manera.az
manera.az

Dən bürüyüb mən sevdiyim telləri - Şeirlər

📅 10.12.2018 12:00

Dən bürüyüb mən sevdiyim telləri - Şeirlər
Manera.az Fərid Muradzadənin şeirlərini təqdim edir:

Gəl

Gülüşündən üzüm gülər, gül açar,
Sən olmasan könül naçar, dil naçar,
Dilimdəki söz perikər, söz qaçar,
Bir ömürlük ayrılığa qıyma gəl,
Ürəyimi inləməyə qoyma, gəl.

Dən bürüyüb mən sevdiyim telləri,
Heç qınama küləkləri,yelləri ,
Ömrümüzdən ötüb keçən illəri,
Təqvimlərdə, vərəqlərdə sayma, gəl,
Ürəyimi inləməyə qoyma, gəl.

Zikr edirəm dildə sevgi duasın,
Unutmadım eşqin dəli sevdasın,
Dərdlərimin qaysaq tutmuş yarasın,
Sözlərinlə qoparma gəl, soyma gəl,
Ürəyimi inləməyə qoyma, gəl.

"Əlvida" kəlməsi axır sözünmü?
Aldın məndən iradəni, dözümü,
Sənə həsrət, sənə vurğun gözümü,
Alov saçan baxışınla oyma gəl,
Ürəyimi inləməyə qoyma, gəl.



***
Bir millətin taleyi sirr,
Öz yurdunda olub əsir,
Öz qılıncı özün kəsir ,
Mədət eylə ,ey ilahi.

Kimi qovur, kimi qaçır,
Kimin çiyni qançır-qançır,
Yaraları qaysaq atmır,
Mədət eylə, ey ilahi.

Çaylaq daşı lələm deyir,
Qanqal qalxıb güləm deyir
Yerdən duran mənəm deyir,
Mədət eylə, ey ilahi.

Kimlər qəfəs "sarayında"
Kimlər ömrün ah-vayında,
Hər kəs başının hayında,
Mədət eylə, ey ilahi.

Od yanmasa olarmı kül?
Heç nə səndən gizli deyil,
Bircə dəfə üzümə gül,
Mədət eylə, ey ilahi.



***
Bu atan oxdansa kəsək yaxşıdır,
Bununku ox deyil sapand daşıdır,
Öldürə bilmədi, ovçu naşıdır,
Məni kim qarğıdı görən, ilahi?

Sinəmdə həsrətin, dərdin izi var,
Qəlbimdə sevdanın odu, közü var,
Bilmirəm, üstümdə kimin gözü var
Məni kim qarğıdı görən,ilahi?

Hər yer boz görünür mənə kül kimi,
Bulud göy üzünü tutub tül kimi,
Gözümdən yaş axır dəli sel kimi,
Məni kim qarğıdı görən,ilahi?

Geriyə dönməz ki dəlisov çağım,
Qoymadın boylanıb dünyaya baxım,
Hələ də bilmirəm nəydi günahım,
Məni kim qarğıdı görən,ilahi?

Bir insan çəkəcək bu çilələri,
Görünməz əl yazır bəxt taleləri,
O, uzun-uzadı qış gecələri,
Məni kim qarğıdı görən,ilahi?

Gecə öz yerini verir sabaha,
Bu kimdir, səcdəyə durub allaha,
Üzünü çevirib ulu dərgaha,
Məni kim qarğıdı görən,ilahi?

Getdi

Əgər ki dünyada məndən iz qalsa,
Dostlarım ,üç səkkiz dörd səkkiz olsa,
Məzarım üstündə kimsə ağlasa,
Deyin ki qəmlənmə, yaşlandı getdi.

Gəl sənə anladım hər şeyi tək-tək,
Gerçəkmi deyirsən, göstərim gerçək,
Yağış sularından bərkiyən kəsək,
Yağış sularında islandı getdi.

Daxildə bir mən var, o məni səslər,
Ayna tək gözlərdən qəlb nəyi gizlər?
O yüngül duyğular, ötəri hisslər,
Ağıl tərəfindən suçlandı, getdi.

Şeytanın hökmündə əsir şah damar,
İblisin insana min fitnəsi var,
Dünyanın yükünü çəkən Zülfüqar,
Qurunun oduna yaş yandı getdi

MANERA.AZ


Baxış sayı - 1 674 | Yüklənmə tarixi: 10.12.2018 12:00
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031