Dağ kəndində oxucu klubu yaradıldı - İlk dəfə

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Oğuz rayonu üzrə Bilik Evinin təşkilatçılığı ilə Oğuz rayonun Xaçmaz kəndində “Oxucu klubu” yaradılıb.
Bu barədə AzNews.az-a məlumat verən Bilik Fondunun əməkdaşı, yazıçı-tərcüməçi Cəlil Cavanşir bildirib ki, Oğuz rayonun Xaçmaz kəndində fəaliyyətə başlayan “Oxucu klubu” Azərbaycanda bir ilkdir:
“2016-cı ildə Oğuz Bilik Evində “Oxucu klubu”, “Kino Klubu” və “Ədəbi yaradıcılıq” dərnəkləri təsis olunub və fəaliyyəti bu günə qədər davam edir. Bu ilin sentyabr ayında AYB-nin Oğuz bölməsinin sədri şair Vüsal Oğuzla qərara gəldik ki, Xaçmaz kəndində oxucuları və kitab həvəskarlarını bir araya yığmaq üçün “Oxucu klubu” yaradaq. Təşəbbüsümüzlə bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun rəhbərliyinə müraciət etdik. Bilik Fondunun rəhbərliyi ideyanı bəyəndi və dəstək verdi. Oxucu klubumuz Bilik fondunun Oğuz rayonu üzrə Bilik Evinin nəzdində fəaliyyət göstərir. Hazırda klubumuzun 14 üzvü var və bunun getdikcə artacağına inanırıq.
Əsas məqsəd kənd sakinləri arasında ədəbiyyata, kitaba və mütaliəyə marağı artırmaq, mütaliəli, kitaba marağı olan gəncləri bir araya toplamaq, gənclərin asudə vaxtının səmərəli təşkilinə dəstək olmaqdır. Xaçmaz kəndi qədim tarixə malikdir və təhsil sahəsində rayonun ən qabaqcıl kəndlərindən biridir. Kənddə üç məktəb fəaliyyət göstərir. “Oxucu klubu” bölgənin ən qədim məktəblərindən birində, bu il 135 illiyi qeyd olunacaq M.F. Axundov adına Xaçmaz kənd 1 saylı tam orta məktəbdə fəaliyyət göstərir. Məktəb rəhbərliyi “Oxucu klubu”nun fəaliyyəti üçün xüsusi otaq ayırıb və lazım olan avadanlıqlarla təmin edib.
Hazırda bu kənddə yaşayan və yaradıcılıqla məşğul olan Vüsal Oğuz, İldırım Qocayev, Elçin Hacıyev, Elçin Məmmədli kimi yazıçı və şairlər, Təmraz İslamov, Səxavət Mürüdov, İlkin Lətifov kimi ziyalı gənclər “Oxucu Klubu”nun fəal üzvləridir.
Klubumuzun fəaliyyətini Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu dəstəkləsə də, biz ziyalılarımızdan, yazıçı və şairlərimizdən, nəşriyyatlarımızdan dəstək gösləyirik. Klubumuza hədiyyə edilən kitablardan ibarət kitabxana formalaşdırmağı, eyni zamanda Xaçmaz kəndində dünyaya gəlmiş elm adamlarının, şair və yazıçıların fəaliyyətini əks etdirən kitab tərtib etməyi düşünürük.”
Gələcəkdə “Oxucu klubu”nun üzvləri ziyalılarla, yazıçı və şairlərlə görüşləri nəzərdə tutulub.
MANERA.AZ