manera.az
manera.az

Ədəbiyyatda təsadüfi adamlar...Onların qarşısını necə almaq olar?-Sorğu

📅 01.11.2018 15:10

Ədəbiyyatda təsadüfi adamlar...Onların qarşısını necə almaq olar?-Sorğu
Tez-tez belə fikirlər səslənir ki, ədəbiyyatda təsadüfi adamlar baş alıb gedir. Bəs kimin təsadüf, kimin zəruri olduğunu necə müəyyən etmək olar? Ədəbiyyatda təsadüfi adamların qarşısını necə almaq olar?

Şair Emin Piri: "Düşünmürəm ki, yazıçı və şairlərin işi hansısa təsadüfi gələnlərin qarşısını almaq lazımdır. Əvvəllər düşünürdüm ki, ədəbiyyata təsadüfi gələnlər ədəbiyyata daha ciddi mənfi təsir edir. Amma indi əksinə. Onların arasında bəziləri var ki, vallah, ədəbiyyatda olanlar daha ciddi obrazlar və daha istedadlıdır. Bu gün istedadlı deyib fenomenə çevirdiyimiz şəxslırin ucbatından belə bir durum yaranıb. Əsl təsadüflər o şişirdilənlərdir. Harda işi gücü azad seks, ateist şüarlar olan varsa əmin olun ki, bizim ədəbi mühitdə istedadsızlar da onlardı. Sadəcə yaxşı oyunçudular."

Şair Saday Şəkərli: "Əbəsdir! Əlinə qələm alan hər kəs özünü dahi sanır. Ədəbiyyatda isə təsadüfi adamlar olmur, toyxana dalında oynayan uşaqlar kimi onlar da ədəbiyyat ətrafında öz mütəfəkkirliklərini eləməklə məşğuldurlar. Cəmiyyətin şair-yazıçı hesab etdikləri 70 il maskalanıb, bic qələmlə dövlətin imtiyazlarından yararlandılar, ədəbiyyata isə heç nə verə bilmədilər, mətbəx pişikləri kimi daim gözləri əllərdə oldu, yazdıqları da dünya ədəbiyyatından tör-töküntülər oldu, pişiyin gözü aşpazın əlində olduğu kimi. Əsil ədəbiyyatda heç kim başqasının yerini dar eləyə bilməz, yerini dar görənlər mükafatlara növbə gözləyənlərdi, şairin mükafatı isə dar ağacı və ya kətildir."

Şair Xanəmir Telmanoğlu: “Bu məsələylə bağlı mənim gerçək fikrim bundan ibarətdir ki, ədəbiyyatda təsadüfi dediyiniz adamların qarşısını almaq deyil, onların önünü daha da açmaq, üfüqlərini genişlətmək, onlara hər cür konfort şərait yaratmaq, bütün tribinaları, televiziya ekranlarını məmnuniyyətlə onların ixtiyarına vermək, beynəlxalq konfranslara, şölənlərə onları sevərək göndərmək, qalın qalın kitablarını çap etdirmək, yubileylərini tez-tez qeyd etmək, hətta öləndə də dövlət səviyyəsində böyük dəfn mərasimləri təşkil etmək lazımdır. Adlarını da sağ ikən küçə və meydanlarımıza, məktəb və digər təhsil ocaqlarımıza verməyin beş əlli tərəfdarıyam. Niyə? Ona görə ki, qoy, bu fani dünyada nə istəyirlərsə, hər şey onların olsun, bircə bizim nəfəs alıb verməyimizə mane olmasınlar, bu məncə, günümüzün mənzərəsi acısından olduqca önəmlidir.”

Yazıçı Fəxri Uğurlu: “Ədəbiyyatda təsadüfi adamlar həmişə olub, həmişə də olacaq. Onların qarşısını almaq mümkün deyil. Yalnız bir yol var ki, o da istedadlara kömək etməkdir. Başqa yol tanımıram.”

Tural Cəfərli
Manera.az


Baxış sayı - 1 744 | Yüklənmə tarixi: 01.11.2018 15:10
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031