşkar idi, de kimlər yordu bizi?
De kim günahkar idi?

Bu necə görüş idi ?- Mənəvi döyüş idi.
İkimizdən xəbərsiz.
Adi bir öpüş idi, adi nəvaziş idi,
Titrəyirdik fəqət biz.

Bu nə yüksək dağ idi ? -Nə bəxtəvər çağ idi.
Məhəbbətin zirvəsi.
Sən demə yasaq idi, tanrıdan yasaq idi
Eşqin dönüş nöqtəsi.

Bu hansı ünvan idi ?- Bu hansı məkan idi.
İkimizin dünyası?
Həyat firavan idi, canın mənə can idi
Nə oldu bəs sonrası?

Bu nə cür qismət idi ?- Yarısı həsrət idi,
yarısı da intizar.
Sənin üçün dərd idi, mənim üçün dərd idi
Aramızda olanlar.

Bu nə əlvida idi, sonluğu nida idi,
Paraladı qəlbimi.
Başlanğıc röya idi, yaşandı xülya idi,
Bitdi də yuxu kimi.



Qadın da Vətən kimidir...- Çağdaş qadın şairələrimizin şeirləri II MANERA.AZ
Gülnar SƏMA

VAR

Sənsiz gecələrə vərdiş etmişəm
Həsrətə, hicrana məndə dözüm var.
Nazıyla oynadım ayrılıqların
Vüsala tamarzı iki gözüm var.

Mənli-mənsiz, onlu-onsuz arzular
Qanıma susadı qansız arzular
Qar üstə yazdığım sonsuz arzular
Od üstə can verən neçə buzum var.

Sən nədən biləsən, nədənlər nədən?
Özün cavab çıxar “a”dan ya “be”dən
Gözümdə kölgəli o nurlu didən
Məni sınaq etmə, məndə əzim var.



Qadın da Vətən kimidir...- Çağdaş qadın şairələrimizin şeirləri II MANERA.AZ
Əntiqə SƏMƏNDƏR

VƏTƏN

Yaralı köksünə baxıb,
Ötə bilmədiyim vətən.
Nankor olub, harayına
yetə bilmədiyim vətən.

Əsir, qazi içində
İtə bilmədiyim vətən.
Bir misrada cücərib,
bitə bilmədiyim vətən.

Yuxular çin çıxarmış
-vətənə getmək varmış,
Şeirimdən o tərəfə
gedə bilmədiyim vətən




Qadın da Vətən kimidir...- Çağdaş qadın şairələrimizin şeirləri II MANERA.AZ
Şəfa VƏLİ

“Sən şagird ol, mən müəllim”...

Gəl, sənə bir dərs keçim...
“Sən şagird ol, mən müəllim”...
Bura Gəncədir...
Yeri-yurdu gencədir...
Bilirsənmi? İndi Gəncə düzündə
Lalələr tək-tək bitir?
Lalələrin yanıq bağrı
Şəhid məzarlarındakı
qırmızı-qaralı lentlər fonunda itir...
Bilirsənmi? İndi Gəncədə
universitetlərin qabağında oğlanlar dəstə-dəstədir...
Dərs qurtarınca bu dəstəyə al-əlvanlıq qarışır...
Xan bağı “sevgililərlə” coşur-daşır...
Bilirsənmi?
Gəncədə hündürdaban ayaqqabılar yaman bahadır...
Burda qızların çoxu boyu bəstədir...
Burda insanların xəstəxanası var,
Amma, bilən yoxdur ki, ağaclar daha xəstədir...
Gəl, sənə bir söz deyim...
“Sən şagird ol, mən müəllim”...
Burda “çoxbilmiş” biri var...
Ayrılıqdan qorxaraq
açmamış solan çiçəklərlə
Gözündəki yaşları silmiş biri var...
Bu gün axtardım onu...
Gəncənin ən romantik küçəsiylə getdim...
Getdim “Keçmiş Sabir küçəsi”ni...
Orda neçə xatirənin bahar nəfəsini duydum...
Neçə ayrılığın ayaq səslərini eşitdim...
Axtardığım “çoxbilmiş”i,
Arzularından itmişi
Çantamdan çıxardığım kiçik güzgüdə gördüm...





Qadın da Vətən kimidir...- Çağdaş qadın şairələrimizin şeirləri II MANERA.AZ
Şəhanə MÜŞFİQ

MƏNİM SƏNSİZLİYİM YAMAN PAXILDI

Gözümdən dünyanı elə salmısan
Heç daha gözümə ala bilmirəm.
Ömürdə günlərim qarışıb yaman,
Əl atıb sahmana sala bilmirəm.

Həsrətin əynimə elə yaraşıb
Özgə bər-bəzəyi, düzü, götürmür.
Mənim sənsizliyim yaman paxıldı,
Sənli günlərimi gözü götürmür.

Yığıb yığışdırdım qalan günləri
Eləcə ölümü gözləmək üçün,
Bir ovuc sən olan xatirələri
Sənsiz həyatımdan gizləmək üçün...



Qadın da Vətən kimidir...- Çağdaş qadın şairələrimizin şeirləri II MANERA.AZ
Ceyhunə MEHMAN

* * *
Gözünü yollardan yığarsan daha,
Dönüb, gəlməyəcəm məni gözləmə.
Elə gedirəm ki, tozumda qalmaz,
Yollar həsrət qalar ayaq izimə.

Hədər keçirdiyim illərə heyif,
Mənim illərimi özümə qaytar,
Hələ qurumayıb gözümün şehi,
Qaytar göz yaşımı, gözümə qaytar.

Gedirəm, ayaqlarım hara aparsa,
Daha dinləmirəm qəlbin səsini.
Sənin olmadığın bir dünya varsa,
Mən ora gedirəm, axtarma məni.

Gedirəm həm üzgün, həm də taqətsiz,
Fəqət, ne soraqla, nə də ki axtar
Elə yol pulusuz, elə biletsiz,
Məni sənsizliyə aparir qatar…



Qadın da Vətən kimidir...- Çağdaş qadın şairələrimizin şeirləri II MANERA.AZ
Aydan ABUDLLA

O Ay Hilal saçıma...

Saçlarıma yağışlar yağdı qərib küçədə..
Gözlərimin gecəsi hələ sevirdi səni...
Məni oğurlamadın o divanə gecədən...
Sən də məni tək qoyub getmişdin Tanrı kimi...

Saçlarımın tufanı qopur şeirlərində..
Qurduğum xülyaları göylərə demədim mən...
Möcüzə gözləyirsən... Ümidlisən hələ də...
Mənsə dəli həsrətin bətnində can verirəm...

Sən o saçlara xatir qayıtma buralara...
Yollarının sonunda yolsuzluğam mən indi...
Qəhərlənib eşqini anlatma buludlara...
Buludların ağıdı saçlarımın qənimi...

Bilmirəm.. O qatarlar kimi gözlədir indi?..
Ah.. o vida edənlər... necə oxşayır sənə...
Səninçün ağrı çəkən saçlarımı kəsdirdim...
Yetim qalan əllərin ağrı çəkirmi söylə...

Birdə şeirə gəlməz, dəli etməz saçlarım...
Bir nəfəs hənirtisi yaslanır qoxusunda...
Sən məndən getdiyintək uzaq getməz saçlarım...
Bircə aynalar görər saçımı yuxusunda...

O divanə göylərim çələng hörər saçıma...
Bu saçların əzabı eşqdəndi deyər anam...
Anamın oxşadığı o ay hilal saçıma,
Gedişi ilə qarğayıb, qıyar sevdiyim adam...


Hazırladı: Tural ADIŞİRİN
MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ