manera.az
manera.az

Küçə, gecə və başqaları - Rauf Qaraişıqın şeirləri

📅 09.09.2018 22:10

Küçə, gecə və başqaları - Rauf Qaraişıqın şeirləri
Manera.az Rauf Qaraişıqın şeirlərini təqdim edir:

SƏNİN ÜÇÜN

Sənin üçün çox darıxırdım...
Görüşdük...!
Karıxdım!
Duruxdum!
Sonra üz-üzə durduq
dinməzcə,
Sonra
İkimiz də doluxsunduq-
Yaman
dəyişmişik,
Yaman
qocalmışıq,
Ay
Vətən!..

BİLMƏDİM

Qulağım dolusu
Səsinə qulaq asa bilmədim!
Gözüm dolusu
Nurlu üzünə baxa bilmədim!
Ürəyim dolusu
Sevə bilmədim səni!!!
...Vaxtım yoxuydu.
İndi vaxtım var,
Ama ,sən yoxsan,
Ata!!!



***
Düz ol !!!
Qorxma !..
Düz olsan,
deyirlər düzdə qalarsan?!
Qorxma.
mən də oralardayam.
Yaxındayam...
Uzağı...
gedərik bizdə qalarsan!



***
Üç tərəfim-Siz,
Qarşımda-Dəniz!
Üç tərəfim-Azərbaycan,
Qarşımda-Dəniz!
Üzməyi də
öyrənmədim vaxtında....

BİR SÖZ

Allah,
bir söz dedim
bağışla məni.
səhv dedim,
düz dedim
bağışla məni.
söz - Sənin sözündü
mən dedim ama...
Halal et mənə...



***
Şaiq Vəliyə

Şeir kimi
Dua kimi
adamıydı…
Keçən səfər
Getdim gördüm
Yoxdu!..
Kimsə oxuyub
Allaha
Onu...



***
Gəl, sənə kəmər hörüm, qız,
damarlarımdan!
Masmavi kəmər.

Gəl, sənə gözmuncuğu verim, qız,
bəbəklərimdən!
Bapbalaca muncuq.

Gəl,sənə daraq verim, qız,
barmaqlarımdan…
Ancaq
bir az
ehmal ol, sən Allah,
Baş barmağım zədəlidi…
Oxqay…
Saçların nə istiymiş, qız!
1988

KÜÇƏ, GECƏ VƏ BAŞQALARI

Ay küçə,
Bu gecə
Bir qərib keçəcək səndən.
Diksinib eləmə –
ayaqları yalındı.

Ay gecə,
Bu küçəynən,
Böyründəki küçüynən.
Bir qərib keçəcək səndən.
Çağırıb eləmə –
«Qabırğası qalındı».

Ay gecə!
Ay küçə!
Ay küçük!
Bu gün sizdən
Bir qərib keçəcək.
Qəbrinə sarı gedəcək.
Yalvarıb eləməyin –
Zalım oğlu, zalımdı
1985

AVTOBİOQRAFİK PEYSAJ

Ağlar səsini eşitdiyim
uşaqların hamısı
mənim uşaqlarımdı.
Heçhara
aparıb çıxarmayan yollar
mənim yollarımdı.
Ağacların sınıq-salxaq budaqları
mənim qollarımdı.
O ağacdələni görürsən, bala
hə, bax o da mənəm.
Necə gəldi-əyri, ya düz
Qabıqların altını eşib
dimdik-dimdik,
çimdik-çimdik
Dərd axtarıram yeyəm.
1988

DARIXIRAM, ANA.

Darıxıram, anam,
Darıxıram.
Darıxdığımdan az qala
Məktub yazam sənə
Qonşu otaqdan mətbəxə.
Darıxıram, anam.
Başına dönüm, döndərim.
Otuz ildə bircə şeyi
Kamil bildim-
Darıxmağı.
Darıxıram, ana…
1982

SARI AĞIZ YARPAQLAR

Payız gələr
Qanı qara qovaqlar
Sarıağız yarpaqları qovarlar.
Sarıağız «cucə»lər
Qanadlanıb uçarlar.
Uçarlar bədənləri
uçuna-uçuna,
qonarlar torpağa
barmaqlarının ucunda.
Yumrulana-yumrulana
Gedərlər yeriməyə sarı-
-qurumağa sarı gedərlər
sarıağız yarpaqlar.
1987


***
O gün
Qoca gördüm -
Dünyada hər şeyi
hər kəsdən çox bilən
Dərin və sakit üzü vardı,
Üzü dənizə durmuşdu...

Dəniz gördüm -
Dünyada heç nəyi
heç kimi vecinə almayan
Dərin və sakit üzü vardı,
Üzüqoyulu uzanmışdı
üzü qocaya...

Çoxbilmiş qoca və
Tənbəl dəniz .
Qoca və Dəniz.

- Hem əmi , Hem əmi ,
Havadan hərb iyi gəlir
Axır vaxtlar.
Sənin çox sevdiyin
Rakı ,
bir də
Barıt iyi ,
Yani !..

Sərçələrin nəğməsi

O sərçələr, o dükçələr bizik-bizik
O qarğalar, o qırğılar kimdilər?

Alabaşlar, qarabaşlar bizik-bizik
O pələnglər, pəzəvənglər kimdilər?

O söyüdlər-
çox söydülər, çox döydülər- bizik-bizik
O palıdlar, şabalıdlar kimdilər?

O xırdaca çay daşları -
qırxılıbdı üzü-gözü,başları-
bizik-bizik
O qəmbərlər, canıbərklər kimdilər?

O çolaqlar, o yoluqlar,
O fərələr, o toyuqlar bizik-bizik
Ay pipiyi qan xoruzlar,
Gözləri mərcan xoruzlar-
Quqqulular kimdilər?

Rəppə- dərəmp bizik-bizik
Düppə - dərəmp kimdilər?

Rəppə- dərəmp dərəmp dərəmp
Düppə dərəmp dəppədəmp?!!

Tural Adışirinin təqdimatında


Baxış sayı - 2 048 | Yüklənmə tarixi: 09.09.2018 22:10
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031