manera.az
manera.az

Adımıza "nakam" dedilər...

📅 27.09.2018 13:42

Adımıza "nakam" dedilər...
Məşhur rus teleaparıcı Vladimir Poznerin din alimi, azərbaycanlı Heydər Camala verdiyi suallar xeyli səmimi gəldi mənə. İstədim eyni sualları əziz Məhəmməd dayıma yönəldim.

Məhəmməd Mahmudov 1945 – ci ildə Qazaxda doğulub. Çox səmimi, saf, dostcanlı ağsaqqal və şirindil insandır. Ürəyi kimi gözəl və özü kimi dəcəl şeirləri var. “Yaşamaq istəyirəm” adlı şeirlər kitabı çıxıb. Neçə ilin Feyzbuk dostuyuq. Bircə dəfə də olsun üzünü görməmişəm, amma dogma dayım qədər xətrini istəyirəm. Kaş ki, mən o yaşa çatanadək dayım qocalmasın, azarlamasın, o şən səsinə qəm düşməsin...


Desələr ki, yenidən doğulmaq üçün istədiyin era, dövr, tarix və ölkəni seç...

Elə həmin eranın həmin tarixində, eyni ocaqda doğulacağamsa, yenidən doğulmağa razıyam. Yoxsa Səməd Vurğunun, Bəxtiyar Vahabzadənin, Əbülfəz Elçibəyin müasiri olmaq şansını itirmək istəmirəm...

Dünyasını dəyişmiş insanlardan biriylə görüşmək şansın var. Özün seç...

İnsafsız, heç olmazsa üç nəfərlə görüşmək şansı verəydin... Anamla!

Nəyə təssüflənirsən?

Heç nəyə... Hətta ailə həyatı quranda atamın məsləhətinə qulaq asdığıma da sevinirəm... Valideynə olan hörmət, məhəbbət sevgimə, eşqimə də qalib gəlib...

Ən çox nədən qorxursan?

Öləndən sonra unudulmaqdan, xatırlanmamaqdan...

Özündə nəyisə dəyişdirmək qüdrətin olsaydı, nəyi dəyişərdin?

Heç nəyi dəyişməzdim. Övladlarımın mənə olan münasibəti, sevgisi hər bir istəyimdən üstündür, nəyisə dəyişsəm, bu sevgi də dəyişər.

Həyatda başlıca məqsəd və hədəfin nədir?

Övladlarımın gələcəyi. Ancaq onlar...

Ən başlıca xasiyyətini, üstün cəhətini bilirsənmi və bu hansıdır?

Mübahisə etməyi heç sevmirəm. Bir də dosta dəyərindən artıq dəyər verirəm deyəsən...

Adam öldürə bilərsənmi?

Yox bir, dəvə!.. Heç vaxt!

Hansı günahı bağışlamazsan?

Dostun dosta xəyanətini.

Allahla görüşəndə ona ilk nə deyəcəksən?

Bircə bunu soruşacam, – Niyə haqq-ədaləti şər-böhtana qurban verirsən? Niyə haqqı, ədaləti əlçatmaz edirsən ki, onu arzulamalı oluruq?.. Axı arzulamağın necə bir əzab olduğunu özün hamıdan yaxşı bilirsən...

Məni nə boyda çox istəyirsən?

Sən Qubadlını istədiyin boyda...


Şeirləri

* * *
Mən çöldən boylandım, sən içəridən
Kəsdi aramızı zalım pəncərə.
Soyuq bir şüşəni bilmirəm nədən
Sındıra bilmədik biz bircə kərə.

Şüşələr tərlədi nəfəsimizdən
Belə yaxın ikən aralı düşdük.
Eşqimiz əlini üzmədi bizdən ,
Elə aramızda şüşə görüşdük...

Sonra zaman keçdi, sonra gec oldu,
Şüşələr sınmadı, divar əyildi....
Sonra nələr oldu, sonra necoldu,
Sonra... Adımıza "nakam" deyildi...


* * *
Atam oğlu! Babalardan miras qalmış adətləri itiririk,
Bəyənməyib babamızın heybəsini, xurcununu
Onun-bunun çantasını götürürük.
Niyə bizə yad olubdu uzun geyən,
Dəbdəbələr arxasınca sürünməyən,
Heç dabanı görünməyən halal - hümmət öz nənəmiz?
Niyə bizə gülünc gəlir min-min illik adətimiz-ənənəmiz?
Solub gedir baxçamızda Gülsənəmlər – Gülbaxçalar
Dadlandırıb ağızları altı təzək, üstü bəzək yad qızları....
Atam oğlu! Laxladırıq dədəmizin qapısını
Boynumuza dolayandan Avropanın çatısını.
Məgər bizim öz çatımız çürükləyib?
Məgər babam öz atını başqasının kəndiriylə hörükləyib?
Atam oğlu! Heç atası bilinməyən yada da bax, özünə də...
Çata bilməz, tay da gəlməz heç tozuna - izinə də!
Əqidəndə, amalında, düşüncəndə, kamalında
Sən ondan da qüdrətlisən,
Sən ondan da qeyrətlisən,
Sən ondan da qiymətlisən !..
Elə düşün, elə daşın, ay qardaşım
Yer qalmasın təhriklərə, öyrətməyə
Elə et ki, elə et ki,
Baban səni yaraşdırsın öz yanında dəfn etməyə!

Söhbətləşdi: Rəşid Bərgüşadlı
MANERA.AZ


Baxış sayı - 2 514 | Yüklənmə tarixi: 27.09.2018 13:42
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031