manera.az
manera.az

Getmə!!.. insafın olsun sənki tanrı deyilsən

📅 14.11.2018 12:45

Getmə!!.. insafın olsun sənki tanrı deyilsən
Bahar Zamanının şeirləri

***
Əllərin saçımın qanına batdı,
Sildim əllərini saç yaddaşımdan.
Səni ölənəcən unutmaram ha...
Nə qədər gec deyil qaç yaddaşımdan.

Qaç qurtar özünü, cavansan hələ,
Atını dörd nala surən yaşındı,
Sən səmum yelisən, mənsə qasırğa,
Sənin eşq yaşındı, tufan yaşındı.

Gündə yüz gözələ and içəcəksən,
Hələ neçə əllər qızdıracaqsan,
Sən mənə baş qoşma, dəli qadınam,
Sən mənə şeirlər yazdıracaqsan.

Quruyan ümidəm, batan günəşəm,
Sənə özüm boyda dərd gətirərəm,
Yaddaşım anama bənzəyir, adam.
Səni gec taparam, tez itirərəm.

Məndən nigaran ol, arxayın olma,
Oddan aralanıb oda düşənəm.
Gəzib dolanarsan, gün keçirərsən,
Mən sərxoş olanda yada düşənəm.

Ağlına saçlarım gələr yanarsan
Bir qoxu duyarsan, yasəmən, ya mən
Baxarsan güzgüyə, dəli olarsan,
Ay allah, görəsən ya sənəm, ya mən?!

Sən eşqə inanma, sən aşiq olma,
Meyl etmə bahara, qışa, payıza.
Sən nəğmələr söylə, sən şeirlər yaz,
Hələ yelləncəkdə yellənən qıza.

Mənim saçlarım da başıma dərddi,
Mənim saçlarımın yaddaşı ağır.
Toxunma saçıma ağrıdar sonra,
Sonra kəsdirərəm o – cığır-bağır.

Burax saclarımı, o yol, o da sən,
Saçım yollarına dönür, qarışır.
Gedənlər həmişə bircə söz deyib:
"Qısa saç üzünə yaman yaraşır"

Get mən də saçımdan çıxım heyfimi,
Qaraya boyadım, ucunu kəsim...
Ehh, uzun saçın da ayrı dərdi var,
Belə oğlan-fason bəsimdi, bəsim...



***
sən hələ bilmirsən səni kim sevir,
sən hələ bilmirsən, hardan biləsən?
deyirəm, nə olsun çox uzaqdayam,
təyyarələr ki var, bəlkə gələsən?

götür pencəyini, siqaretini
nəyin var, nəyin yox, qoy o evdə, gəl.
rənginə düşməyən tənhalığını
çıxar əyinindən, soy o evdə, gəl…

sənin həsrətindən saralıb solan
küskün bənizimə qan gətir, Adam.
cagırsam min dəfə can deməkdənsə
sərsəri ruhuma can gətir, Adam.

üzünə taybatay qapım-pəncərəm
köç, daşın evımə, ocagıma gəl!
qollarım açıqdı min ildi sənə
keç dağı-dənizi qucağıma gəl.

heç nə istəmirəm - nə göy, nə də yer…
gətirmə özünlə Günəşi, Ayı
qoxunu götür gəl, hamıdan tez gəl
heç nə istəmirəm səndən savayı.

gəl şeir düzəcəm yolların üstə
gəl, sənə sözüm var, tez gəl… deyəcəm…
yatağını salıb qollarım üstə
yemək bişirəcəm, çay dəmləyəcəm.

səsinlə, küyünlə, harayınla gəl!
sök, dağıt tüstüdən boz divarları.
bütün sərhədləri aşaq səninlə
qopar olmazları, qaz divarları!

ovcunda bir öpüş yerimi saxla.
gəl, uzansın saçım, çiynimə çatsın.
gülüşün səpilsin masamın üstə
səsin bir ömürlük başımı qatsın.

gəl daha, bilirsən zaman gözləmir
gəl, yenə vurulum, gəl bir də sevim
mənə bənzəməsin, sənə çəkməsin
atalı-analı böyüsün evim...



***
Elə çıxıb gedirsən elə bil gəlməmisən
Elə bil o əllərin yiyəsi sən deyilsən..
Elə bil tanımırsan "mən"adında bir qadın
Sanki o sualların "niyə"si sən deyilsən..

Nə vaxt uzaqlaşmısan gözümün qabağından?
Əlim çatmayan yerə ürəyimi qoyurdum
Mən səni yalnızlıqdan, tənhalıqdan qurtarıb
Mən səni şeirlərlə nəğmələrlə doyurdum.

İndi hara gedirsən bu yağışda,sazaqda?
İndi kim deyəcək ki "gəl içəri sevgilim
Yerin yurdun haradı bilmirəm.. amma deyim
Baharda qayıdarlar.. ay köçəri sevgilim

Hey ürəyimə damır gözlərimdən yaş -yağış
Kədər yeyib ətimi sümüyümə dayanır
Elə bil ki bədənim nəfəs alan ölüdü
Gecə intihar edir, səhər yenə oyanır..

Gəzməyə yer tapmadıq səninlə bu şəhərdə
İndi bu gen dünyada tək başına nə edim?
Yadındadı ilk dəfə görüşəndə əlimiz
Sən mənə "salam"dedin, mən isə "getmə" dedim..

Getmə yenə deyirəm qürur da cəhənnəmə
Görüm lənətə gəlsin bütün ayrılıqları
İndi mən necə yazım şeirlərimdə səni
Spirt qoxan həsrəti, tütün ayrılıqları.

Getmə!!.. insafın olsun sənki tanrı deyilsən
Cəza ver ,cəhənnəm qur ..ama yenə bağışla..!
Məni bu şeirlərə ,məni bu mahnılara,
Mənsiz ölərsən Adam.. məni sənə bağışla!



***
Vecinə deyilik qoca dünyanın
Daha köhnəlibdi çarxına kimi.
Getdiyin o gündən ta bu günəcən
Saydım rəqəmləri 40-na kimi..

Doğub od -alovun icinə atıb,
Bakıya "sevdiyim şəhərdi" dedin
Qorxdunmu yuxusuz gecələrində?
Sən məni oyadıb "səhərdi" dedin..

Səndən sonra getdi oktyabr da
Noyabr,dekabr...yeni il gələr.
Daha bundan sonra mənim başıma
Müsibət,fəlakət,hər zibil gələr..

Xaraba deməyə dilim gəlməyən
O evi tərk etdim xatirələrə..
Bircə, sən sevdiyin güllü pərdəni
Asdım daşındıgım bütün evlərə

Yıxıldım dizimin qanın görmədin
Görsəydin deyərdin "ay anan ölsün"
Bir də bu taleyə,bir də qismətə
Bir də xoşbəxtliyə inanan ölsün!

Çiynimdə qanayan qanad yerimi
Sarıyan olmadı...qan itirirəm
Ruhumu yanına ucurmaq üçün
Özüm öz canımdan can itirirəm.

Bir azdan yenə də gələr noyabr
Bir azdan bir il də kecər, Qəribim
Hamıdan durnalar köc eləyəndə
Bizdən sərçələr də köçər, Qəribim

Sən də payız idin Bahara gəldin
Gedəndən tökmüsən yarpaqlarımı
Yanında bir qucaq yer saxla barı
Hələlik sığalla torpaqlarımı..



***
Sənə məndən danışım, qulaq as nə təhərəm
Necə kecir günlərim ,yatırammı gecələr?
Əllərimi gizlədib paltomun ciblərində
Keçirəm küçələrdən, məndən bezib küçələr..

Bilirsənmi,hardadı Kız kuləsi ,ya Bosfor
Bilirsənmi,neçədi sənlə saat fərqimiz?
Mənim sevdiyim dəniz Xəzər idi bilirsən..
Burda bütün dənizlər adlanır" qara dəniz."

Orda bütün şairlər gedənlərdən yazırlar
Şeirlərin çoxusu qayıtmayanlaradı
İşiq düsməyən otaq,qızmayan tənha yataq
Bir də Ranın kitabı..tap gör bura haradı?.

Nə etsəmdə ovunmur həsrətim dil -dil ötür
Üşüyür ayaqlarım, yolları da buz tutub..
Bu səhər də açılır...sən nigaran, mən xəstə
Gözlərim zəyifləyib, yaddaşımı toz tutub

Nə taledi bu tale, get bəxtimi oxutdur..
Bəlkə o falçı qarı deyər harda düyün var
Sınmış qanadlarımı qaldırıb çırpım yerə
Ya da de ki "qayıt gəl, sənin burda göyün var!"

Bilmədiyim dildəmi dua edim allaha?
"Qul hüvəəllahu əhəd" desəm eşidər məni?
Qurban olum ,Ya Rəbbim göndər əzrayılını
Ağrıdan qıvrılıram , öldürür kədər məni..



***
Bir də o yollara düşməz izlərim,
Bir də qayıtmaram sən gedən evə.
Daha xatirələr ovutmaz məni,
Daha laylalar da uyutmaz məni,
Çıxmaram mən daha pilləkənini
Sənin varlığını tərgidən evə.

Sən mənə elə dərs keçib getdin ki,
Sən elə sakitcə köçüb getdin ki,
Bir də o ev hara, daha mən hara?
İndi o ev boyda dərdim, sərim var,
O evdə günəşim, o evdə ayım
Orda yatmadığım gecələrim var.

Bir dəfə getmişdin niyə qayıtdın?
Mənə bəs edirdi öz ağrım acım...
İndi mən neyləyim kimə danışım?
İndi mən qapını nə deyim açım..?!
Deyim ki, "gəlmişəm dur gedək evə"
Deyim ki, "bu düzən bizimki deyil"
Deyim ki əlində sınıb ümidim
Deyim ki, çağırdım sən gəlmədikcə
Od tutub içimdə yanıb ümidim...

Sənə necə deyim, necə danışım?
Sənin axı nədən xəbərin olub?
Sən axı heç zaman bilməmisən ki,
Sənin "mən" adında bir evin olub.

Olub, pəncərəsi sənə acılan,
Olub, bacasından həsrət saçılan
O ev öz başına yanıb kül olub,
O ev şikəst olub, o ev şil olub.

İndi getməyinin adı nədi ki?
Onda getməyinə cəhənnəm dedim.
Alışdım, öyrəşdim, dərdə, kədərə
Onda eybi yoxdu, "cəhənnəm" dedim.

Bəs indi, bəs indi nə deyim evə?
Deyim ki, bir daha yetim qalırsan?
Deyim ki, ay səni, xaraba qalan
Deyim ki, ay seni, yellər aparan
Deyim, pəncərənə daş dəyən evim
Gedir, yenə gedir, daş döşə yola
Gedir əllərini tutammadığım.

Gedir.... Allah, göydən daş düşə yola!
O ev "yaşasaydı" biz də ölməzdik,
Acardıq qapısın sonsuzluqlara.
Bilsəydik axırı belə olacaq,
Bilsəydik o evə bir də gəlməzdik.
Getdin... qapısından qıfıl asıldı,
Getdin... evimizdən qapı yox oldu,
Getdin... selmi gəldi, tufanmı qopdu?
Yoxsa gedişinə dayanammadı
Getdin... nənəm demiş "öyüm yıxıldı".

MANERA.AZ


Baxış sayı - 2 756 | Yüklənmə tarixi: 14.11.2018 12:45
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031