“Ata, çavuş olmaq istəyirəm”
“Bayraqları bayraq yapan üstündəki qandır. Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir”. Vaxtı ilə bir şair təfəkküründən süzülən bu misralar bu gün müharibə şəraitində yaşayan Azərbaycan gəncliyinin həyat devizinə çevrilib. Respublika gəncləri, xüsusilə də hərbi xidmətə gedənlər lazım gələn məqamda Azərbaycan bayrağı və torpağı naminə öz canından keçməyi, şəhid olmağı bacarırlar. Şəhid kəlməsi ərəbcə “şəhidə” felindən törəmiş bir isimdir, məsdəri şahidlikdir. Müqəddəs İslam dinində Allah, Vətən və müsəlmanların azadlığı yolunda öldürülən şəxs şəhid adlanır. Çünki o, uğrunda canını qurban verdiyi məqsədi Allah rizası üçün, Allaha xatir istəyərək belə bir şərəfli ölümü seçir. Doğru olduğuna inandığı həmin məqsəd üçün həyatını fəda etməsi isə şəhidin imanındakı ixlasın bir göstəricisidir.
Şəhid (şahid), eyni zamanda Uca Allahın adlarından biridir. Necə ki, Qurani-Kərimdə buyurulur: “Onun (Quranın) haqq olduğu onlara (müşriklərə) bəlli olsun deyə, Biz Öz qüdrət nişanələrimizi onlara həm xarici aləmdə (üfüqlərdə, kainatda, göylərin və Yerin ətrafında), həm də onların öz daxilində mütləq göstərəcəyik. (Ya Peyğəmbər!) Məgər Rəbbinin hər şeyə şahid olması (sənin dediklərinin doğruluğuna) kifayət deyilmi?!” (“Fussilət”, 53).
Şəhidlik böyük bir dərəcədir. Çünki bu dərəcəni təmsil edənlər həm Allahın rizasını, həm də Allahın Elçisi Həzrət Muhəmmədin (s) sevgisini qazanan xoşbəxt insanlardır. Yəni, şəhidlik dünya və Axirət həyatı üçün bir xoşbəxtlikdir. Bu xoşbəxtlik isə heç də hər bir insana nəsib olmur. Qadir Allah şəhidlərin ölməzliyi barədə belə bəyan edir: “Allah yolunda öldürülənlərə (şəhid olanlara) “ölü deməyin”. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz” (“əl-Bəqərə”, 154); “Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi (cənnət ruzisi) əta olunur” (“Ali-İmran”, 169).
Bu ilahi hökmlər Allah yolu və Vətən uğrunda öldürülən bütün insanlara şamildir. Bu baxımdan, ölümdən sonrakı həyatda (Bərzəx həyatında) şəhidlərin xüsusi yeri və məqamı vardır. Buna görə də müqəddəs ayələr Bərzəx həyatını şəhidlər üçün vacib bəyan edir, onların ruhunun bədənlərindən ayrıldıqdan sonra elə bu dünyadakı bədənə oxşar bir şəklə düşdüyünü və Qiyamət gününə qədər ilahi nemətlərdən bəhrələndiyini isbatlayır. Tural Nuriyev də bu xoşbəxtliyi qazanan şəhidlərdən biri oldu.
Tural Nizami oğlu Nuriyev 1996-cı il dekabrın 17-də Cəlilabad rayonunun Babaxanlı kəndində anadan olmuş, 2011-ci ildə Babaxanlı kənd ümumi orta məktəbi, 2014-cü ildə isə Gülməmmədli kənd tam orta məktəbini bitirmişdir. O, bəzi həmyaşıdları kimi qaynar, çılğın və dəlisov bir ömür yaşamamışdır. Çoxlarının yeniyetməlik dövründə başına gələn, bəzən isə şirinliyi qədər də yanlış olan ilk məhəbbət hisləri ona tanış deyildi. Tural xaraktercə sakit, əzmkar, çalışqan, ata-anasına canyandıran birisi idi.
Ata-baba ocağında olan dini mühit Tural Nuriyevin uşaqlıqdan sağlam əqidə sahibi olmasına, İslamda vacibi əmrlərdən olan namaz qılmasına və bu yolla Allaha ibadət etməsinə səbəb olmuşdu. O, hətta sonralar, hərbi xidmət dövründə də Allaha ibadətdən əl çəkməmişdi. Buna görə də saf və təmiz qəlbində Allah, Ana və Vətən sevgisi özünə möhkəm yer tutmuşdu.
Böyük əmisi, hərbçi-zabit, Qarabağ müharibəsi iştirakçısı mərhum Hüseyn Nuriyevin hərbi-vətənpərvərlik dolu, Qarabağ uğrunda gedən döyüşlərlə bağlı söhbətlərinə qulaq asması hələ kiçik yaşlarında ikən Turalın ruhiyyəsinə, daxili dünyasına öz təsirini göstərmişdi. Bu səbəbdən də o, hərbi xidmətə yollanmağını səbirsizliklə gözləyir, Vətənə xidmətlə bağlı heç kimə açıqlamadığı, özü üçün gizli saxladığı və özünə məhrəm bildiyi arzuları barədə uzun-uzadı düşünürdü. Atası Nizami kişinin dediyinə görə, Tural əmisi kimi hərbçi-zabit olmağı, sərhəd qoşunlarında xidmət etməyi arzulayırmış. Tale elə gətirib ki, o, öz arzusuna qovuşub. 2015-ci ilin yanvar ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə yollanan Tural Nuriyev müddətli hərbi xidmətini Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Naxçıvan Sərhəd Diviziyasında keçməyə başlayıb.
İlk gündən hərbi hissə rəhbərliyinin, eləcə də əsgər yoldaşlarının hörmət və ehtiramını qazanan Tural nümunəvi bir sərhədçi-əsgər kimi fərqlənib. Fiziki cəhətdən sağlam olması ilə yanaşı, verilən tapşırıqları vaxtında yerinə yetirməsi onu hərbi hissə rəhbərliyinə sevdirə bilib. Bu barədə şəhidin dəfn mərasimində iştirak edən Naxçıvan Sərhəd Diviziyasının mayoru Fuad Heydərov belə söylədi: “Nuriyev Tural əsgər olarkən onun əsas arzusu məhz dövlət sərhədlərini mühafizə etməkdən, ata-babalarımızdan bizə miras qalan Vətən torpaqlarını layiqincə qorumaqdan ibarət olub. Ümummilli Lider Heydər Əliyevin söylədiyi kimi, “Vətən sərhəddən başlanır” ifadəsi əsgər Nuriyev hərbi andı qəbul etdikdən sonra onun üçün xidməti meyar olmaqla yanaşı, həm də bir həyat etalonuna çevrilmişdi və biz zabitlər bunu onun xidmətində aydın şəkildə görürdük”.
Əsgər yoldaşlarının Turalı ara-sıra Azərbaycanın Milli Qəhrəmanı “Mübariz İbrahimovun həmyerlisi” deyə səsləməsi onu həm fərəhləndirir, həm də çiyinlərinə ağır bir məsuliyyət qoyurdu – Mübariz kimi vətənpərvər olmaq, Mübariz kimi şərəfli ömür yaşamaq. Buna görə də o, doğma Vətənin sərhədləri keşiyində durarkən ayıq-sayıq olmağa çalışıb, gözünü dörd açıb. Yenə də, atasının dediyinə görə, şəhid olmazdan qabaq ailəsi ilə telefonla danışarkən Tural belə bir ifadə işlədib: “Ata, çavuş olmaq istəyirəm!” Onun bu nakam əsgər arzusu valideynləri və yaxınlarının qəlbini dağlasa da, Tural Nuriyevin nümunəsində hər bir Azərbaycan əsgərinin hərb sənətinə olan maraq və məhəbbətindən, ordumuzda müsbətə doğru gedən quruculuq işləri və kadr islahatından, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bugünkü artan inkişafından xəbər verir.
Tural Nizami oğlu Nuriyev 2015-ci il iyulun 31-də Naxçıvan Sərhəd Diviziyasında xidməti vəzifələrini icra edərkən Vətən və torpaq naminə şəhid oldu. İgid əsgərimiz arzuladığı kimi çavuş olmadı, lakin fəzilət baxımından çavuşluqdan daha üstün bir mərtəbəyə - şəhidliyə yetişdi. Bu gün mübarək qəbrinin üzərinə sərilən, eləcə də onu ziyarətə gələnlərin fəxr və qürur hissi keçirməsinə səbəb olan üçrəngli Azərbaycan bayrağı əslində şəhid Tural Nuriyevin əsgəri rəşadətindən xəbər verir.
Ümidvarıq ki, Tural Nuriyevin ruhu Azərbaycanımızın digər şəhidlərinin ruhuna qovuşdu. O, cismən aramızda olmasa da, əziz xatirəsi onu sevənlərin, millətimizin və xalqımızın yaddaşına əbədi həkk olacaqdır.
Əminik ki, uğrunda şəhid olduğu doğma Vətən torpaqlarının üzdəniraq qonşularımız tərəfindən işğal altında qalan hissəsi tezliklə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş komandanı, cənab İlham Əliyevin rəhbərliyi ilə Tural kimi igid əsgərlərimiz tərəfindən geri alınacaq, bununla da bütün şəhidlərimizin ruhu şad olacaq, şəhid Tural Nuriyevin xidmətləri isə Azərbaycan dövləti tərəfindən layiqincə qiymətləndiriləcəkdir. Əhliman Rüstəmov,
QMİ-nin İctimaiyyətlə əlaqələr və ailə məsələləri şöbəsinin aparıcı mütəxəssisi