Azadə Talehin yubiley yaşı qeyd olunub

Şair - publisist, “Qafqaz Media” İctimai Birliyinin sədri, Hacı Azadə Taleh Abbasqızının 55 illik yubileyi qeyd olunub
Manera.az xəbər verir ki, tədbir Xurşidbanu Natəvan adına 4 № -li kitabxanada Səməd Vurğun Poeziya Mərkəzinin təşkilatçılığı ilə “Müasirlərimiz” rubrikası çərçivəsində keçirilib.
Tədbir iştirakçıları əvvəlcə yubilyarın həyat və fəaliyyətinə həsr edilmiş kitab-sərgi ilə tanış olublar.
Poeziya Mərkəzinin rəhbəri, şair-publisist Zərəngiz Dəmirçi Qayalı yubliyarın yaradıcılığı və ictimai fəaliyyəti haqqında tədbir iştirakçılarına geniş məlumat verib.
Z. Dəmirçi Qayalı bildirib ki, 1964-cü il fevralın 26-da Gəncə şəhərində dünyaya göz açan yublyar 27 ildir ki, özünün ad gününü Qocalar Evində, valideyn himayəsindən məhrum olan kimsəsiz uşaqlarla, yardıma ehtiyacı olan insanlarla qeyd edir.
O, özünün ad gününün mənfur qonşularımız, bədnam erməni cəlladları tərəfindən “güllələnmiş” olduğunu deyən şairə Azadə Talehin yaradıcılığından məhz bu ağrının qırmızı xətt kimi keçdiyini vurğulayıb.
Azadə Taleh yaradıcılığında mərhəmət, vətənpərvərlik, sevgi, alicənablıq, humanizm kimi insani duyğuların əks olunduğunu, əsərlərinin nəinki ölkəmizdə, ölkəmizin hüdudlarından kənarda da tanındığı diqqətə çatdırılıb.
Tədbirdə Xalq Tv-nin baş direktoru Hidayət Möhnətov, bəstəkar Arif Səlimov və başqaları yubilyarı təkcə şair, publisist, qələm adamı kimi deyil, həm də qayğıkeş həkim, bir çox insanların həyatına dayaq olan xeyriyyəçi, insanların maariflənməsinə səbəb olan xoş əməllər sahibi və fəal ictimaiyyətçi kimi tanıdıqlarını söyləyiblər.
Xalqımızın taleyində misli görünməmiş bir faciə olan Xocalı soyqırımı ərəfəsində keçirilən bu yubiley tədbirində şairənin müharibə mövzusunda yazdığı əsərlərdən nümunələr səsləndirilib.
Manera.az saytının baş redaktoru Şəhla Aslan çıxışında Azadə Talehin cəmiyyətdəki aktiv fəaliyyətindən söz açmış, onun gənclərə və istadadlı insanlara hər zaman diqqət və qayğısını əsirmədiyini bildirmişdir. Ş. Aslan vətənpərvərliyi ilə başqalarına nümunə olan Azadə Talehə növbəti doğum gününü işğaldan azad olunacaq Xocalı şəhərində qeyd etməyi arzulamışdır.
Azdə Talehin tədbirdə bu günlərdə nəşr edilmiş, Milli Qəhrəman Şöhrət Həsənova həsr etdiyi “Xocalı şəhidim Şöhrət Həsənov” və aprel döyüşlərinin qəhrəmanı Təbriz Musazadəyə həsr etdiyi “Vətənimin qürur yeri - Vətənimin şəhid oğlu” adlı Azərbaycan və ingilis dillərində olan kitablarını da oxuculara təqdim edib.
Müəllif bildirib ki, bu kitablar 52 xarici kitabxanaya təqdim olunub.
Sonda aşıq Şəhriyar Həsənli və VIII Beynəlxalq Muğam Müsabiqəsinin iştirakçısı Suma Tapdıqovanın ifasında Azadə Talehin sözlərinə yazılmış mahnılar səsləndirilib.
P.S. Biz də MANERA.AZ olaraq Azadə Talehi təbrik edir, ona yaradıcılıq uğurları arzu edirik.