manera.az
manera.az

O mənim ürəyimdə, mən təkliyin əllərində - Şeirlər

📅 09.12.2017 17:24

O mənim ürəyimdə, mən təkliyin əllərində - Şeirlər
Manera.az gənc şair Elşad can Şamilin şeirlərini təqdim edir:

Ağlıma gəlməz ki…

Ağlıma gəlməzki səndən inciyim
Səndən inciyənin ağlı kəm olar
Səninlə soyuyub, soyuqlasam da
Səninlə bərkiyib can möhkəm olar

Ağlıma gəlməz ki mənnən küsəsən
Sən axı canımın içisən içi...
Canımın içisən bax, çölə çıxma
Çöldə bilmirəm ki,nəçisən nəçi?

Ağlıma gəlməz ki sən ağlayasan
Ağladan hər nəsə, qəminə dəyməz
Gözünün yaşına can fəda olsun
Dəyməz gözlərinin nəminə dəyməz

Ağlıma gəlməz ki qurban olduğum
Darıxmaqlarının səbəbi mənəm
Çox gec anladım, yuxunu qaçırdan
Baş beynini pozan əsəbi mənəm

Ağlıma gəlməzki məni sevəndən...
Qoymursan yanıma bir qız da qona
Gözünü qıyırsan səndən itəndə
Qıymırsan adıma bir toz da qona...

Axtaracaqsan

Vaxt gələr peşman geri dönəcəksən
Səhv etdim səhv deyib yalvaracaqsan
Hər şey yerli-yerində gorəcəksən
Ancaq, öz yerini tapmayacaqsan,
Axtaracaqsan çox axtaracaqsan...

İllər qovar səni üzü yoxuşa
Könülsüz, istəksiz gediləcəksən
Üzülüb, ağlayıb tam əldən düşüb,
Çırpınıb, qıvrılıb, didiləcəksən
Gecələr həsrətdən yatmayacaqsan
Axtaracaqsan çox axtaracaqsan

Yalnızlıq nisgili çökər üzünə
Əsəbə çevrilər xoş bənizin də
Fırtına baş verər, limanlarında
Tək tənha qalarsan boş dənizində
Sahilə tamarzı, çatmayacaqsan
Axtaracaqsan çox axtaracaqsan

Ovqatın təlx olar, hal pərçimlənər
Hər gün bir az ölüb, doğulacaqsan
Nəfəsin daralar, bərk düyümlənər
Bir qaşıq suda da boğulacaqsan
Boğulacaqsan gəl, batmayacaqsan
Axtaracaqsan hey axtaracaqsan

Mənə yaz...

Mənə yazmısan ki darıxmışam çox
Oxuyub özüm də darıxdım bir az
Ağlıma arada yaman gəlirsən
Sən canı darıxdın gözləmə ta yaz

Yaz ki susqunluğun dili açılsın
Söhbət et həsrəti bitirməyindən
Bir gələn yerin var o da ağlımdır
Qorxuram ağlımı itirməyimdən

Götür yaz gözünün parıltısından
Baxışın önümə işıq saçarmı?
Gözünü yumarkən yolu itirsəm
Səhv etsəm gözündən bu yan qaçarmı?

Yaz bilim ürəynin dərinliyini
Ora düşən adam çıxa bilərmi?
O dərin enişdə havam çatarmı
Təzyiq ürəyimi sıxa bilərmi?

Yaz ki,içimdəki nisgil ərisin
Hər sözün hər sətrin gün şüasıdır
Sən yazan hərflər məbəd naxışı
Səsin tanrılara qul duasıdır

Yaz axşamın xeyir səhər olsa da
Mən inan gecədən səndə qalmışam
Yolun bizə düşsə gətir məni də
Gör saat neçədən səndə qamışam

Mənə yazmısan ki darıxmışam çox
Oxuyub özüm də darıxdım bir az
Ağlıma arada yaman gəlirsən
Sən canı darıxdın gözləmə ta yaz

Bu nə oyundur ki…

Bu nə oyundur ki, rəqibim sənsən
Mən deyə bilmərəm sənə sözümü
Bizi qarşı-qarşı yaman saldılar
Ya sən məni vur, ya mən özümü

Bu nə oyundur ki, sən hisslərimi
Aldadıb, doladın barmaqlarına
Təmizdən də təmiz saf hisslərimi
Sən yaxıb buladın barmaqlarına

Mənimlə bir oyna mənim havamda
Canıma can ol, əlimi sıxıb gəl
Gördün ki, atdılar oyundan məni
Yubanma dalımca, sən də çıxıb gəl

Gəlmədin, üşüdüm sənnən kənarda
Isti ürəyini bumbuz elədin
Mən yanırdım sənə, od püskürüdüm...
Sənə toxunduqca sən “cızzz” elədin

Hirsimdən əlimi qaldırdım sənə
Qolum sınaydı kaş, bunu etməzdim
Çoxdakı söylədim “cəhənnəmə qal” !!!
Səni cəhənnəmdə qoyub getməzdim...

Üzünə açılan kobud tumarı
Edə bilsəydim sığallıq edərdim
Bağışla səninlə oynamadım mən...
Səni uduzsam cığallıq edərdim

Bu nə oyundur ki, rəqibim sənsən
Mən deyə bilmərəm sənə sözümü
Bizi qarşı-qarşı yaman saldılar
Ya sən məni vur, ya mən özümü

Özün də xəyala qarış...

Baxma mənim keçmişimə, keçmişimdə qaranlıq var
Gələcəkdən bir az danış...Danış ürəyim rahatlansın...
Söz et bizim sevgimizdən, evimizdən, özümüzdən
Yaşananlarla sən barış...Barış ürəyim rahatlansın...

Sual dolu nəzərlərlə baxma mənim gözlərimə
Məni anlamağa çalış...Çalış ürəyim rahatlansın...
Bilirəm ki, çox çətindir məni belə qəbul etmək
Mənim bu halıma alış...Alış ürəyim rahatlansın...

Gözlərimi sənə açdım, sürüşürdün bəbəyimdən
Əl at baxışımdan yapış...Yapış ürəyim rahatlansın
Düşün yeni arzular, özünə mənli xəyal yarat
Özün də xəyala qarış...Qarış ürəyim rahatlansın...

O deyirdi...

Getdikcə məni çox sevəcəyini deyirdi...
o üzdən də getdi...
yəqin getməkdir sevgi...

Mənsiz yaşamayacağını,
öləcəyini deyirdi...
yaşamayaraq öldü...
ölü doğuldu...
O yox...sevgim

Hər gün yuxularına gəldiyimi deyirdi
axı hardan biləydi...
getməyə başqa yerimin olmadığını...

Həmişə yanımda olduğunu deyirdi
Ancaq, Ona baxanda
Onu görmürdüm...
bilmədim hara baxım
Onu görmək üçün...

Darıxma “o”nsuz da,
biz birlikdə olacayıq deyirdi...
ancaq nəinki biz birlikdə
Heç ikilikdə də biz olmadıq
Mən və o oldu...
Sən də olmadı...

Həyat yolunu birgə gedək deyirdi
həyat yolunu yox
iki tin küçəni
yanaşı, ancaq məsafələrdə getdik
O mənim ürəyimdə,
mən təkliyin əllərində...

Sən “mənim yarım”san deyirdi
Yarım olmadı…
Yarısı oldum
Qurşaqdan aşağı…
Ürəyi ola bilmədim

Sevgimiz davam edir deyirdi...
ama biz davam edə bilmirdik...
söz də tapmırdıq danışmağa
Bütün sözlər tükəndiyində,
insan insanı anlamağa başlarmış...

O artıq sözlərini mənə gözləri ilə deyirdi...
Mən də Ona səsimi eşitdirməyim üçün
Bir az da susdum
O daha çox susaraq
Üstümə qışqırırdı...

Darıxanda gecələr göy üzünə,
aya bax deyərdi...
Ay isə nəzərlərdən gizlənərdi
buludlar arxasında...
Sübhə qədər səmaya baxardım
ayı görmək üçün.
Onun isə səması hamilə idi,
səhərə günəşini doğmaq üçün…

Sən yoxsan

Bəlkə axtarırsan yenə də məni
Bəlkə də yadınnan çıxmışam çoxdan
Heç deyil o zaman görürdüm səni
Min dəfə yaxşıydı indiki yoxdan...

Sən yoxsan buralar sanki məzarlıq,
Sənsiz həyatıma çökübdür sükut
Dünyam zülmətləşib, hər yer qaranlıq...
Sənsiz donur əllər, titrəyir vücud...

Sən yoxsan, məhəbbət çiçəyi solub
Qəlbimə qış gəlib yağışlar yağır.
Görənlər soruşur sənə nə olub?
Bilmirlər dərd yüküm dağlardan ağır.

Sən yoxsan güllərim çəmənsiz qalıb
Yetim tək yalnızdı, boynu bükükdü..
Göylərin üzünü buludlar alıb..
Sənsiz bu yerlərə duman çökübdü

Sən yoxsan, duyğular ah çəkir göyə
Sənsiz qalsam da yenə “sən” deyirəm
“Sən”sizlik sözündə sən varsan deyə
Sənsizliklə belə səni sevirəm...!

Sən yoxsan halıma ağlar gecələr
Qalmışam həsrətin yaxasında mən
Artıq düşünmürəm bir gün düzələr
Qalmışam vüsalın arxasında mən...

Sən yoxsan naxışım nəqqaşsız qalıb
Sən yoxsan zərgərim zərin itirib
Sənsizlik səninlə xəyala dalıb
Xəyalına məni sənsiz gətirib..

Sən yoxsan, yoxluğun söyləyir - varam…
Ayrılıq qorxusu alıb üstümü
Sənsizlik yandırır, göynəyir yaram.
Yoxluğun od vurub boğur tüstümü...

sən yoxsan duyğular səninlə itdi
sən yoxsan hiss etmir, hislərim məni
yaxşı nə vardısa səninlə getdi…
sən yoxsan sevindi pislərim mənim...


Baxış sayı - 5 481 | Yüklənmə tarixi: 09.12.2017 17:24
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031