manera.az
manera.az

Aslan Quliyev: “Yazıçı o zaman xoşbəxt olar ki...”


Aslan Quliyev:  “Yazıçı o zaman xoşbəxt olar ki...”
Müsahibimiz yazıçı Aslan Quliyevdir.

Əksər yazarlardan eşidirik ki, Aslan Quliyev tənqidi qəbul eləmir. Düşünürəm ki, bu ya yalandır, ya doğru. Doğrudursa, ya Aslan Quliyev öz yazdıqlarının səviyyəsindən razıdır, ya da tənqidin səviyyəsindən narazıdır. Qısası, bunlara aydınlıq gətirməyinizi istərdim…

- Kim tənqid elədi, qəbul eləmədim? Bu sarıdan bircə İradə Musayeva ilə ciddi narazılığımız olub. Məni az qala plagiatda ittiham eləmişdi, bütün qəzəbini, nifrətini yazıya yox, mənə yağdırmışdı. Məni gənclərlə dolaşıq salmışdı. Guya məni alqışlayırlar, tərifləyirlər deyə mən də vəcdə gəlir, tirajlayıram. Bircə söyüş yazmamışdı. Yəni çox ciddi, əsassız ittihamlardı. Cavab verməliydim, verdim də. Povesti də, guya süjetini oğurladığım filmə keçidi də saytda qoydum ki, oxucular özləri qərar versinlər. Mən oğurluq eləmişəmmi?

O zaman tənqidçi yalan danışır?

- Oxuculardan filmlə povest arasında oxşarlıq görən bircə nəfər də tapılmadı. Heç tənqidçi də sözünü axıra qədər deyə bilmədi. İş belədir. Bir yazıçı öz yazdıqlarının səviyyəsini axıra qədər görə bilmir. Öz təxəyyülünün məhsuludur, özü yaradır, əyər pis olduğunu bilərsə, səviyyəsindən narazı qalarsa, yaymaz axı...

Yəni?..

- Məni də yazılarımın səviyyəsi qane eləməsə, yazmaram. Onları çap eləmərəm. Tənqidə gələndə isə mən ölkədə səviyyəli tənqid oxumamışam. Səviyyəli tənqidçilərimiz var, amma müstəqil deyillər. Yazılarını şərtlərə, şəxsiyyətlərə, onların imkanlarına, tutduqları mövqelərə və reallıqlara hesablayırlar. Belə olan halda da səviyyəli tənqid yazılması mümkünsüzdür. Durub deyəcəksən, haqsızsan, topa tutacaqlar. Tehran Əlişanoğluna bir azacıq irad tutdum. Ölkədə mən adda bir yazıçı olduğunu unutdu. Cavanşir Yusifliyə Rəhim Əliyevin Nəsimi haqdakı çox gözəl kitabına haqsız münasibətinə görə iradımı bildirdim, sabahısı qəzəbi aşıb-daşan tənqidi yazısı ilə üstümə gəldi. Afaq Məsuda adımın ötəri çəkilməsini belə narazılıqla qarşaldığına görə iradımı bildirdim, oldum gözünün düşməni!

Sizin əsərlərinizi oxuyan oxucu sanki bir film seyr edir. Ona görə də bəzilərinin yadına baxdığı filmlərdən kadrlar düşür. Çox yaxşı olardı ki, bu uyarlıq filmlərdə əks olunsun. Yəni, əsərlərinizin birinə film çəkilsəydi bu söz-söhbət bitərdi, yəqin ki. Siz necə düşünürsüz?

- Yazılarımla bağlı, onların hansısa filmi xatırlatması ilə bağlı bu tənqidçidən başqa nə bir tənqidçi, nə də bir oxucu nəsə deməyib. Başımda minlərlə süjet dolaşır, bunların heç yüzdə birini yazıb çatdıra bilmirəm, qalıb hansısa filmi plagiat eləmək haqda düşünəm. Əlbəttə, əsərlərimin ekranlaşdırılmasını mən də istərdim. Lap elə istəyənlər də olub. Moskvalı rejissor «Vay nənə…ə»ni, Vaqif Mustafazadə «Ekstremist»i, daha bir rejissor «Rusiyadan gələn qardaş»ı ekranlaşdırmaq istəyirdi. Amma bu söhbət elə «istəyirdi» ilə də məhdudlaşıb. Bundan o yana bir addım da atan olmadı. Bir həqiqət də var. Səmimi deyirəm, mən ölkəmizdə bu əsərlərdən film çəkilməsini istəmirəm. Yazını oxucunun gözündən salarlar. Bizdə bu sahədə vəziyyət bərbaddır.

Aslan müəllim, mən sizin əsərlərinizin gənclər tərəfindən maraqla oxunduğuna hətta qibtə edirəm. Əsərlərinizin kifayət qədər oxucusu var və söhbət əsnasında onlardan misallar çəkildiyinin şahidi də olmuşam. Bir yazıçı üçün bu xoşbəxtlik deyilmi?

- Yazılarım çap olunandan indiyə kimi oxucularımdan yalnız razılıq eşitmişəm. Tərifləyiblər, məktub yazıblar. Bircə ilk yazılarım çıxanda tələbə qızlar məni rus qızlarından çox yazdığıma görə, öz bölgəmdə də açıq-saçıq yazdığıma görə tənqid edirdilər. Bu məsələnin texniki tərəfiydi. Heç iyirmi ilə yaxın yazılarımı dərc etməyən qəzet, jurnallar, nəşriyyatlar da yazılarımın zəif olduğunu demirdilər.

Səbəb nə idi?

- Açıq deyirdilər, çox yaxşıdır, bizdə belə yazılar yazılmır, amma çap eləyə bilmərik. Sosializm ideyalarını əks elətdirmir, bizim nəsr deyil, işıqlı gələcəyimizi kölgə altına alır, və s. Əlbəttə, yazılarımı oxucularımın razılıqla qarşılaması məni ruhlandırır. Yəni, bura qədər. Ruhlandırmaqdan o yana keçmir. Bir yazıçı beş il oturub kitab yaza, kitab cəmisi beş yüz tirajla çap oluna və 9 milyonluq ölkədə bu beş yüz kitab 4-5 aya satıla, yazıçıya da heç nə gətirməyə, yazıçı özünü xoşbəxt hiss eləyərmi?

Bəs yazıçını xoşbəxt edən nədi?

- Yazıçı o zaman xoşbəxt olar ki, yazıları oxucuların xoşuna gələ, oxucular onun kitablarını alalar və yazıçı qələmiylə dolana. Kimsədən asılı olmaya.

Yeri gəlmişkən, qazancınız əsərlərinizdən çıxmırsa, nə ilə dolanırsız?

- Mən işləyirəm, tərcümələr eləyirəm. Yazılarıma qonararı isə bircə AYB-nin nəşrlərində çap olunanda almışam.

Tərcüməni şüşə arxasındakı qızılgülə bənzədirlər, əslinə nə qədər oxşasa da onun ətrini almaq mümkün deyil. Tərcümələrinizdə həmin ətri verə bilməməyinizə görə üzülmürsüz ki?
Aslan Quliyev:  “Yazıçı o zaman xoşbəxt olar ki...”
- Mən bir xanım həmkarımla, həm də cavan bir həmkarımla bu yaşımda yalan danışa bilmərəm. Ehtiyac üzündən tərcümələr eləmişəm və eləyirəm. Bu peşəni sevmirəm. Vaxtımı, rahatlığımı, yazmaq istədiyim yazılarımı udur. Yoruluram. Amma nə tərcümə eləmişəmsə, bacardığım qədəriylə mətnə sadiq olmağa çalışmışam. O dilin, müəllifin ruhunu, üslubunu, özəlliyini qorumağa çalışmışam. Nəyisə olduğu kimi, düşündüyün kimi çatdırmayanda əlbəttə üzülürəm.

Qəhramanlarınızdan birinin Bakıda yaşayıb povest yazmaq istəyi heç cür alınmır və ona deyirlər ki, yazmaq istəyirsənsə Yardımlıya getməlisən. Aslan Quliyev özü necə, rahatdırmı? Yardımlı mühitində ona ilham pərisi yazmağa yardım edirmi?

- Edir də sözdür? Mən də hekayəmin qəhrəmanı kimi Bakıda yaza bilmirəm. Yorucu, səs-küylü, tıxaclı, tozlu, küləkli Bakıdan sonra oturmuşam evimdə. Səssizlik qulaq dəlir. Ara vermədən yağış yağır. Rütubət, çürüntü qoxusu yoncanın, yovşanın qoxusunu belə duymağa imkan vermir. Ot qurşağa qalxıb, bu həftə çalmağı düşünürəm. Özümü çox rahat hiss edirəm, yazmağa mane olan heç nə yoxdur. Arada yorulanda kəkotu, qantəpər çayı, ya da tünd kofe içirəm.

Ömrü sizin üçün qalsın(şöhrəti də sizin olsun!) Lev Tolstoyun Yasnaya Polyanası yadıma düşdü...

- Mən hətta bəzən düşünürəm ki, bundan sonra şəhərdə yaşayası olsam, təkcə bu balaca torpaqla yox, qələmlə də vidalaşmalı olacağam.

Düşünürəm ki, heç oxucular da sizə nə vaxtsa oxuduqları, povest və romaların mövzusunu pıçıldayan o mühitdən ayrılmağınızı təsəvvür etməzlər. Yazıçı özünü harada rahat hiss edirsə orada da yaşamalıdır. Bu baxımdan yaşadığınız rayonda kifayət qədər oxunub, qiymətləndirilirsinizmi?

- Öz rayonumuzda yazılarımı oxuyanlar, daimi oxucularım var. Amma təbii ki, buna kifayət qədər demək olmaz. Rayonumuzda kitab dükanı olmadığından kitablarımı oxucularıma özüm verməli oluram. Uzağı on-on beş ədəd. Qalan yazılarımı isə internetdən oxuyurlar.

İstəsək də, istəməsək də, artıq kitabxanadan kitab götürüb əldən-ələ ötürülərək vərəqləri əzilib, əzik-üzük olana qədər oxunan və müzakirə olunan günlər geridə qalmış, kitabı nəyinsə əlavəsi kimi oxuculara dilə tuta-tuta oxutduran bazar iqtisadiyyatının içindəyik. Rayonda "book cafe" açıb həm maddi, həm mənəvi ehtiyaclarınızı ödəmək haqqında niyə düşünmürsünüz?

- İndi kitab alan yoxdur və elə bir kafe açmaq effekt verməz. Bir də mən bu sahənin adamı deyiləm. Bunu bacarmaq lazımdır. Mən yalnız qələmlə işləyə bilirəm, qalan sahələrdə bacarıqsızam. Vaxtı ilə bütün sahələrdə özümü sınadım. Dükan da işlətdim, ticarətə də qurşandım. Dükanı oğurladılar, ticarətdə iflasa uğradım. Yəni, hər kəs bacardığı işin qulpundan yapışmalıdır.

Bu yaxınlarda oxucularla görüşlərin birində qardaşınız şair Fikrət Şahbazlı onlara dedi ki, mən dükanda işlədiyimdən sizə həmişə sözdənsə şəkəri, qəndi, konfeti daha asan satmışam. Hesab edirəm ki, Aslan Quliyev də eyni uğurla oxuculara hər şeydən qiymətli olan sözü ustalıqla satır.(Amma hələlik deyəsən müftə satır). Bazarınız əsl bazar olsun...

- Mən sözü satmaq haqda düşünmürəm, burda söhbət sözü satmaqdan yox, onun alıcısı olmasından gedir. Ölkədə sözü alan varsa, ona dəyər verib onu qiymətləndirən varsa, söz yaşayacaq. Nə qədər dəyər verərələrsə, söz də bir o qədər qüdrətli olacaq.

Söhbətləşdi: Şəhla Aslan
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31