manera.az
manera.az

Bu da bir nağıldı... - Şəhla Aslan yazır

📅 01.11.2018 11:53

Bu da bir nağıldı... - Şəhla Aslan yazır

Bu da bir nağıldı...


Əziz nənəmin xatirəsinə...


3 gün oldu... Hər gün bir yerdəyikmiş kimi yoxluğunu hiss edir, darıxır, yaralı quş tək çırpınır, getməyə yer, təsəlli üçün səbəb tapa bilmirəm. Bu təkcə xaraktercə həssas olamağımla əlaqədar deyil. Düzü, bu qədər həyacanlandıran, narahatlıq yarada bilən səbəbim olmamışdı.

Təqvimdə 28 oktyabr 2018-ci il...Yenə qarışıq yuxu görürəm; Rayondayıq, hamımız nigaranıq, üzgün xəbərin təsirindəyik, əmiuşaqları ilə bibimə sarılıb ağlayırıq.

Yuxudan ayılıb dodaqaltı danışıram; Bu yuxular da məni rahat buraxmır, Allah xeyir etsin. Çox vaxt da çin çıxır. Təki bu çin çıxmasın!

Pıcıltını Səkinə eşidir.

- Yenə nə olub?

- Kənddəkiləri yuxuda görmüşən. Nəsə narahatçılıq var idi.

Rahat yatmamısan yəqin. Axşam soyuq olub nədi, rəngin, rufun da yerində deyil. Gedək mətbəxə, sənə Luku bişirmişəm, yesəb keyfin açılacaq.

Mətbəxdəyik. Nə qədər udqunsam da çox sevdiyim Luku keçmir boğazımdan. Hazırlaşıb dərsə gedirik.

Səhərdən başlanan qayğının, əndişənin müşayətindəyəm. Özüm dərsdə, gözüm telefonda. Pis xəbər gələcəyini dəqiq hiss edirəm.

Və gəldi...

“Kəndə getməliyik” – yazan böyük bacımdır.

Niyəsini soruşmuram. Planlaşdırılmamış bir gedişdirsə, hadisə var deməkdir.

-Nə zaman?

- Dəqiq bilmirəm, xəbər dəqiqləşsin çıxaq. Hamı gedib. Mən də sənə görə qalmışam.

- Mən uzaqdayam.

- Eybi yox, indi çıx gəl, birlikdə gedərik.

Dərsdə tələbələrə narahatlığımı bəlli etməməyə çalışıram. Belə hadisələrə hazır olmaq üçün hər zaman təcrübəlilərdən nələrsə oxuyuram. İndi isə oxuduqlarım hamısını yaddımdan çıxdı, düşüncələrimi kədər bürüdü, bu nə duyğudur, İlahi?!

Dərs bitər - bitməz, Bakıya yol alıram. Yolda yazışmalarımız davam edir. “Deyəsən yaxşılaşır, rahat gəl” – bacım yazır.

Bir az rahatlıq tapıram. Hə, yenə övladları üçün darıxıbmış yəqin. Onun xasiyyətidir, tez-tez zəng etmədin, ziyarətinə getmədinsə, darıxır, Kişiyə (həyat yoldaşına Kişi deyirdi) uşaqların nömrələrini bir-bir yığdırır, əvvəlcə gileylənir, sonra da Könülü tapşırır:

- Bala, Könül qərib yerdədir, onu tək qoymayın, tez-tez qapısını açın!

Belə narahatlıqlar da səhhəti üçün zərərlidir; Ya təzyiqi qalxır, ya da şəkəri.

Bakıya çata-çatda maşınımız təkəri sıradan çıxır; Şükür ölümdən döndük, deyib dua edirik. Sürət az olduğundan sükanı idarə etmək münkün oldu. Əks halda faciəvi qəza qaçılmaz idi.

Evə çatırıq. Yenə xəbərləşirik. Vəziyyəti normaldı deyirlər, rahatlaşıram.

29 Oktyabr saat 07:40. Telefon zəng çaldı:

- Keçindi...

- Ola bilməz!

- Dəqiqdi. Hazırlaş, rayona çıxırıq.

Mən bu gedişə necə hazırlaşım axı?! Addım ata bilmirəm. Bu nə gedişdi, Tanrım!

Yoldayıq... Maşın sürətlə şütüyür... Fikrim 300 km uzaqlıqda. Nələr gəlib keçir gözümün önündən...

Sanki dünən idi, başımızı dizi üstə qoymaq üçün sıraya düzülərdik. Saçımızı sığallayar, bir nağılı dəfələrlə danışmaqdan yorulmazdı. Qoxusunu içimizə çəkib yuxuya getmək nə gözəldi!..

Ən çox da Ağamdan (anamın atası) danışmasını diqqətlə dinləyirdim. Ağam Sovet vaxtı Kolxoz sədri imiş. Çox alicənab, iman əhli, əhaliyə qarşı çox qayğı və diqqətlə yanaşırmış. İmkanı olmayanlara yardım edir, yoldaşları müharibədən geri qayıtmayan qadınlara xüsusi həssaslıqla yanaşır, onlara aylıq ərzaq göndərirmiş. Cəddinə and içilir, tez-tez ziyarətinə gedilirmiş.

“Nənəmə (anasını nəzərədə tutur) Ağanın böyük köməyi dəyib. Bala, müharibədən çıxmışdıq, aclıq dövrü idi. Başsız (Red.: yoldaşı rəhmətə getmiş) qadınlara pis gözlə baxan çox olurdu. Ağa nənəmi kimsəyə möhtac qoymurdu. Biz də yetim uşaqlar idik. Bizim böyüyüb, boya - başa çatmağımızda Ağanın böyük əməyi var” - deyib ağlayırdı.

Haşiyə: Biz uşaqkən ağam yataq xəstəsi idi. Ayaqları tutulmuşdu, ömrünün son günlərini də yatağında namaz qılmaqla başa vurdu. Son günə qədər üzündəki o nur azalmadı, ağzından dua əskik olmadı. 87 nəvəsinin hər biri üçün ayrıca dua edər, taleləri ilə maraqlanırdı. Yoxluğu içimdə böyük boşluq yaratmış o müqəddəs insanla tez-tez yuxularda görüşürük indi. Həmişə də yuxu Ağamın atını çaparaq gözdən itməsi ilə sona çatır. Hər dəfə də “Ağa getmə” - deyə hönkürtü səsimə yuxudan ayılıram.

...Maşında səssizlik hökm sürür, kimsə danışmır. Sürücümüz də yollara yaxşı bələd deyil. Bəzən şirin xatirələrdən ayılıb sürücüyə sərt döngələrdə ehtiyatlı olmağını xatırladıram. Ürəyimdəsə bir az da sürətli sür, bəlkə dəfnə çata bildik, deyirəm...

Ölkənin çətin dövrlərində 7 oğul 1 qız böyütmüş nənəmi dünyaya göz açdığım ilk gündən gözlərinin qapalı olduğunu görmüşdüm. O gözlərinin nuru ilə böyütdüyü övladları üçün cəfakeş ana, yoldaşı üçün əvəzsiz həyat yoldaşı, nəvələri üçün gözəlliyi, mərdliyi, fədakarlığı ilə nümunəvi qadın olmuşdu. Dədəmlə (babam) yaşadıqları evlilik həyatlarının çətin günlərində də sevgi, diqqət, hörmət hissini unutmamış, bir-birlərinə arxa-dayaq olmuşdular.

Dastana bənzər sevgilərinə qocaldıqları günlərdə də şahid olurduq. Gözləri tutulmuş, qulaqlarının eşitməsi zəifləyən Nənəmin saçlarını darayan, dırnaqlarını səliqəyə salan Dədəm nənəmə bütün işlərində göz, qulaq olurdu.

Dədəm dövrünün ziyalılısı, hörmətli müəllimi olmuşdu. İndi rayonun sayılıb, seçilən bilik adamlarına yazıb oxumağı məhz o öyrədib. Cəmiyyətdə nüfuza malik bu uğurlu Kişinin də arxasında Nənəm kimi iradəsi möhkəm, indi biz gənclərdə az tapılan yaşamaq eşqi bitməyən NƏNƏM dayanırdı. Nənəmlə Dədəmin münasibətləri haqda bir neçə hekayə yazmışam, romanlıq material da var xatirəmdə.

Nənəmin son dövrlərdə səhhəti tez-tez pisləşirdi, hamımız qorxur, başına yığışardıq. Övladlarının, nəvələrinin gəlişini hiss edib, “yüngülləşir”di. Qalxmasına kömək edirdik, yatağının üstündə oturur, şirin-şirin söhbət edir, hamımızla bir-bir maraqlanırdı. Hər dəfə də oğlanlarına Könülü (qızını) tapşırırdı.

- Bala, mən öləndə Könülü darıxmağa qoymayın. Onun uşaqlarından müğayət olun, qonaqların əl-ayağı altında qalmasın – deyib ağlayırdı. Elə hamımz ağlayırdıq. Öləcəyinə inanmasaq da!

Bir də “məni böyük gəlinim, yuyar” deyirdi, gəlinlərinin dərd ortağı, sevimli qaynana!

Hər dəfə rayona gedəndə yoldan, Nənəmin istədiklərindən, yeyə bildiklərindən alırdıq. Bütün övladları eyni şeyləri alırdı. Alınan şeylərə görə də çox narahat olurdu. Bu dəfə də gözüm mağazaya dikilir; Nənəmə nə alım? Heç nə! İndi tək istəyim cənazəsinə yetişməkdi!

Onunla bağlı xatirələrim sanki yolumuzu qısaldır. Rayona tez yaxınlaşırıq. Zəng gəlir, cənazə dəfnə aparılır artıq, gecikdiniz!

Bəli, gecikdik. Nənəmi görə bilmədim. Sonuncu dəfə sarıla, qoxlaya bilmədim. Beş dəqiqə, beşcə dəqiqə gözləyə bilərdiniz axı!..

Kəndə çatırıq. Kəndin yuxarı başından Nənəmin cənazəsini görmək üçün boylanıram; Yoxdular, evdən uzaqlaşıblar artıq.

Həyətə daxil oluruq, bu nə nisgildi, ilahi! Hər tərəf kədər, qəm. Yoxluğuna inanmayıb, xəstə yatdığı otağına tələsirəm, sarılıb, “can Nənəm, gəldim” demək üçün.

Qohumlar bir-bir çıxır, sarılır, ağlayırlar. Demək ki, xəbər doğrudur, Nənəm vəfat edib.

Qadınlar onu deyib ağlayırlar. “İnsafsızlarrr...Gözləmədilər, nənəmi sonuncu dəfə görə bilmədim”- deyib içimdə qışqırıram..

Dədəmə sarılıb ağlayırıq. “Bala, Nənən getdi” - deyib hönkürür.

Sonra Əmilər görünür. Yetim qaldıqları nə tez hiss olunur, Tanrım. Hamısının beli bükülüb, bacımız –anamız öldü deyib, körpə uşaq kimi ağlayırlar...

Bacıları çox sonralar dünyaya gələn əmilər analarına Bacı deyirdilər, hər dediyini edir, nazıyla oynayırdılar.

Asan deyil, Nənəm də 8 kişinin qayğısını çəkmişdi zamanında. İndi isə ömrünün çox hissəsini dünya işığından məhrum olmuş halda keçirən Nənəm bütün ağrılarını da götürüb əbədi məkanına getmişdi. Bu dəfə onu 40 il dünya işığına həsrət qoyan gözlərini həmişəlik yumub getmişdi...

Yerin cənnət olsun, cənnət qoxulu Nənəm! Bilirsən də, darıxmaqda pərgaram. O gözəl xatirələrin yadıma düşdükcə bir küncə çəkiləcəm, göz yaşlarımı ürəyimə dolduracağam. Ürəyimi isə sənə etdiyim dualarla boşaldacağam.

Layiq olduğun diqqəti, qayğını sənə göstərə bildikmi? Məncə, yox!

Nağıllarına doymadığımız, nağılın nə tez bitdi, Nənəm!

İnanıram ki, tez-tez yuxularıma gələcəksən!

Görüşəcəyik Nənə!..

Sənin nəvən!
31.10.2018


MANERA.AZ


Baxış sayı - 1 983 | Yüklənmə tarixi: 01.11.2018 11:53
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031