Heydər Əliyevin Azərbaycan mətbuatının inkişafındakı rolundan danışılıb
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu 15 İyun Milli Qurtuluş Günü münasibəti ilə bölgələrdə “Heydər Əliyev və Azərbaycan mətbuatı” mövzusunda silsilə mühazirələr təşkil edib.
Fondun təşkilatçılığı ilə növbəti tədbir Şəki Dövlət Regional Kollecində baş tutub.
Tədbirdə kollecin direktoru Sərdar Şərifov, müəlim və tələbə kollektivi iştirak edib. Kolleclə tanışlıqdan sonra Fondun lektoru, yazıçı-jurnalist Şəhla Aslan tədbir iştirakçılarını salamlayıb, ulu öndərin mətbuatla bağlı fəaliyyətindən söhbət açıb. Ş.Aslan Bilik Fondunun həyata keçirdiyi işlərdən, maarifləndirici tədbirlərdən bəhs edərək, sonra ulu öndər Heydər Əliyevin Azərbaycanın mətbuat tarixindəki haqda mühazirə oxuyub.
Qeyd olunub ki, ölkəmizdə bütün sahələrdə olduğu kimi mətbuat sahəsinin inkişafında da Ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Ulu öndər hakimiyyətdə olduğu müddətdə Azərbaycanda mətbuatın inkişafına, bu sahədə maddi-texniki bazanın möhkəmləndirilməsi və jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət göstərib. Ulu Öndərin ölçüyəgəlməz səyləri nəticəsində Azərbaycanda mətbuat orqanlarının azad fəaliyyəti və inkişafı yolunda süni maneələrin aradan qaldırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, KİV-in maddi-texniki təchizatının yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlər həyata keçirilib.
Tədbir müzakirə formasında davam edib, suallar cavablandırılıb.