Gəl məni özündə unut - Valeh Qocanın şeirləri

Manera.az gənc şair Valeh Qocanın şeirlərini təqdim edir:
Burdaca unut məni
Hamının sevdiyi tək,
Unutmaq hissi də var.
Unutmaqlar bir olmur,
Yaxşısı, pisi də var.
Bəzən harda sevirsən,
Unudursan orada.
Unutmağın özün də,
Unudursan arada.
Tez alışıb sevənlər.
Tez unudur adamı.
Düz sevə bilməyənlər,
Düz unudur adamı.
Bilirəm sən də məni,
Unutmaq istəyirsən.
Unutmağa dörd divar,
Bir otaq istəyirsən.
Səni duyub gəlmişəm,
Burdaca unut məni.
Göydə sevdin sevəndə,
Yerdəcə unut məni.
Boydadı
Ölçülü-biçili yaranıb hər şey,
Dağların göz yaşı qarı boydadı.
Ağacın kölgəsi boyu-buxunu,
Ağrısı, sancısı barı boydadı.
Ananın nəfəsi bələyimizdək,
Atanın əlləri kürəyimizdək.
Tarzənin barmağı ürəyimizdək,
Ürəyi çaldığı tarı boydadı.
Yarın qəlbindəki sədaqəti də,
Dözümü, taqəti, dəyanəti də,
Çəkdiyi həsrəti, məhəbbəti də,
Elə o sevdiyi yarı boydadı.
Ömrümüz qədərdi getdiyimiz yol,
Boyumuz qədərdi girdiyimiz kol.
Biri az qazanır, birisi bol-bol,
Hamının günahı varı boydadı.
Valehəm, qəlb boyda qəlbimin xalı,
Zəhəri qədərdi dünyanın balı.
Haqsızlıq dünyanın dinməyən “Lalı”
Duymaq istəməyən “Karı” boydadı.
Mən səni sevdiyim şəhərdə sevdim
Sən mənim ömrümə sevinc gətirdin,
Səni qəmdə sevdim, qəhərdə sevdim.
Zəhərin içində bal oldun mənə,
Səni bir ölümlük zəhərdə sevdim.
Ruhumu qopardın, aldın necə də,
Qoydun xəyalımı sizin küçədə.
Səni, yatmadığım sənsiz gecədə,
Mürgülü olduğum səhərdə sevdim.
Nə vaxt ki, qəlbindən sirr verdin mənə,
Sandım ki, göy verdin, yer verdin mənə.
Sən də şəhərin tək nur verdin mənə,
Səni o sevdiyim şəhərdə sevdim.
Bəlkə sən ömrümdən keçib getmisən
Getdiyin yolların sonu bilinmir,
Bilmirəm bu yolun harasındasan.
Mənim gözlərimdən başlayır bu yol,
Bəlkə gözlərimin qarasındasan?!
Bəlkə bu yolların sonundasan sən,
Tapıb, itirirsən yolun ucunu?!
Bəlkə sevinirsən, bəlkə ağlayıb,
Məni düşünürsən yolun uzunu.
Dayanıb tək, tənha bu yolun üstdə,
Bəlkə gözləyirsən məni hardasa?!
Bəlkə düşünürsən nə vaxtsa yenə,
Gəlib tapacağam səni hardasa?!
Eh, yoldan o qədər yol ayrılır ki,
Bəlkə öz yolunu seçib getmisən.
Elə bir-birindən keçən yol kimi,
Bəlkə sən ömrümdən keçib getmisən.
Dəyib
Sən elə gözləsən, elə bil sənə,
Allahın ən gözəl illəri dəyib.
Gözünə Xəzərin suları düşüb,
Saçına Bakının yelləri dəyib.
Sanki dağ çayısan, çoşub daşmısan,
Daşıb ürəklərin üstdən aşmısan.
Elə bir Günəşlə qucaqlaşmısan,
Üzünə Günəşin telləri dəyib.
Həsrətlə boylanır, baxır gül sənə,
Min nəğmə desə də azdı dil sənə.
Sən elə şirinsən, elə bil sənə,
Nə vaxtsa anamın əlləri dəyib.
Qalım
Varlığımı çək canına,
Qoyma məni məndə qalım.
Gözlərindən at arada,
Yıxılım sinəndə qalım.
Məhəbbətə qat gecəni,
Sən özün yarat gecəni.
Qarmaq elə, at gecəni,
İlişim dünəndə qalım.
Yaşımı gözümdə qurut,
Hissimi üzümdə qurut.
Gəl məni özündə unut,
Bir ömürlük səndə qalım.
Ana
Əziz ana, dünyada,
Özündən böyük nə var?!
Sənin məhəbbətindən ,
Özgə ömürlük nə var?!
Hər şey kökündən gəlir,
Hər şey bir tağ üstədi.
Hələ sən varsan deyə,
Dünyam ayaq üstədi.
Gözlərinlə açılır,
Sabahların gözü də,
Olmasan yetim qalar,
Bu torpağın üzü də.
Sən ölmə, ölmə ana,
Ölüm özün öyməsin.
Sən ölmə ki, sən qədər,
Məzarlıq böyüməsin.
Düşə
Sakit-sakit yaşadığın yerdəcə,
Həyatına bir dəlisov qız düşə.
Elə baxa, baxışının izindən,
Ürəyinin ağ yerinə boz düşə.
Gah soyuda, gah içini yandıra,
Gah dərd verə, gah dərdini sındıra.
Nəfəsiylə varlığını dondura,
Kipriyindən yanağına buz düşə.
Uşaq kimi sənlə küsə, barışa,
Ocaq kimi gah sönə, gah alışa.
Hər gedəndə toz dumana qarışa.
Ayağından gözlərinə toz düşə.
Gah qış ola, gah yaz ola dilində,
Hər dinəndə bir naz ola dilində,
Acılıq da bir az ola dilində,
Arada bir yaran üstə duz düşə.
O gələndə rəngi qaça yer-göyün,
Varlığına sükut çökə səs-küyün.
Çox olanda dadı qaçır hər şeyin,
Belə qızdan həyatına az düşə.
Öləsən
Göydə bir ömür yaşayıb,
Enəsən yerdə öləsən.
Bir gözəl ala ağlını,
Düşəsən dərdə, öləsən.
Söz anlayıb, söz duyasan,
Nə duyursan, düz duyasan.
Ölümünü tez duyasan,
Qaçasan yurda öləsən.
Kipriklər yaşa gəlməsə,
Dərdlər baş-başa gəlməsə.
Ölümün xoşa gəlməsə,
Doğulub bir də öləsən.
Sənsizliyin iyirmi beş yaşı var
(Kəlbəcərin işğal olunmuş 25-ci ilində)
Mən baharı bahar kimi duymadım,
Sənsiz gələn hər baharın qışı var.
Apar məni ayağına ey Vətən,
Ayağında ürəyimin başı var.
Yazım yoxdur qışım üstə qoymağa,
Yaş qalmayıb yaşm üstə qoymağa.
Bir daş göndər başım qoymağa,
Torpağının mənə bir pay daşı var.
Valeh Qoca ha yazsa da sətrini,
Verə bilməz bircə anlıq ətrini.
Hardan bilsin bu körpələr qədrini,
Sənsizliyin iyirmi beş yaşı var.
İllər içində
Səni kimdən xəbər alım, səni kimdən soruşum,
Kim var aylar arasında, kim var illər içində!?
Bu zamandan o zamana çəkilməyib yol hələ,
Gəlib-getmir hər gün, hər gün qatar illər içində.
Sən o qədər uzaqdasan, bu yol da çatmaz sənə,
Arzu yarıyolda ölər, amal da çatmaz sənə.
Sən o qədər uzaqdasan, xəyal da çatmaz sənə,
İtər aylar arasında, azar illər içində.
Sən mənim ömür yolumda donub qalmış adamsan,
İllərin od-ocağında yanıb qalmış adamsan.
Sən zamanın əlləriylə məzar olmuş adamsan,
Heyif, bir də adam olmur məzar, illər içində.
Bayrağın altda
Tutsa başı üstə Vətəni hər kəs,
Torpaq da inciməz ayağın altda.
Vətən həm ürəkdə, qəlbdə olmalı,
Təkcə olmamalı dodağın altda.
Mərmidir, silahdır Vətən daşları,
Atmaz sevəninə Vətən, daşları.
Bir olsa Vətənin Vətən daşları,
Günəşi endirər bayrağın altda.
Sevməsək qəlb açmaz, sirr verməz bizə,
Dərdini min verər, bir verməz bizə.
Öləndə ana da yer verməz bizə,
Vətən yer ayırar torpaın alta.
Bir gilə məhəbbətin
Sənin məhəbbətinin
Başı da var, sonu da.
Elə böl ki, yarıda,
Qurtarmasın, onu da.
Elə böl ki, hər günə,
Eyni düşsün, bir düşsün.
Ömrün günləri kimi,
O da bərabər düşsün.
Bil ki, bir gilə eşqin,
Bir günlük nəfəsimdir.
Qoy hər gün olsun təki,
Az olsa da bəsimdir.
Gecəm
Axşam ilə sağollaşıb,
Gəlib çıxdı bayaq gecəm.
İçimdəki uçuq-sökük,
Xatirəyə dayaq gecəm.
Gündə çıxır, gündə batır,
Onu görən Gün də batır.
Səhərin içində batır,
Ömürdəki qayıq gecəm.
Səssizliyin səsi ilə,
Olmayan kimsəsi ilə.
Xəyalın nəfəsi ilə,
İsinir bu soyuq gecəm.
Gah istidən yanan yolda,
Gah soyuqdan donan yolda.
O qıza uzanan yolda,
Hey gedir tək ayaq gecəm.
Öz ömrünü aya verib,
Həsrətini çaya verib.
Hər şeyi yuxuya verib,
Qalır mənlə oyaq gecəm.
Səni gizli gizli sevəm
Deyirəm ki, zaman gələ mənə bir də göz salasan.
Nəyisə bəhanə edib, nədənsə bir söz salasan.
Mənə gizli-gizli baxıb, ürəyimə köz salasan,
Səni gizli-gizli sevəm!
Eşqimi göyə qaldırıb, enməyə heç qoymayasan.
Qəlbimi sözlə doldurub, dinməyə heç qoymayasan.
İçimdəki od ocağı sönməyə heç qoymayasan,
Səni közlü-közlü sevəm!
Qəlbindəkin gətirəsən dodağacan, deməyəsəsn.
Məni dartıb aparasan otağacan, deməyəsəsn.
Yandırasan məni kökdən budağacan, deməyəsəsn,
Səni sözlü-sözlü sevəm!
Elçilərim elçi düşə bir də sizə, verməyələr.
Sizinkilər çəkə-çəkə özün naza, verməyələr.
Bizimkilər gedə-gələ qapınıza verməyələr,
Səni üzlü-üzlü sevəm!
Bir də hamı dinə gələ, son anda mənim olasan,
Məhəbbətin bir ağappaq donunda mənim olasan.
Hər şey bir də təkrarlana, sonunda mənim olasan,
Səni sizli-bizli sevəm!
Subaylıqla boşan qız
Gir qəlbimə sərinlə,
Ay kənarda bişən qız.
Özünə də qapı aç,
Ürəyimi deşən qız.
Dərdlərimi didər ol,
Kədərimə kədər ol.
Yayıl qəlbim qədər ol,
Gözlərimdən daşan qız.
Günəş ol, sabah gir,
Savab ol, günaha gir.
Eşqimlə nigaha gir,
Subaylıqla boşan qız.
Gözüm
Uzun xəyalların lap o başından,
Səni gətirməyə yol çəkir gözüm.
Bu sənsiz illərin astanasından,
O sənli illərə il çəkir gözüm.
Çıx xəyal yoluma əlində gül tut,
Məni xəyalların içində gəl tut.
Qayıt gözlərimin əlindən əl tut,
Sən yoxsan, nurundan əl çəkir gözüm.
Qayıt ver ömrümə sevgi varından,
Yazda çiçəyindən, qışda qarından.
Sənin həsrətinin damcılarından,
Qəlbimin ağına göl çəkir gözüm.
Mənə
Dünyama təzədən gəl,
Yaşat bir nağıl mənə.
Ağlımı əlimdən al,
Qalmasın ağıl mənə.
Ürəyimi bir də çal,
Təzədən eşqinə sal.
Sevgidən hamilə qal,
Özündən doğul mənə.
Elə bu yaşıma düş,
Şaxtama, qışıma düş.
Göylərdən başıma düş,
Büsbütün dağıl mənə.
Məhəbbətə ərk elə,
Üşüyəndə kürk elə.
Öz evini tərk elə,
Köç mənə, yığıl mənə.
Göllərimdə sona ol,
Dərddən, qəmdən yana ol.
Gəl sən də bir ana ol,
Gətir bir oğul mənə.
MANERA.AZ