manera.az
manera.az

Yemək yeməmiş çay sifarişinə icazə yoxdur!- "QIZ QALASI”nda | MANERA.AZ

📅 26.08.2015 13:40

Yemək yeməmiş çay sifarişinə icazə yoxdur!- "QIZ QALASI”nda | MANERA.AZ


Bir neçə gün əvvəl axşamcağı mobil telefonuma gələn zəng sözün əsil mənasında məni təəccübləndirdi. Zəng edən şəxs, Hərbi Hospitalının Qastroenterologiya şöbəsinin rəisi, polkovnik Şahlar Quliyev idi.

Qeyd edək ki, Quliyev Şahlar Qubad oğlu, elə onun təbirincə desək, 1988-ci ildə ermənilərin “ayaqlandığı” vaxtlardan xidmətə başlayıb. Qarabağ müharibəsi başladığı vaxtdan, 1991-1992-ci ilin ilk günlərindən bu hadisələrin içindədir. İlk olaraq Şuşada xidmət edən Şahlar müəllim daha sonra Füzuliyə getmiş və o vaxtdan bu günə qədər də hərbi xidmətini davam etdirir.

Polkovnikin bildirdiyinə görə, yaxın günlərdə İsmayıllıda ailəvi istirahət edirmiş, amma qarşılaşdıqları anormal hadisələr onları tez-tələsik Bakıya dönməyə vadar edib.

Belə ki, şam yeməyindən sonra, çay içmək üçün “Qız qalası” istirahət mərkəzinə yollanan ailənin çay dəsgahı sifarişini qəbul etməyən ofisiant bildirib ki, “gərək yemək də sifariş edəsiz” sonra sizə çay verə bilərik. Şahlar müəllim tox olduqlarını və sadəcə çay içmək istədiklərini bildirəndə sərt reaksiyalarla qarşılaşıb.

Məsələ ilə bağlı manera.az-a açıqlama verən Şahlar Quliyev bildirib ki, müharibənin qızğın çağları gözümün önündə cərayan edib. Qanlı-qadalı döyüş yolu keçmişəm, şəhidlərimizin çoxunu həyatlarının son anında görmüşəm, hətta onların qanına da batmışam, üstəlik öz qanımı verib xilas etdiyim yaralılar da olub. İndi də yaşımın, xidmətimin bu çağında, tək mənə yox, başqa zabitlərə, orduda xidmət edən şəxslərə, ümumiyyətlə burda olan insanlara qarşı belə haqsızlıqlar məni məcbur edir ki, sözümü sərt şəkildə deyim:

- Bura ailəvi istirahət mərkəzidir, hər şəraiti də yaxşıdır. İcazə alıb keçdik içəri. Çay içmək istədik, amma masa xidmətçisinin etirazı ilə üzləşdik. Dedi “gərək mütləq siz yemək sifariş edib yeyəsiz ki, biz sizin çay sifarişinizi də qəbuik edək”. Dedim ay qardaş, biz yemək yeyib gəlmişikdik çay kənarında gəzintiyə, indi də burda adama bircə stəkan çay içib gedəcəyik. Ofisiant, “yeməksiz çay sifarişinə icazə yoxdur” deyib çəmkirdi üstümə. Bu hərəkət mənə pis təsir elədi. Mən bu insanlara xidmət eləmişəm və edirəm də. Bu torpaq uğrunda şəhid olanlar da canlarından-qanlarından ona görə keçiblər ki, onlardan sonra yaşayanlar asudə yaşasınlar. Şəhidlərimiz düşünməmişdilər ki, onlardan sonra gələnlərin cibini kəsib üzlərini ancaq “klyent” gözündə görəcəklər. Demirdilər ki, Azərbaycan vətəndaşı bu torpağda azad gəzmək, onun təbii sərvətlərindən, havasından, suyundan, meşəsindən yararlanmaq ixtiyarında deyil.

"Bu gün baş verənləri bilsəydilər, qanları bahasına xidmət etməzdilər. Bu özbaşınalar indi də ona görə azad gəzirlər ki, ön cəbhədə əsgərlər dayanıb. Allahın axıb gedən çayından su götürüb, qaynadıb camaata verib, beş-üç manata çalışmağı bacarmırlar, ancaq cibkəsənliklə məşğuldurlar. Döyüş vaxtı arvad tumanı altında gizlənənlərin bəzisi indi biznesmen kəsilib başımıza, qoruduğumuz torpaqları tala-tala hasara alıb bizə çay yeməklə birlikdə satır, amma o döyüşə gedənlər, can qoyanlar pul-para barədə düşünmürdülər. Ancaq “Vətən sağ olsun” deyib qan axıdırdılar, can verirdilər. Bu hadisələr mənə çox pis təsir eləyir. Sizdən istəyim bu məsələni ictimai müzakirəyə çıxarmaqdır. Elə olmalıdır ki, hərbçi, veteran Vətənə xidmətiylə qürur duysun!.."- deyə Şahlar Quliyev əlavə edib.


P.S. Məsələ ilə bağlı qarşı tərəfin də fikrini dərc etməyə hazırıq.

Ramilə QARDAŞXANQIZI
MANERA.AZ




Yemək yeməmiş çay sifarişinə icazə yoxdur!- "QIZ QALASI”nda | MANERA.AZ


Baxış sayı - 2 428 | Yüklənmə tarixi: 26.08.2015 13:40
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031